QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 248

Maddə 248. Gəmilərin toqquşmasının baş verməsində təqsir

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

248.1. Gəmilərin toqquşması gəmilərdən birinin təqsiri nəticəsində baş verdikdə, zərəri toqquşmanın baş verməsində təqsiri olan tərəf çəkir.

248.2. Gəmilərin toqquşması iki və ya artıq gəminin təqsiri nəticəsində baş verdikdə, zərərə görə hər bir gəminin məsuliyyəti onun təqsirinin dərəcəsinə müvafiq olaraq müəyyənləşdirilir. Toqquşmanın baş verdiyi şəraitdən hər bir gəminin təqsir dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda, zərərə görə məsuliyyət onların arasında bərabər bölüşdürülür.

248.3. Toqquşmada təqsiri olan gəmilərin sahibləri insanların ölümü və ya sağlamlıqlarının pozulması nəticəsində vurulan zərərə görə üçüncü şəxslər qarşısında birgə məsuliyyət daşıyırlar. Bu Məcəllənin 248.2-ci maddəsinə müvafiq olaraq ödəməli olduğu məbləğdən artıq məbləğ ödəmiş gəmi sahibinin digər gəmi sahiblərinə reqress hüququ vardır.

248.4. Gəmilərin toqquşması dəniz bələdçisinin təqsiri nəticəsində baş verdiyi halda da bu Məcəllənin 248.2-ci maddələrində müəyyən edilmiş məsuliyyət yaranır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver