32.1. Bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satışına razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırdığı hallarda alan orqan həmin şəxslərin torpaqlarının qiymətləndirilməsini təmin edir.
32.2. Bu fəslə uyğun olaraq torpağın alınmasına dair təklifin verilməsindən əvvəl alan orqan bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq könüllü alqı-satqıya razılıq vermiş alınmanın təsirinə məruz qalan şəxslərin razılığı ilə torpağın keyfiyyətini qiymətləndirmək üçün torpağa daxil ola, ondan nümunə götürə, zərurət olduqda torpağın qanunvericiliyə uyğun olaraq mərzlənməsini təmin edə, habelə torpağın bazar və ya bərpa qiymətinin müəyyən edilməsi üçün zəruri olan digər hərəkətləri edə bilər.
32.3. Bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun VII fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir.
32.4. Alan orqan bu fəslə uyğun olaraq alınan torpağın qiymətinin növünü və məzmununu bilavasitə öz mütəxəssisləri və ya dəvət olunmuş qiymətləndiricinin köməyi ilə müəyyənləşdirir, lakin hər bir halda satıcıya təklif və ya yeni təklif göndərməzdən əvvəl qiymətin növünü və məzmununu nəzarət orqanı ilə razılaşdırır.