Qanunvericilik › Texniki tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Texniki tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. texniki tənzimləmə – mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələblərin müəyyən olunması, qəbulu və tətbiqi, habelə uyğunluğun qiymətləndirilməsi ilə əlaqədar münasibətlərin hüquqi tənzimlənməsi;

1.1.2. texniki reqlament – mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki-normativ hüquqi akt;

1.1.3. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyi – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına ziyan vurması hallarının olmaması;

1.1.4. əsas tələblər – mallar, onlarla əlaqəli proseslər və istehsal metodları ilə bağlı insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş məcburi tələblər;

1.1.5. uyğunluğun qiymətləndirilməsi – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentin tələblərinə uyğunluğunun müəyyən edilməsi prosesi;

1.1.6. uyğunluğun qiymətləndirilməsi prosedurları – texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin yerinə yetirildiyini müəyyən etmək üçün istifadə olunan müvafiq prosedurlar;

1.1.7. uyğunluq bəyannaməsi – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi, elektron formada tərtib edilən müəyyən formalı sənəd;

1.1.8. uyğunluq sertifikatı – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən, elektron formada tərtib edilən müəyyən formalı sənəd;

1.1.9. uyğunluq nişanı – malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentdə müəyyən edilmiş tələblərə uyğunluğunu göstərən nişan;

1.1.10. uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) – uyğunluğun qiymətləndirilməsi üçün nəzərdə tutulan prosedurlar və onların ardıcıllığı;

1.1.11. risk – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurması ehtimalı;

1.1.12. sertifikatlaşdırma – uyğunluğu qiymətləndirən qurum tərəfindən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun elektron formada təsdiqi;

1.1.13. təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent);

1.1.14. mal – müəyyən kəmiyyət, keyfiyyət və istehlak xüsusiyyətlərinə malik, müxtəlif məqsədlər üçün istifadəsi nəzərdə tutulan, istehsal və ya emal fəaliyyətinin maddi formada təqdim edilən nəticəsi;

1.1.15. mal ilə əlaqəli proses – malların istehsalı, qablaşdırılması, etiketləşdirilməsi, daşınması, saxlanılması, istismarı, satışı, məhv edilməsi və utilizasiyası ilə bağlı olan proseslər;

1.1.16. istehsal metodu – malın yaradılması ilə bağlı emal və ya istehsal fəaliyyəti zamanı tətbiq edilən üsul və texniki həllər.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver