Qanunvericilik › Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 37

Maddə 37. Təhsil sistemində mülkiyyət münasibətləri

Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

37.1. Təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.

37.2. Təhsil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıq, təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, maddi-texniki baza və digər əmlakla təmin edilir.

37.3. Təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.

37.4. Dövlət təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.

37.5. Təhsil müəssisəsi göstərdiyi xidmətlər (təhsil, elmi tədqiqat, məsləhət-konsaltinq, müalicə-profilaktik və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə bilər.

37.6. Dövlət mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna olunmaqla) özəlləşdirilməsi qadağandır.

37.7. Dövlət təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

37.8. Dövlət təhsil müəssisəsinin istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə tənzimlənir.

37.9. Təhsil müəssisəsinin müflis elan edilməsi müvafiq qanunvericiliyə uyğun həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver