Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanının 2-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 22 mart 2001-ci il № 67
1.1. Bu Qaydalar “Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununa, “Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanına əsasən hazırlanmışdır və təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizlik ekspertizasının (bundan sonra - ekspertiza) keçirilmə intizamına və ekspertizanın nəticəsi əsasında rəyin tərtib və təsdiq olunmasına dair tələbləri müəyyən edir.
1.2. Ekspertiza “Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə müvafiq olaraq aşağıdakılara şamil edilir:
təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğvinə dair layihə sənədlərinə;
təhlükə potensiallı obyektdə istifadə olunan avadanlıq və texniki qurğulara;
təhlükə potensiallı obyektdəki bina və tikililərə;
texniki təhlükəsizlik bəyannaməsi və təhlükə potensiallı obyektin istismarı ilə bağlı olan digər sənədlərə.
II. Ekspertİzanın keçİrİlməsİ
2.1. Ekspertizanın keçirilmə prosesi bütünlüklə sənədləşdirilməlidir.
2.2. Ekspertizanın keçirilmə prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
a) ekspertizanın keçirilməsi şərtlərini müəyyənləşdirən sifariş, plan-qrafik, müqavilə və yaxud başqa sənədlərin hazırlanması;
b) ekspertiza prosesi;
c) ekspertiza rəyinin verilməsi.
2. 3. Ekspertizanın keçirilməsi şərtlərini müəyyənləşdirən sifariş və yaxud başqa sənədlər
2.3.1. Ekspertiza sifarişçinin sifarişi və yaxud başqa sənədlər əsasında, sifarişçi ilə ekspert təşkilatı arasında razılaşdırılmış şərtlərə uyğun olaraq keçirilir.
2.3.2. Ekspertizanın keçirilməsi üçün sənədlər ilkin danışıqlar aparılandan sonra tərtib edilir.
a) müqavilə bağlayan tərəflər müəyyən edilir;
b) ekspertiza obyektləri müəyyən edilir;
c) qüvvədə olan normativ-texniki sənədlərə müvafiq olaraq obyektin ekspertizasını keçirmək üçün zəruri olan məlumatların siyahısı verilir;
ç) ekspertizanın nəticələrindən asılı olmayaraq, sifarişçinin ekspertiza keçirilməsi üçün zəruri olan tələblərə əməl etməyə, o cümlədən ekspertizanın keçirilməsi prosesi ilə bağlı xərcləri ödəməyə razı olması təsdiq edilir (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla);
d) ekspertizanın keçirilməsi müddətləri müəyyən edilir.
2.3.4. Ekspertizanın keçirilməsi müddəti ekspertiza obyektinin mürəkkəbliyindən asılı olaraq müəyyən edilir, lakin bu müddət qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə müvafiq olaraq, lazımi materiallar və sənədlərin tam dəst halında alındığı andan etibarən üç aydan çox olmamalıdır.
2.3.5. Ekspert təşkilatı, yalnız qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə müvafiq olaraq lazımi materialları və sənədləri tam dəst halında aldıqdan sonra ekspertiza keçirməyə başlayır.
2. 4. Ekspertiza prosesi
Ekspertiza prosesinə daxildir:
a) obyektin ekspertizasını keçirmək üçün zəruri materialların və sənədlərin seçilməsi;
b) ekspertlərin təyin edilməsi;
c) ekspertizanın keçirilməsi.
2.4.1. Ekspertizanın keçirilməsi üçün zəruri olan materiallar və sənədlər
Ekspertizanın keçirilməsi üçün sifarişçi aşağıdakı məlumatları təqdim etməlidir:
a) sifarişçi və ekspertiza obyekti haqda məlumatlar;
b) təhlükəli istehsal obyektinin layihə, konstruktor, istismar və təmir sənədləri, təhlükə potensiallı obyektin texniki təhlükəsizlik bəyannaməsi, texniki qurğuların pasportları, təlimatlar, texnoloji reqlamentlər, identifikasiya üçün zəruri şifrlərə və yaxud başqa işarələrə (indikasiyaya) malik olan digər sənədlər (ekspertiza obyektindən asılı olaraq);
c) sınaq aktları, sertifikatlar (o cümlədən lazımi hallarda dəstləşdirmə məmulatları üçün), möhkəmliyin müəyyən edilməsi ilə bağlı hesablamalar (lazımi hallarda);
ç) avadanlığın nümunələri (lazımi hallarda).
2.4.2. Təqdim edilmiş materiallar və sənədlər müəyyən edilmiş tələblərə uyğun olmadıqda ekspert təşkilatı qüvvədə olan normativ-texniki sənədlərə müvafiq olaraq, materialların və sənədlərin tam həcmdə təqdim edilmə müddətləri barədə sifarişçiyə bildiriş göndərir. Ekspert təşkilatı müvafiq bildirişi materialları aldığı gündən etibarən ən geci 7 gün müddətində göndərməlidir.
Tələb edilən materiallar və sənədlər sifarişçi ilə ekspert təşkilatı arasında razılaşdırılmış müddətdə təqdim edilmədikdə ekspertiza keçirilmir, materiallar və sənədlər isə sifarişçiyə qaytarılır.
2.5. Ekspertlərin təyin edilməsi
Ekspertlər rəsmən təyin edilməli, onların səlahiyyətləri ekspert təşkilatı tərəfindən müəyyən edilmiş qaydada təyin olunmalıdır.
2.5.1. Ekspertiza keçirmək üçün bir nəfər, zəruri hallarda isə bir qrup ixtisaslı ekspert təyin edilir.
2.5.2. Ekspertiza bir qrup ekspert tərəfindən keçirilən halda ekspertlər qrupunun işinin nəticələrinə görə cavabdeh olan aparıcı ekspert təyin edilir.
2. 6. Ekspertizanın keçirilməsi
Ekspertizanın keçirilməsi ekspertiza üçün təqdim edilmiş məlumatın tam, etibarlı və düzgün, eləcə də texniki təhlükəsizlik standartlarına, normalarına və qaydalarına uyğun olmasını müəyyən etməkdən ibarətdir.
2.6.1. Ayrı-ayrı hallarda ekspert təşkilatları öz qüvvələrilə sifarişçi ilə razılaşdırılmış metodika və proqramlara əsasən sınaqlar keçirə bilər.
2.6.2. Zəruri hallarda ekspert təşkilatı ekspertizanı bilavasitə ekspertiza olunan obyektdə keçirə bilər.
2. 7. Bilavasitə obyektdə aparılan ekspertiza
2.7.1. Bilavasitə obyektdə aparılan ekspertiza zamanı ekspertlər obyektdə işlərin normal gedişini müşahidə edir, eləcə də kompleks yoxlamalar həyata keçirərək aşağıdakıları aydınlaşdırırlar:
a) əməkdaşların və rəhbərlərin səriştəliliyini;
b) binaların, cihaz avadanlıqlarının yararlığını, eləcə də sınaq vasitələrinə və cihazlara qulluq baxımından onların vəziyyətini;
c) markalama və identifikasiya sisteminin etibarlı olmasını;
ç) müvafiq normativ-texniki və metodiki sənədlərin, qaydaların, təlimatların mövcud olmasını və onlara əməl edilməsini;
d) hesabat sənədlərinin məzmununa və onların tərtib edilməsinə aid tələblərə riayət olunmasını.
2.7.2. Ekspertlər qrupunun tələbi ilə aparılan təhlilin bütün nəticələri, sənədlər, hesablamalar, protokollar və hesabatlar yazılı şəkildə onun sərəncamına verilir.
2. 8. Obyektdə aparılan ekspertizanın yekun hissəsi
Ekspertlərdən hər biri ekspertizanın ona aid olan hissəsində işlərin vəziyyətini qiymətləndirərək bu barədə arayış verir. Aparıcı ekspert bu nəticələri ümumiləşdirərək, onların sifarişçi ilə birgə müzakirə edilməsini təklif edir. Yekun hissədə ekspertizanı başa çatdırmaq üçün zəruri olan tədbirlər və həmin tədbirləri həyata keçirmək üçün təqvim planı sifarişçi ilə razılaşdırılır. Adı çəkilən tədbirlər formulyarda (Bu Qaydalara əlavədə göstərilən forma üzrə) sənədləşdirildikdən sonra sifarişçinin nümayəndəsinin və ekspertlərin imzaları ilə təsdiq edilir. Yalnız həmin tədbirlər həyata keçiriləndən sonra ekspertiza başa çatır.
Tədbirlər ekspertiza prosesində müəyyənləşdirilir və ekspertiza prosesinin başa çatdırılması üçün sifarişçi təyin edilmiş tələblərin müəyyən olunmuş müddət ərzində yerinə yetirilməsinə borcludur.
Yerinə yetirilməli olan şərtlər aparıcı ekspert tərəfindən rəydə ifadə olunur və ekspertiza rəyini təsdiq edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tamamlanır, təsdiq edilir, məhdudlaşdırılır və ya ləğv edilir. Bu şərtlərin yerinə yetirilməsinin yoxlanması ekspert təşkilatı tərəfindən həyata keçirilir.
2. 9. Ekspertiza rəyinin verilməsi
2.9.1. Ekspertiza rəyinin layihəsinin hazırlanması.
Ekspertlər tərəfindən aparılan işlərin nəticələri ekspert qrupunun hər bir üzvünün hesabatı şəklində sənədləşdirilir. Qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində ekspertlərin hesabatlarını öz arxivində mühafizə edir və həmin müddətdən sonra məhv edir.
Ekspert qrupunun aparıcı eksperti bütün hesabatları ümumiləşdirərək ekspertiza rəyinin layihəsini hazırlayır.
Ekspertiza rəyinin layihəsi ekspertizanın müsbət və yaxud mənfi rəyinin verilməsi barədə məsləhətləşmələr və müvafiq qərar qəbul edilməsi üçün əsasdır.
Ekspertiza rəyinin layihəsinin surəti sifarişçiyə göndərilir. Ekspertiza rəyinin layihəsi barədə iddialar sifarişçi tərəfindən yazılı şəkildə, layihəni aldığı gündən ən geci 14 gün müddətində ekspert təşkilatına göndərilir.
2.9.2. Müsbət və yaxud mənfi ekspertiza rəyi verilməsi barədə qərar ekspertiza zamanı əldə edilmiş sənədlərə baxılması və təhlil olunması, obyektin vəziyyətinin yoxlanılması və lazımi sınaqlar keçirilməsi əsasında qəbul edilir.
2.9.3. Ekspertizanın rəyi müsbət olduqda bu rəyin qüvvəsinin müəyyən şərtlərlə və yaxud şərtsiz şamil edildiyi obyektlər rəydə sadalanır.
2.9.4. İstismarda olan ekspertiza obyekti barədə rəy mənfi olduqda, ekspert təşkilatı bu barədə təhlükə potensiallı obyektin gələcək istismarı üzrə operativ tədbirlərin görülməsi üçün dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verir.
2.9.5. Ekspertiza rəyinin mənfi hesab edilməsi barədə qərar qəbul edildikdə sifarişçiyə aşağıdakılar barədə əsaslandırılmış rəy təqdim edilməlidir:
təqdim edilmiş materialların ekspert təşkilatının yekun hesabatında göstərilən irad və təkliflərə əsasən tamamlanmasının zəruriliyi;
ekspertiza obyektində texniki təhlükəsizlik tələblərinə riayət olunması təmin olunmadığından ekspertiza obyektinin istismara verilməsinin qeyri-mümkünlüyü.
2.9.6. Mənfi ekspertiza rəyi verilməsi barədə qərar qəbul edildikdə sifarişçi ekspertizanın gedişində aşkar edilmiş iradları nəzərə almaqla, təqdim edilmiş materialları yenidən işlədikdən sonra həmin materialları təkrar ekspertizaya təqdim edə bilər. Belə halda ekspertiza bu Qaydaların 2.2.- 2.9.-cu bəndlərində şərh edilmiş müddəalara müvafiq keçirilməlidir.
