13.1. Könüllü tibbi sığorta üzrə sığortaçının hüquqları aşağıdakılardır:
13.1.1. könüllü tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək;
13.1.2. tibb müəssisəsi tərəfindən müqavilənin şərtlərinin pozulduğu hallarda tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək;
13.1.3. tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;
13.1.4. zərərin sığortaolunan tərəfindən vurulduğu hallar istisna olmaqla, sığortaolunanın sağlamlığına vurulmuş zərər üçün cavabdeh olan fiziki və ya hüquqi şəxslərdən sığortaolunana tibbi yardım göstərilməsinə sərf olunmuş xərclərin ödənilməsini tələb etmək.
13.2. Könüllü tibbi sığorta üzrə sığortaçının vəzifələri aşağıdakılardır:
13.2.1. sığortaolunanlara könüllü tibbi sığorta müqaviləsinə uyğun tibbi yardım göstərilməsi üçün tibb müəssisəsi ilə müqavilələr bağlamaq;
13.2.2. könüllü tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığortaolunana könüllü tibbi sığorta şəhadətnaməsini vermək;
13.2.3. tibb müəssisəsinə tibbi xidmətin haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək;
13.2.4. könüllü tibbi sığorta müqaviləsində nəzərdə tutulduğu halda, sığorta haqlarının bir hissəsini sığortaolunana qaytarmaq;
13.2.5. müqavilənin şərtlərinə uyğun olaraq tibbi yardımın həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək;
13.2.6. sığortaolunanın mənafelərini müdafiə etmək.