19.1. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər.
19.2. Torpağın dövlət ehtiyacları üçün alınması barədə qərara alınan torpağın yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən müvafiq yerquruluşu xəritəsi əlavə olunur.
19.3. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır.
19.4. Müvafiq icra hakimiyyəti orqanı torpağın alınması barədə qərarda torpağın alınması ilə bağlı planın hazırlanması və ya kompensasiyanın ödənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına vəsaitlərin ayrılmasına dair tapşırıqlar verə, habelə alınmanın təsirinə məruz qalacaq şəxslərin mənafeyi nəzərə alınmaqla zəruri hesab etdiyi əlavə şərtlər müəyyən edə bilər.
19.5. Torpağın dövlət ehtiyacları üçün alınması barədə qərarda alınan torpaqda mövcud olan dövlət mülkiyyətində olan sosial təyinatlı obyektlərin (o cümlədən tibb müəssisələri, təhsil müəssisələri, uşaq evləri və bağçalar, kitabxanalar, mədəniyyət evləri, məişət evləri, mədəniyyət, idman və istirahət meydançaları, parklar, əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər), onların yerləşdiyi ərazidə yaşayan və ya həmin ərazidən köçürülən əhalinin tələbatları nəzərə alınmaqla bu cür obyektlərin tikintisinə və ya salınmasına, yaxud həmin obyektlərin yerləşdirilməsi üçün digər müvafiq binaların ayrılmasına dair tədbirlər nəzərdə tutulmalıdır.
19.6. Bu Qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi ilə alınan torpaq üzərində hüquqların bu Qanuna uyğun olaraq dövlətə keçdiyi andan həmin torpağın kateqoriyası dəyişdirilmiş hesab edilir.