Qanunvericilik › Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Könüllü tibbi sığorta üzrə sığortaolunanların hüquqları

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Könüllü tibbi sığorta üzrə sığortaolunanların hüquqları aşağıdakılardır:

7.1.1. könüllü tibbi sığorta şəhadətnaməsini aldıqları andan bu Qanunla və könüllü tibbi sığorta müqaviləsində müəyyən olunmuş hüquqları həyata keçirmək;

7.1.2. könüllü tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibb müəssisəsindən hər hansı birini və həkimi seçmək;

7.1.3. könüllü tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək;

7.1.4. könüllü tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb müəssisəsindən sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat almaq;

7.1.5. sığortalıya, sığortaçıya, tibb müəssisəsinə qarşı, könüllü tibbi sığorta müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, məhkəmədə iddia qaldırmaq;

7.1.6. könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edildiyi halda, istifadə edilməyən sığorta haqqının bir hissəsini geri almaq.

7.2. Sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini Azərbaycan Respublikasının Mərkəzi Bankı, sığortaçılar, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir.

7.3. Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının könüllü tibbi sığortası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver