Tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir.
Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları] razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır.
Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır.
Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir.
Müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və yerli icra hakimiyyəti orqanları] ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır.
Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar.
Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (qida və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrı-ayrılıqda toplanmalıdır.