20.1. Peşə təhsili əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edir.
20.2. Peşə təhsili mülkiyyət formasından asılı olmayaraq peşə təhsili müəssisələrində və təhsil fəaliyyəti üçün lisenziyası olan ayrı-ayrı təşkilatların, müəssisələrin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və digər müvafiq qurumların təhsil strukturlarında həyata keçirilir.
20.2-1. Peşə təhsilinin səviyyələri aşağıdakılardır:
20.2-1.1. ilk peşə təhsili;
20.2-1.2. texniki peşə təhsili;
20.2-1.3. yüksək texniki peşə təhsili.
20.2-2. İlk peşə təhsilini bitirən məzunlara ilk, texniki peşə təhsilini bitirən məzunlara texniki, yüksək texniki peşə təhsilini bitirən məzunlara isə subbakalavr peşə-ixtisas dərəcəsi verilir.
20.2-3. Yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur.
20.3. Peşə təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.
20.3-1. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
20.3-2. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.
20.4. Peşə təhsili müəssisələrinə ümumi orta təhsil bazasında qəbul olunanlar “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq hüququna malikdirlər.
20.5. Azərbaycan Respublikasında peşə təhsilinin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.