10.1. Alan orqan torpağın alınması haqqında təklifin hazırlanması zamanı bu Qanunun tələblərinə əməl edilməsi üçün zəruri olan bütün məlumatları toplamalıdır.
10.2. Məlumat toplanması məqsədi ilə alan orqan təklif edilən alınmanın əhatə etdiyi şəxslər və torpaqla bağlı aşağıdakı məlumatların verilməsi, bu məlumatların toplanması üçün birgə işlənilməsi və (və ya) dəqiqləşdirilməsi barədə müraciət etməlidir:
10.2.1. həmin torpaqda yaşayan alınmanın təsirinə məruz qalan şəxslərin siyahısına dair — müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyəyə;
10.2.2. xüsusi mülkiyyətdə olan torpaqlar üzrə:
10.2.2.1. alınmanın təsirinə məruz qalan şəxslərin mülkiyyət, istifadə, icarə və digər qanuni hüquqlar əsasında sahiblik etdikləri alınması təklif olunan torpaq sahələri və onlar üzərində sahiblik növünə dair — müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.2.2. həmin torpaqda mövcud olan tikililər, habelə inşa edilməsi nəzərdə tutulan bina və obyektlərin qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş layihələri haqqında məlumatlar üzrə — müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.2.3. alınmanın təsirinə məruz qalan şəxslərin mülkiyyət, istifadə, icarə və digər qanuni hüquqlar əsasında sahiblik etdikləri alınması təklif olunan torpaq sahələri və tikililərin ilkin qiymətinə dair — müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.3. bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə:
10.2.3.1. bələdiyyəyə mülkiyyətində olan alınması təklif edilən torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növü üzrə — müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə;
10.2.3.2. bələdiyyə mülkiyyətində olan torpaqlarda yaşayan alınmanın təsirinə məruz qalan şəxslərin ilkin hesablanmış sayı, onların həmin torpaqdan istifadə və müvafiq tikili üzərində sahiblik növü üzrə — müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə;
10.2.3.3. hüquqi şəxslərin istifadəsində olan alınması təklif edilən bələdiyyə mülkiyyətindəki torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növünə dair — müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə;
10.2.3.4. bələdiyyə mülkiyyətində olan alınması təklif olunan torpaq sahələrinin ilkin qiymətləndirilməsinə dair — müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.4. dövlət mülkiyyətində olan torpaqlar üzrə:
10.2.4.1. dövlət orqanlarının istifadəsində olan alınması təklif edilən torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növünə dair — müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.4.2. dövlət mülkiyyətində olan torpaqlarda yaşayan, alınmanın təsirinə məruz qalan şəxslərin ilkin hesablanmış sayı, onların həmin torpaqdan istifadə və müvafiq tikili üzərində sahiblik növünə dair — müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.4.3. hüquqi şəxslərin istifadəsində olan alınması təklif edilən dövlət torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növünə dair — müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.4.4. istifadədə olan alınması təklif edilən torpaq sahələrinin ilkin qiymətləndirilməsinə dair — müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.5. torpağın qeyri-qanuni tutulması halları kimi, alınması təklif olunan torpaqdan hər hansı qanuni hüquq olmadan yaşamaq üçün və ya digər məqsədlərlə faktiki daimi istifadə edən şəxslərin sayının ilkin hesablanmasına dair — müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyəyə;
10.2.6. tələb olunduğu hallarda köçürülmə və yerdəyişmə üçün təqdim edilə biləcək torpaq və həmin torpağın cari istifadə növünə dair — müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.7. bu Qanunun 19.5-ci maddəsində nəzərdə tutulmuş sosial təyinatlı obyektlərə dair — müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);
10.2.8. sorğu edildikdə təklif edilən alınmanın əhatə etdiyi şəxslər və torpaqla bağlı digər məlumatlara dair — dövlət və yerli özünüidarəetmə orqanlarına.
10.3. Bu Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş sorğuları almış icra hakimiyyəti orqanları və bələdiyyələr tələb olunan məlumatların tam həcmdə və həmin sorğuda müəyyən edilmiş müddətlərdə, lakin hər bir halda 60 gündən gec olmayaraq verilməsini təmin etməlidirlər.