Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr;
məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar;
təhlükəli tullantılar - tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar;
təhlükəsiz tullantılar - ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən tullantılar;
təkrar xammal - texniki və ya texnoloji imkanlar, həmçinin iqtisadi səmərəlilik nəzərə alınmaqla təsərrüfat fəaliyyətində təkrar istifadə oluna bilən tullantılar;
yararsız tullantılar — istifadə olunma xüsusiyyətləri məhdud olan, təkrar istifadəsi iqtisadi baxımdan səmərəli olmayan tullantılar;
tullantıların emalı — onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyət;
tullantıların yerləşdirilməsi — tullantıların saxlanılması və ya basdırılması üzrə həyata keçirilən fəaliyyət;
tullantıların zərərsizləşdirilməsi — ətraf mühitə və insanın sağlamlığına təsirini azaltmaq məqsədilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən yandırılması) və ya basdırılması.
tullantılar - qanunvericiliyin müddəalarına müvafıq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar;
tullantıların idarə olunması - tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə tullantıların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyət;
tullantıların yığılması (toplanması) - tullantıların sonradan istifadə edilməsi, utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədilə icazə verilmiş yerlərdə müvəqqəti yerləşdirilməsi;
tullantıların çeşidlənməsi - tullantıların müəyyən əlamətlərinə (növünə, tərkibinə, xüsusiyyətinə və s.) görə toplanması;
tullantıların daşınması - tullantıların əmələ gəldiyi, yerləşdirildiyi, istifadə və utilizasiya edildiyi, zərərsizləşdirildiyi, basdırıldığı və ya məhv edildiyi yerlər və obyektlər arasında daşınması;
tullantıların utilizasiyası - tullantılardan lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması;
tullantıların basdırılması - sonradan istifadəyə yararlı olmayan tullantılardan ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədilə onların xüsusi ayrılmış yerlərdə müvafiq qaydada təcrid edilməsi;
tullantıların istifadəsi - tullantılardan malların (məhsulların) istehsalında və ya enerji əldə edilməsində istifadə olunması;
tullantıların yerləşdirilmə obyekti - tullantıların yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi təchiz edilmiş qurğu (poliqon, şlam-anbar və başqaları);
tullantıların sərhədlərarası daşınması - ən azı iki dövlətin mənafeyinə toxunmaq şərtilə tullantıların bir dövlətin ərazisindən digər dövlətin ərazisinə və ya ərazidən keçməklə, yaxud hər hansı dövlətin yurisdiksiyası altında olmayan əraziyə və ya ərazidən keçməklə daşınması;
tibbi tullantılar - səhiyyə və baytarlıq obyektlərində və tibbi manipulyasiya zamanı əmələ gələn tullantılar;
təhlükəli tullantıların pasportları - təhlükəli tullantıların müvafiq tullantı növünə və təhlükəlilik dərəcəsinə aidiyyətini təsdiq edən, onların tərkibi barədə məlumat verən sənəd;
tullantıların növü - tullantıların təsnifatı sisteminə uyğun olaraq ümumi əlamətlərə malik olan tullantılar;
tullantıların istehsalçısı - fəaliyyəti nəticəsində təhlükəli və ya digər tullantıların əmələ gəlməsinə səbəb olan istənilən şəxs, yaxud bu şəxs məlum olmadıqda, tullantıların sahibi olan və/və ya onlara nəzarəti həyata keçirən şəxs;
tullantıların sahibi (mülkiyyətçisi) - tullantıların istehsalçısı, yaxud onların sahibi olan fiziki və ya hüquqi şəxs;
texnoloji proses - istehsalat vahidinin işə salınmasının təsdiq edilmiş müddəti ilə texnoloji reqlamentə uyğun fəaliyyəti;
istehsalat tullantılarının əmələ gəldiyi yerlər - onların əmələ gəldiyi texnoloji proses, yaxud istehsal sahələri (müəssisələr);
tullantıların identifikasiyası - pasport məlumatları və ya yoxlama sınaqları əsasında konkret təhlükəli tullantıların hansı tullantı növünə və xüsusiyyətinə aidiyyətinin müəyyən edilməsi proseduru;
az tullantılı texnologiya - ənənəvi üsullarla müqayisədə məhsulun alınması nəticəsində tullantıların nisbətən az həcmdə əmələ gəlməsinə imkan verən istehsalat prosesi.