Xammal, material, yarımfabrikat, digər əşya və ya məmulatların, habelə malların (məhsulların) istifadəsi nəticəsində əmələ gəlmiş tullantılar üzərində mülkiyyət hüququ onları əmələ gətirən mənbələrin mülkiyyətçisinə məxsusdur. Tullantılar üzərində mülkiyyət hüququ tullantıların özgəninkiləşdirilməsi haqqında alğı-satqı, mübadilə, bağışlama müqaviləsi və ya digər sövdələşmə əsasında başqa şəxsə verilə bilər.
Mülkiyyətçi tullantılardan təkrar xammal kimi istifadə edilməsini və onların təkrar emal üçün digər müəssisələrə göndərilməsini təmin etməli, istehsal prosesində və xidmət sahələrində əmələ gələn, təkrar xammal kimi istifadə olunan, təkrar emal üçün digər müəssisələrə göndərilən, ləğv edilməsi məqsədilə müvəqqəti saxlanılan və ləğv edilməyə göndərilən tullantıların uçotunu aparır və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat təqdim edir.
Təhlükəli tullantıların ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi dövlət ekoloji ekspertizasının müsbət rəyi və nəzarəti altında həyata keçirilir.
Təhlükəli tullantıların mülkiyyətçisi təhlükəli tullantıları başqa şəxsin mülkiyyətinə keçirə, əgər həmin şəxsin təhlükəli tullantıların idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirməyə hüququ varsa, mülkiyyətçi kimi qalaraq təhlükəli tullantılara sahiblik, istifadə və ya sərəncam hüququnu ona verə bilər.
Tullantıların üzərində mülkiyyət hüququndan imtina etmək məqsədilə onların mülkiyyətçi tərəfindən atıldığı, yaxud hər hansı başqa yolla saxlanıldığı təqdirdə mülkiyyətində, sərəncamında və ya istifadəsində atılmış tullantıların yerləşdiyi torpaq sahəsi, sututarı və ya başqa bir obyektin olduğu şəxs onların istifadəsinə başlamaqla və ya mülki qanunvericiliyə uyğun olaraq onların şəxsi mülkiyyətə çevrilməsini təsdiq edən digər hərəkətləri etməklə onları öz mülkiyyətinə çevirə bilər.
II fəsil
Tullantıların İdarə olunmasına daİr tələblər