46.1. Alınan torpaq bu Qanunun 22.3.3-cü maddəsinə əsasən mərzləndikdən sonra alan orqan yeddi gün müddətində sahibliklə bağlı bildirişi aşağıda göstərilənlərə çatdırır:
46.1.1. alınmanın təsirinə məruz qalan şəxslərə, o cümlədən köçürülmə planı və ya təlimatı əsasında köçürülməli olan alınmanın təsirinə məruz qalan bütün şəxslərə;
46.1.2. alınan torpaq və ya onun müəyyən (alınan) hissəsi bələdiyyə mülkiyyətində olduğu halda — müvafiq bələdiyyələrə;
46.1.3. alınan torpaq və ya onun müəyyən (alınan) hissəsi dövlət təşkilatının və ya hüquqi şəxsin istifadəsində olduqda - həmin təşkilata və ya hüquqi şəxsə.
46.2. Alan orqan sahibliklə bağlı bildirişində aşağıdakıları göstərir:
46.2.1. bildirişin göndərildiyi bu Qanunun 46.1-ci maddəsində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxsin adı, soyadı və atasının adı və ünvanı, yaxud müvafiq bələdiyyə, yaxud dövlət təşkilatı və ya hüquqi şəxsin adı və ünvanı;
46.2.2. alınan torpaqla və onunla bağlı hüquqlarla əlaqədar kompensasiya ödəməyə hazır olduğunu;
46.2.3. ödənilə biləcək kompensasiyanın növünü və məbləğini;
46.2.4. köçürülmə planına və ya təlimatına uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxsi köçürməyə hazır olduğunu;
46.2.5. həmin alınmanın təsirinə məruz qalan şəxsin torpaqla bağlı iddia etdiyi hüququn növü ilə bağlı məlumat təqdim olunmasını tələb etdiyini;
46.2.6. torpaqla bağlı sahibliyin əldə edilməsi üçün bildirişdə müəyyən edilmiş tarixdə məhkəməyə müraciət ediləcəyini;
46.2.7. kompensasiya ilə bağlı iddiaların qiymətləndirilməsi və torpaqla bağlı sahibliyin əldə edilməsinə hazırlıq görülməsi üçün bu barədə alınmanın təsirinə məruz qalan şəxsi azı 48 saat əvvəl xəbərdar etməklə torpağa daxil olmaq hüququna malik olduğunu.
46.3. Sahibliklə bağlı bildiriş kompensasiyanın qiymətləndirilməsi (müəyyənləşdirilməsi) ilə bağlı riayət ediləcək prosedurların qısa xülasəsini və təklif edilən kompensasiyanın məbləği ilə razılaşmayanların şikayət vermək vasitələrini əks etdirməlidir.
46.4. Sahibliklə bağlı bildirişin surətləri, kompensasiya almaq hüququna malik olduğunu iddia edən, lakin alan orqandan sahibliklə bağlı bildirişi almayan şəxslər üçün, bu Qanunun 12.4-cü maddəsində rəsmi elanın asılması üçün nəzərdə tutulmuş yerlərdə asılmalıdır.