“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2235 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:
1. “Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələblər” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Aparatının Elm və ali təhsil siyasəti şöbəsinə (T.Süleyman), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (Ü.Səttarova) tapşırılsın ki, bu Qərardan irəli gələn vəzifələrin icrasını təmin etsinlər.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə və qurumlarına göndərilməsini təmin etsin.
5. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.
1.1. Bu Tələblər “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.37-2-ci maddəsinə əsasən hazırlanmışdır və təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğuna dair tələbləri müəyyən edir.
1.2. Təhsil proqramlarının (ixtisasların) uyğunluğu təhsilin müvafiq pilləsində (səviyyəsində) toplanılan kreditlərin təhsilin növbəti pilləsində (səviyyəsində) tanınması və ya təhsilin bir pilləsi (səviyyəsi) üzrə əldə olunan təlim nəticələrinin təhsilin növbəti pillədə (səviyyədə) inkişaf etdirilməsi (dərinləşdirilməsi) yolu ilə təmin edilir.
1.3. Bu Tələblər tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin yüksək texniki peşə təhsili verən peşə təhsili müəssisələrinə şamil edilir.
2.1. Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğu “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-2-ci, 21.5-ci və 26.4-cü maddələrinə uyğun olaraq aşağıdakı hallarda tələb olunur:
2.1.1. peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsini və ya orta ixtisas təhsili pilləsini bitirməklə ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə keçid (bundan sonra –peşə təhsili və ya orta ixtisas təhsili pilləsindən ali təhsil pilləsinin bakalavriat səviyyəsinə keçid);
2.1.2. ali təhsil pilləsinin bakalavriat səviyyəsini bitirməklə magistratura səviyyəsinə keçid (bundan sonra – magistratura səviyyəsinə keçid);
2.1.3. ali təhsil pilləsinin əsas (baza ali) tibb təhsili səviyyəsini bitirməklə rezidentura səviyyəsinə keçid (bundan sonra – rezidentura səviyyəsinə keçid);
2.1.4. ali təhsil pilləsinin magistratura (rezidentura) səviyyəsini bitirməklə fəlsəfə doktoru proqramı üzrə doktorantura (adyuktura) səviyyəsinə keçid (bundan sonra – doktorantura səviyyəsinə keçid).
2.2. Peşə təhsili və ya orta ixtisas təhsili pilləsindən ali təhsil pilləsinin bakalavriat səviyyəsinə keçid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na uyğun olaraq subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə qəbulu vasitəsilə həyata keçirilir.
2.3. Magistratura səviyyəsinə keçid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”na uyğun olaraq bakalavr ali peşə-ixtisas dərəcəsi almış şəxslərin magistratura səviyyəsinə qəbulu vasitəsilə həyata keçirilir.
2.4. Rezidentura səviyyəsinə keçid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”na uyğun olaraq həkim ali peşə-ixtisas dərəcəsi almış şəxslərin rezidentura səviyyəsinə qəbulu vasitəsilə həyata keçirilir.
2.5. Doktorantura səviyyəsinə keçid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq magistr ali elmi-ixtisas (həkim-mütəxəssis ali peşə-ixtisas) dərəcəsini almış şəxslərin fəlsəfə doktoru proqramı üzrə doktorantura (adyuktura) səviyyəsinə qəbulu vasitəsilə həyata keçirilir.
3.1. Peşə təhsili və ya orta ixtisas təhsili pilləsindən ali təhsil pilləsinin bakalavriat səviyyəsinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla müəyyən olunur. Bu zaman təhsil proqramlarının aid olduğu sahələr, təhsil proqramları və fənlər üzrə təlim nəticələri, təhsil proqramlarında tədrisi nəzərdə tutulan fənlər və onlara ayrılan kreditlər əsas götürülür.
3.2. Magistratura səviyyəsinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən olunur. Bu zaman təhsil proqramlarının aid olduğu sahələr, təhsil proqramları və fənlər üzrə təlim nəticələri, təhsil proqramlarında tədrisi nəzərdə tutulan fənlər və onlara ayrılan kreditlər, eləcə də ixtisaslaşmaların xüsusiyyətləri nəzərə alınır.
3.3. Rezidentura səviyyəsinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla müəyyən olunur. Bu zaman təhsil proqramlarının aid olduğu sahələr, təhsil proqramları və fənlər üzrə təlim nəticələri, təhsil proqramlarında tədrisi nəzərdə tutulan fənlər və onlara ayrılan kreditlər, eləcə də ixtisas və ixtisaslaşmaların xüsusiyyətləri nəzərə alınır.
3.4. Doktorantura səviyyəsinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğu ali təhsil müəssisəsində yaradılmış qəbul komissiyası tərəfindən müəyyən olunur. Bu zaman vətəndaşın ali təhsilin bakalavriat və magistratura (rezidentura) səviyyələrində təhsil aldığı ixtisasların və bu ixtisaslar üzrə təlim nəticələrinin doktorantura səviyyəsinin müvafiq ixtisasının xüsusiyyətlərinə uyğunluğu və dissertasiya üzrə tədqiqat sahəsi nəzərə alınır.
3.5. Bu Tələblərin 2.1.1-2.1.3-cü yarımbəndlərində nəzərdə tutulan hallarda təhsil proqramlarının (ixtisasların) uyğunluğu müvafiq pilləyə (səviyyəyə) qəbul olunmaq üçün ixtisas seçimi başlayanadək müəyyən olunur və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həmin Mərkəzin rəsmi internet saytında dərc olunur. Mövcud uyğunluq sənədlərinə maraqlı tərəflərin (təhsil müəssisələrinin, işəgötürənlərin, vətəndaşların və s.) müraciətləri əsasında ixtisas seçimi başlayanadək dəyişikliklər edilə bilər.
3.6. Bu Tələblərin 2.1.4-cü yarımbəndində nəzərdə tutulan halda təhsil proqramlarının (ixtisasların) uyğunluğu sənəd qəbulu zamanı fərdi şəkildə müəyyən olunur və elan edilir.
1. 17 sentyabr 2025-ci il tarixli KQ-07 nömrəli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202509170007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 sentyabr 2025-ci il)