41.1. Alan orqan bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş köçürülmə planının və ya köçürülmə təlimatının hazırlanması tələb olunduğu halda həmin planın və ya təlimatın hazırlanmasına başlayır.
41.2. Köçürülmə planı və ya köçürülmə təlimatı alan orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilən müsabiqə yolu ilə dövlət və ya özəl qurumlardan, o cümlədən qeyri-hökumət təşkilatlarından seçilmiş, müvafiq sosial və texniki biliklər və bacarığa malik olan şəxs və ya təşkilat (bundan sonra — planlaşdırıcı) tərəfindən hazırlanır.
41.3. Planlaşdırıcı aşağıdakıları həyata keçirir:
41.3.1. köçürülmə planının hazırlanması üçün seçildiyi gündən üç ay ərzində həmin planı hazırlayır;
41.3.2. köçürülmə təlimatının hazırlanması üçün seçildiyi gündən iki ay ərzində həmin təlimatı hazırlayır.
41.4. Planlaşdırıcı hər köçürülmə ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərin və köçürülmə üçün istifadə edilə biləcək torpaqda məskunlaşmış şəxslərin (sakinlərin) şəraitini, şərtlərini və istəklərini müəyyən etmək üçün alınan torpağın, alınmanın təsirinə məruz qalan şəxslərin və köçürülmə məqsədləri üçün istifadə edilə biləcək hər hansı ərazinin müşahidəsini aparır.
41.5. Planlaşdırıcı alınmanın təsirinə məruz qalan şəxslərlə və köçürülmə üçün istifadə edilə biləcək ərazilərin sakinləri ilə onların şərtlərini və ehtiyaclarını anlamağa yardım edəcək ictimai iclaslar keçirməlidir.
41.6. Bu Qanunun 41.4-cü maddəsində nəzərdə tutulmuş müşahidənin nəticələri ictimai iclaslara dair hesabatla birlikdə baxılmaq üçün köçürülmə komissiyasına təqdim edilir.
41.7. Planlaşdırıcı aparılan müşahidələr, digər müvafiq məlumatlar, alan orqanın rəyləri və ictimai iclaslarda və köçürülmə komissiyası tərəfindən edilmiş qeydlər əsasında köçürülmə planının və ya təlimatının layihəsini hazırlayır.
41.8. Köçürülmə planının və ya təlimatının layihəsi ictimai iclaslarda münasibət bildirilməsi üçün alınmanın təsirinə məruz qalan şəxslərə təqdim olunur.
41.9. Köçürülmə planının və ya təlimatının layihəsi bu Qanunun 41.8-ci maddəsində qeyd edilən ictimai iclasa dair hesabatla birgə baxılmaq üçün köçürülmə komissiyasına təqdim edilir.
41.10. Planlaşdırıcı ictimai iclaslarda, o cümlədən köçürülmə komissiyası tərəfindən edilmiş qeydləri, köçürülmə planında və ya təlimatında dəyişikliklərin edilməsi ilə bağlı təklifləri nəzərə alır və layihəyə müvafiq dəyişikliklər edir.
41.11. Planlaşdırıcı köçürülmə planını və ya təlimatını nəzarət orqanına, habelə alan orqana təqdim edir.
41.12. Alan orqan köçürülmə planının və ya təlimatının icrası ilə bağlı köçürülmə komissiyası ilə mütəmadi iclaslar keçirir.