“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.23-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 11 sentyabr 2014-cü il
1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektləri.
2. Sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 kvadratmetr, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektləri.
3. Mövcud tikinti obyektləri və (və ya) onların hissələri (həmin obyektlər və hissələrdə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklər edilməsini nəzərdə tutan tikinti layihələri əsasında tikinti-quraşdırma işləri aparıldıqda.
4. Ekspertizadan keçirilmiş, təkrar istifadə olunan və ya birtipli layihələr əsasında, həmin layihələrdə nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər) uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin 0 (sıfır) səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə, onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir göstərməyən, dəyişikliklər edilmiş tikinti layihələri əsasında inşa olunan obyektlər.
5. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb olunmayan tikinti obyektləri.
6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci və 80.1-ci maddələrinə uyğun olaraq məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri.
1. 28 yanvar 2016-cı il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 fevral 2016-cı il, № 26; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 363)
2. 21 may 2018-ci il tarixli 230 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2018-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1137)
3. 2 aprel 2024-cü il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 6 aprel 2024-cü il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 440)