Qanunvericilik › Turizm haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Turoperator və turagentlər

Turizm haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməlidirlər. Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası və istehlakçılara dəymiş zərərin kompensasiya edilməsi şərtləri və qaydaları mütləq əks olunmalıdır. Müqavilənin digər şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və müqavilədəki bütün qeyri-müəyyənliklər istehlakçıların xeyrinə şərh edilir.

8.2. Turoperator və turagentlər bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlamalıdırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir.

8.3. Turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin dəyərini ödəyən istehlakçılara turizm yollayışı təqdim etməlidirlər. Turizm yollayışı turizm zərfinin və ya turizm xidmətinin satışına dair müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.

8.4. Turist göndərən turoperatorla və ya turagentlə turist qəbul edən turoperator və ya tura daxil olan konkret xidmətləri təklif edən şəxslər arasında qarşılıqlı ödəmələr turizm vauçeri əsasında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver