1. Təhlükə potensiallı obyektlərə dövlət nəzarəti həmin obyektlərin istismarının texniki təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur və həyata keçirilir. Sahibkarlara münasibətdə təhlükə potensiallı obyektlərə dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
2. Dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı aşağıdakı səlahiyyətlərə malikdir;
təhlükə potensiallı obyektlərə sərbəst daxil olmaq;
təhlükə potensiallı obyektlərin istismarı ilə bağlı sənədlərlə tanış olmaq;
təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərə müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq şərtlərinin yerinə yetirilməsini yoxlamaq;
təhlükə potensiallı obyektlərdə baş verən qəzaların texniki təhqiqatının aparılmasının düzgünlüyünü, habelə bu təhqiqatlar nəticəsində görülmüş tədbirlərin kifayətləndirici olub-olmamasını araşdırmaq;
yoxlama nəticəsində aşkar olunmuş pozuntuları aradan qaldırmaq üçün hüquqi və fiziki şəxslərə yazılı sərəncam vermək;
texniki təhlükəsizlik sahəsində, o cümlədən obyektdə bina və tikintilərin, təhlükə potensiallı obyektdə tətbiq olunan texniki qurğuların texniki təhlükəsizlik ekspertizasının həyata keçirilməsinin zərurəti barədə öz səlahiyyətləri çərçivəsində göstərişlər vermək;
texniki təhlükəsizlik tələblərinin pozulmasında təqsirkar olan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada inzibati məsuliyyətə cəlb etmək, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri üçün toplanmış materialları hüquq-mühafizə orqanlarına göndərmək;
təhlükə potensiallı obyektlərin mütəxəssislərinin və vəzifəli şəxslərinin ixtisaslarının təkmilləşdirilməsini tələb etmək;
hüquqi və fiziki şəxsə verilmiş xüsusi razılıq fəaliyyətinin məhdudlaşdırılması yaxud dayandırılması, habelə texniki təhlükəsizlik tələbləri kobud şəkildə pozulduqda xüsusi razılığın fəaliyyətinə xitam verilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
başqa şəxslərin həyatına, sağlamlığına, əmlakına dəyən zərərin ödənilməsi barədə məhkəmədə iddia ilə çıxış etmək;
bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından irəli gələn səlahiyyətləri yerinə yetirmək.