23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir:
23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;
23.1.2. alınan torpağın və onunla yanaşı yerləşən torpağın, həmin torpaqlarda olan tikililərin və daşınar əmlakın bərpa qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;
23.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiya ilə bağlı danışıqlarda köməklik göstərir;
23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə qiymətləndirici cəlb edir;
23.1.5. qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir;
23.1.6. zəruri hesab etdiyi hallarda bu Qanunun 75.8-ci maddəsinə uyğun olaraq təqdim edilmiş nəzarət orqanının təklifləri əsasında alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləğində dəyişikliklər edilməsi barədə qərar qəbul edir;
23.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın məbləği barədə qərarını alan orqana göndərir.
23.2. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərin onlara ödəniləcək kompensasiyanın məbləğinə dair, habelə bu məbləğdə dəyişikliklər edilməsi barədə qiymətləndirmə komissiyasının qərarı ilə tanış olması üçün zəruri şərait yaratmalıdır.