Terrorçuluğa qarşı mübarizə aparan şəxslər dövlətin müdafiəsi altındadırlar. Hüquqi və sosial müdafiə tədbirləri aşağıdakı şəxslər barəsində tətbiq edilir:
1) müvafiq icra hakimiyyəti orqanının terrorçuluğa qarşı mübarizədə bilavasitə iştirak edən əməkdaşları;
2) dövlət orqanlarına daimi və ya müvəqqəti əsaslarla terror fəaliyyətinin qarşısının alınmasında, aşkar edilməsində və bu fəaliyyət nəticəsində dəyə biləcək ziyanın minimuma endirilməsində kömək edən şəxslər;
3) bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş şəxslər xidmət vəzifələrinin yerinə yetirərkən onların yaxın qohumlarının sağlamlığına və ya əmlakına ziyan dəydiyi hallarda, həmin şəxslərin yaxın qohumları.
Terrorçuluğa qarşı mübarizə aparan şəxslərin sağlamlığına və əmlakına dəyən ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.
Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı həlak olduqda (vəfat etdikdə) onun ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına orta aylıq əmək haqqı məbləğinin yüz misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.
Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı xidmətini davam etdirilməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, ona dövlət büdcəsinin vəsaiti hesabına orta əmək haqqı məbləğinin doxsan misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.
Bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulan birdəfəlik müavinət “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.