11.1. Toxum müfəttişlərinin vəzifələri aşağıdakılardır:
11.1.1. toxum əməliyyatçıları tərəfindən toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək;
11.1.2. toxum əməliyyatçıları tərəfindən toxumçuluq sahəsində həyata keçirilən fəaliyyətin keyfiyyətini yoxlamaq;
11.1.3. toxum əməliyyatçıları tərəfindən toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına dair bildirişlər vermək;
11.1.4. toxumdan (toxum partiyasından) sertifikatlaşdırma məqsədilə götürülmüş nümunələrin toxumçuluq sahəsində normativ hüquqi aktlarla müəyyən edilmiş müddətlərdə saxlanılmasını təmin etmək;
11.1.5. toxumların aidiyyəti üzrə (məqsədli) istifadəsinə (istehlakına) nəzarət etmək;
11.1.6. ölkədə toxumçuluğun vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada informasiya toplanılmasını, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılmasını həyata keçirmək;
11.1.7. toxum bazarının konyukturunu öyrənmək, təhlil etmək və müvafiq təkliflər vermək;
11.1.8. toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən və bu Qanunla nəzərdə tutulmuş sənədləri olmayan toxumların toxumluq əkin məqsədilə satılmasını qadağan etmək;
11.1.9. toxum əməliyyatçılarından patent sahibi ilə müqavilə bağlanmasını tələb etmək;
11.1.10. toxumçuluq haqqında normativ hüquqi aktların pozulmasına görə təqsiri olan şəxslərin normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti üzrə tədbirlər görmək;
11.1.11. bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
11.2. Toxum müfəttişlərinin hüquqları aşağıdakılardır:
11.2.1. toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada toxum əməliyyatçılarına məxsus obyektlərə baxış keçirmək və toxum əməliyyatçılarından məlumat və sənədlər almaq;
11.2.2. sertifikatlaşdırılmış toxumlardan yoxlama məqsədilə nümunələr götürmək;
11.2.3. bu Qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
11.3. Toxum müfəttişləri təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş vəsiqə ilə təmin edilir.