59.1. Kənd təsərrüfatı təyinatlı torpaqların bərpa qiyməti eyni ərazidə yerləşən və eyni ölçüyə və istehsal potensialına malik torpağın, həmin torpağın alınan torpağın keyfiyyəti ilə eyni olan səviyyəyə çatdırılması ilə bağlı xərclər, köçürülmə və ya yerdəyişmə ilə bağlı xərclər, habelə üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı xərclər əlavə olunmaqla hesablanan qiyməti deməkdir.
59.2. Şəhər və digər yaşayış məntəqələrinin sərhədləri hüdudlarında yerləşən torpağın bərpa qiyməti eyni ölçülü və eyni istifadə üçün nəzərdə tutulmuş, eyni və ya daha üstün ictimai infrastruktur imkanlarına və xidmətlərinə malik olan və eyni ərazidə yerləşən torpağın köçürülmə və ya yerdəyişmə ilə bağlı xərclər, habelə üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı xərclər əlavə olunmaqla hesablanan qiyməti deməkdir.
59.3. Evlər və digər tikililərin bərpa qiyməti onların ölçüsü və keyfiyyəti ilə eyni olan və ya onların ölçüsündən az və keyfiyyətindən aşağı olmayan əvəzedici evin və ya tikilinin əldə edilməsi və ya inşası üçün çəkilən xərclərə, ev və ya tikili qismən zədələndikdə, yaxud evin və ya tikilinin müəyyən hissəsi alındıqda isə onların bərpası üçün tələb olunan tikinti materiallarının bazar qiyməti ilə alınmasına və tikinti sahəsinə daşınmasına çəkilən xərclər, hər hansı işlər və podratçılarla bağlı çəkilən xərclər, habelə hər iki halda layihələndirmə və üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı çəkilən xərclər əlavə olunmaqla hesablanan qiyməti deməkdir.
59.4. Bərpa qiyməti müəyyən edilərkən əmlakın amortizasiyası və istifadə edilməmiş tikinti materiallarının qiyməti nəzərə alınmır, alınan əmlakın qiymətindən alınmanın nəticəsində əldə ediləcək ümumi mənfəətin qiyməti çıxılmır.
59.5. Bu Qanuna əsasən alınan daşınar əşyalar və əmlakla bağlı bərpa qiyməti həmin əşyaların və əmlakın əvəz edilməsinin bazar qiymətindən ibarətdir.
59.6. Bu maddəyə əsasən hər hansı torpaq və ya daşınar əmlakla bağlı bərpa qiyməti müəyyən edilərkən, bu Qanunun 56-cı maddəsinin müddəaları nəzərə alınmalıdır.