2.10. Sifarişçi ekspertiza rəyi ilə əlaqədar müəyyən olunmuş qaydada müzakirə aça bilər.
2.11. Müxtəlif obyektlərin texniki təhlükəsizlik ekspertizası zamanı nəzərə alınmalı olan tələblər, texniki təhlükəsizlik sahəsində dövlət tənzimlənməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən bu Qaydalar nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
2.12. Ekspertizanın rəyi Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada nəzərdən keçirilir və təsdiq edilir.
III. Ekspertİza rəyİnİn tərtİb edİlməsİnə daİr tələblər
3.1. Ekspertiza rəyində aşağıdakılar əks etdirilməlidir:
a) ekspertiza rəyinin adı;
b) ekspertizanın keçirilməsi üçün əsasdan, ekspert təşkilatı haqqında məlumatlardan, ekspertlər haqqında məlumatlardan ibarət olan giriş hissəsi;
c) ekspertiza rəyinin qüvvəsinin şamil edildiyi ekspertiza obyektlərinin siyahısı;
ç) sifarişçi haqqında məlumatlar;
d) ekspertizanın məqsədi;
e) identifikasiya üçün zəruri olan şifrəsi, nömrəsi, markası və yaxud başqa işarələri (indikasiyası) olan materialların həcmi göstərilməklə (ekspertiza obyektindən asılı olaraq) ekspertiza prosesində nəzərdən keçirilmiş sənədlər (layihə, konstruktor və istismar sənədləri, texniki təhlükəsizliyə dair bəyannamə), avadanlıq və s. haqqında məlumatlar;
ə) ekspertiza obyektinin qısa xarakteristikası və onun təyinatı;
f) keçirilmiş ekspertizanın nəticələri;
g) əsaslandırılmış nəticələrdən, eləcə də texniki həllər və kompensasiya tədbirlərinin keçirilməsinə dair tövsiyələrdən ibarət olan yekun hissə;
ğ) ekspertiza zamanı istifadə edilmiş normativ-texniki və metodiki sənədlərin, eləcə də sınaq aktlarının (sınaqlar ekspert təşkilatının qüvvələri ilə keçirildiyi halda) siyahısından ibarət əlavə.
3.2. Ekspertiza rəyi ekspert təşkilatının rəhbəri tərəfindən imzalanır və ekspert təşkilatının möhürü ilə təsdiq edilir, tikilir və tikilmiş səhifələrin sayı göstərilməklə sifarişçiyə verilir.
3.3. Sifarişçi ekspertiza rəyinə baxılması və müəyyən olunmuş qaydada təsdiq edilməsi üçün onu Fövqəladə Hallar Nazirliyinə verir.
IV. Ekspert təşkİlatları tərəfİndən görülən İşlərİn uçotunun aparılması qaydası
4.1. Uçot texniki təhlükəsizlik ekspertizasına aid rəsmi informasiyanı toplamaq və təhlil etmək məqsədilə aparılır.
4.2. Uçot məlumatları aidiyyəti üzrə müvafiq orqanlara, hüquqi və fiziki şəxslərə müəyyən olunmuş qaydada informasiya verilməsi üçün istifadə edilir.
4.3. Uçotun aparılması aşağıdakı əməliyyatların icra edilməsini nəzərdə tutur:
a) daxil olmuş materialların tamlığı və müəyyən edilmiş tələblərə müvafiq olmasını;
b) uçot barədə yazıların və uçot nömrələrinin verilməsini;
c) uçota təqdim edilmiş sənədlərin arxiv fondunun aparılmasını;
ç) uçot materiallarının dərc edilməsi üçün hazırlanmasını.
4.4. Fövqəladə Hallar Nazirliyi ekspertiza sisteminin normativ texniki sənədlərini və uçot formalarını müəyyən edir.
Bu Qaydaların pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Sifarişçi (hüquqi və ya fiziki şəxs): Ekspert təşkilatı: Ekspertiza prosesi üçün Razılaşdırılmış tədbirlər
Sifarişçinin nümayəndəsi öz imzası ilə təsdiq edir ki, razılaşdırılmış tədbirlər həyata keçiriləcək və aparılmış dəyişikliklər barədə ekspert təşkilatına yazılı bildiriş göndəriləcəkdir.
_______________________________ Tərtib edildiyi yer və tarix
Ekspert təşkilatı: ___________________ Sifarişçi_______________________
1. 07 noyabr 2002-cı il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-cı il, № 11, maddə 675)
2. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)
3. 16 yanvar 2015-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 61)
4. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)