1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.1.1. xidmətlər zərfi – icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin, habelə dərman vasitələrindən ambulator və ya stasionar şəraitdə istifadənin təmin edilməsi üçün dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin məcmusu;
1.1.4. sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində bu Qanunla müəyyən olunmuş qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
1.1.5. sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini etmək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs, icbari tibbi sığortaya münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.1.6. sığortalı – bu Qanunda nəzərdə tutulmuş hallarda öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən şəxs, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.1.7. sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslər;
1.1.8. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, habelə şərti kompensasiya məbləğinə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsinə və ya aptek təşkilatına ödənilən maliyyə vəsaiti;
1.1.9. sığorta limiti – icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfində nəzərdə tutulduğu hallarda sığortaolunana təqvim ili müddəti ərzində göstərilən tibbi xidmətlərin say həddi;
1.1.10. sığorta hadisəsi – bu Qanuna əsasən sığorta ödənişinin ödənilməsi üçün əsas olan hadisə və ya yaranan hal (o cümlədən profilaktik tədbirlər);
1.1.13. tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə – icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb müəssisəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanan müqavilə;
1.1.13-1. ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə – sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılması məqsədilə aptek təşkilatı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanılan müqavilə;
1.1.13-2. dərman vasitələrinin pozitiv siyahısı (bundan sonra – pozitiv siyahı) – xidmətlər zərfində nəzərdə tutulmuş dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) üzrə ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin məcmusu;
1.1.14. tibbi ərazi bölməsi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılması;
1.1.15. müştərək maliyyələşmə məbləği – sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir;
1.1.16. tibb müəssisəsi – dövlət və ya qeyri-dövlət səhiyyə sisteminə daxil olan və tibb fəaliyyətini həyata keçirən hüquqi şəxs;
1.1.17. şərti kompensasiya məbləği – pozitiv siyahıya daxil olan dərman vasitələrinə görə sığorta ödənişinin həyata keçirilməsi üçün bu Qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilən məbləğ;
1.1.18. icbari tibbi sığorta fondu – dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.