Qanunvericilik › Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. Təhsil müəssisəsinin idarə olunması

Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

30.1. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir.

30.2. Dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Elmi və pedaqoji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir.

30.3. Bələdiyyə və özəl təhsil müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

30.5. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Göstərilən təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.

30.6. Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi, elmi-metodiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar, qəyyumlar şuraları və s.) yaradıla bilər. Bu qurumların yaradılması qaydaları və səlahiyyətləri təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

30.7. Təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir.

30.8. Dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir.

30.9. Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver