Qanunvericilik › “Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələblər”in təsdiq edilməsi haqqında (Dövlət Turizm Agentliyi, 22.08.2022) › Tam mətn

“Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələblər”in təsdiq edilməsi haqqında (Dövlət Turizm Agentliyi, 22.08.2022)

“Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələblər”in təsdiq edilməsi haqqında (Dövlət Turizm Agentliyi, 22.08.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Turizm haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2022-ci il tarixli 1601 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Prezidentinin 21 sentyabr 2018-ci il tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”nin 3.0.30-2 və 5.9.1-ci yarımbəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Kollegiyası

1. “Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələblər” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Kollegiyasının 2022-ci il 22 avqust tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Bu Tələblər “Turizm haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2022-ci il tarixli 1601 nömrəli Fərmanının 2.1-ci bəndinin icrası məqsədi ilə hazırlanmışdır və “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, turoperator və turagentlər tərəfindən sığortaçı ilə bağlanan mülki məsuliyyətin sığortası müqaviləsi üzrə sığorta məbləğinə dair minimum tələbləri müəyyən edir.

2. Sığorta məbləği turoperator və turagentlərin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyekti olmasından asılı olaraq, aşağıda göstərilən miqdardan az olmayaraq müəyyən edilməlidir:

2.1. mikro sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün – 50.000 (əlli min) manat;

2.2. kiçik sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün – 100.000 (yüz min) manat;

2.3. orta sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün – 200.000 (iki yüz min) manat;

2.4. iri sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün – 500.000 (beş yüz min) manat.

3. Bu Tələblərin 2-ci hissəsində müəyyən edilmiş sığorta məbləğləri yalnız “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində nəzərdə tutulmuş müqavilə şərtlərinin pozulmasına görə bağlanılan mülki məsuliyyətin sığortası müqaviləsi üçün nəzərdə tutulur. Həmin sığorta müqaviləsində turoperator və turagent fəaliyyətinin göstərilməsi ilə əlaqədar sahibkarlıq subyektləri ilə bağlanan digər növ mülki-hüquqi müqavilələrdən irəli gələn risklər sığortalandıqda, həmin risklər üzrə sığorta təminatı bu Tələblərin 2-ci hissəsində müəyyən edilmiş sığorta məbləğlərinə daxil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver