Bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir.
Bələdiyyənin ehtiyat fondunun bazar obyektinə aid olan torpaqları barədə alqı-satqı əqdləri yerli normativlər nəzərə alınmaqla və aşkarlıq şəraitində bağlanılır.
Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir:
bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə;
yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə;
müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;
müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına.
Fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələrinə dair müqavilə bağlanılır.
Bələdiyyələr, satışa çıxarılan sərbəst torpaq sahələri, bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yer göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatlar dərc edirlər.