“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.20-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 25 noyabr 2010-cu il
1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən hazırlanmışdır və təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə şamil edilir və təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.
2.1. Məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsilalanlar yaşadıqları ərazi poliklinikası tərəfindən pulsuz tibbi xidmətlə təmin edilirlər.
2.2. Peşə, orta ixtisas, ali təhsil müəssisələrində təhsil alan və həmin təhsil müəssisəsinin yerləşdiyi yerdə daimi yaşayan təhsilalanlara onların yaşadıqları ərazi poliklinikaları tərəfindən pulsuz tibbi xidmət göstərilir.
2.3. Təhsilalanların olduğu yer peşə, orta ixtisas, ali təhsil müəssisələrinin yerləşdiyi yerdən kənarda olduqda, onlara həmin təhsil müəssisələrinin aid edildiyi ərazi poliklinikaları tərəfindən tibbi xidmət göstərilir.
2.4. Təhsil müəssisəsində tibbi xidmət müəssisəsi varsa, bu halda burada təhsilalanlar həmin tibb müəssisəsi tərəfindən tibbi xidmətlə pulsuz təmin edilirlər.
2.5. Təhsilalanlara zəruri hallarda onlara xidmət göstərən poliklinikalar tərəfindən verilmiş göndəriş əsasında stasionar tipli müəssisələrdə pulsuz tibbi xidmət göstərilir.
1. 19 dekabr 2018-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2739)