Qanunvericilik › “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 18.04.2013) › Tam mətn

“Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 18.04.2013)

“Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 18.04.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 667 nömrəli fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 18 aprel 2013-cü il

1.1. Bu Qaydalar "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 667 nömrəli fərmanının 1.8-ci bəndinə uyğun olaraq hazırlanmışdır və tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması qaydalarını tənzimləyir.

1.2. Tutulmuş və ya həbs edilmiş şəxslərə göstərilən tibbi yardım qanunvericiliyə uyğun olaraq həyata keçirilən tibbi müayinə, müalicə-profilaktika, sanitariya-gigiyena, və epidemiya əleyhinə tədbirləri ehtiva edir.

2.1. Tutulmuş və ya həbs edilmiş şəxs tutulduğu və ya həbs edildiyi andan 24 saat müddətində həbs yerinin tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilir, hər bir qəbul edilən şəxsə tibbi kitabça tərtib olunur. Həbs yerində tibb işçisi olmadıqda, ərazi üzrə dövlət tibb müəssisəsindən tibb işçisi dəvət olunur. Tibb işçisi ixtisasca həkim olmalıdır.

2.2. Törədilmə vaxtından asılı olmayaraq, tibbi kitabçada ilkin müayinə zamanı aşkar edilmiş bədən xəsarətlərinin ətraflı təsviri qeyd edilir.

2.3. Həbs edilmiş şəxslər aşağıdakı müayinələrdən keçirilir və nəticələrinə dair tibbi kitabçada müvafiq qeydiyyat aparılır:

2.3.1. boy, çəki, bədən hərarəti, arterial qan təzyiqi, nəbz, huşu, dəri örtüyü;

2.3.2. zöhrəvi xəstəliklərə, qan qrupuna və İİV-yə (insanın immunçatışmazlığı virusuna) görə laboratoriya müayinəsi;

2.3.3. döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi;

2.3.4. anamnestik məlumatların toplanması və obyektiv müayinə;

2.3.5. diaqnozun müəyyən edilməsi üçün göstərilən müayinələr kifayət etmədikdə, əlavə instrumental və digər müayinələr (EKQ, USM, bəlğəmin bakterioloji müayinəsi, kliniki və biokimyəvi analizlər və s.), həkim-mütəxəssislərin baxışı (ftiziatr, narkoloq, psixiatr, nevropatoloq, ginekoloq və s.).

Qeyd. Tutulmuş şəxslər barəsində bu Qaydaların yalnız 2.3.1-ci və 2.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlər tətbiq olunur.

2.4. Tibbi müayinə zamanı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi güman edilən bədən xəsarətləri aşkar edildikdə, bu barədə həbs yerinin rəhbərinə və müvafiq tibb idarəsinə tibb işçisi tərəfindən dərhal yazılı məlumat verilir.

2.5. Tutulmuş və ya həbs edilmiş şəxs saxlanılan zaman xəstələndikdə və ya bədən xəsarəti aldıqda, dərhal tibb işçiləri tərəfindən onun tibbi müayinəsi həyata keçirilir. Tibbi müayinənin nəticələri qeydə alınır, tutulmuş və ya həbs edilmiş şəxsə, eləcə də müraciət olduqda həmin şəxsin vəkilinə təqdim edilir. Tutulmuş və ya həbs edilmiş şəxsin, yaxud onun müdafiəçisinin vəsatəti ilə, cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında tibbi müayinə həmin şəxsin özünün seçdiyi digər tibb müəssisələrinin mütəxəssisləri tərəfindən də həyata keçirilə bilər. Bu halda tibbi müayinənin xərcləri tutulmuş və ya həbs edilmiş şəxsin öz vəsaiti hesabına ödənilir.

2.6. Tutulmuş və ya həbs edilmiş şəxsdə xroniki somatik xəstəliklərin kəskinləşmə dövründə və ya kəskin yoluxucu xəstəliklər müəyyən edilən, habelə daşınması mümkün olmayan xəstələrin müvəqqəti saxlama yerinə keçirilməsinə həkim rəyinə əsasən məhdudiyyət qoyulur.

2.7. Tutulmuş və ya həbs edilmiş şəxsin tibbi müayinəsi zamanı aşağıdakılara xüsusi diqqət yetirilir:

2.7.1. həkim sirrinin qorunması;

2.7.2. fiziki və psixi xəstəliklərin müəyyən edilməsi və onların müalicəsi üçün zəruri olan tədbirlərin görülməsi;

2.7.3. tutulmuş və ya həbs edilmiş şəxsin zorakılığa məruz qaldığını göstərən əlamətlər olduqda, qeydiyyata alınması və dərhal həbs yerinin rəhbərliyinin nəzərinə çatdırılması;

2.7.4. narkotik vasitələrdən, psixotrop maddələrdən, dərman preparatlarından və ya alkoqoldan müntəzəm istifadə ilə əlaqədar abstinensiya əlamətlərinin müalicəsi;

2.7.5. həbsdə saxlanma ilə əlaqədar yaranmış hər hansı psixi və ya digər stress hallarının müəyyən edilməsi;

2.7.6. yoluxucu xəstəliyə tutulması ehtimal olunan tutulmuş və ya həbs edilmiş şəxsin tibbi rəy əsasında xəstəlik müddətində digər şəxslərdən təcrid edilməsi və müvafiq müalicə alması;

2.7.7. tutulmuş və ya həbs edilmiş şəxsin yalnız İİV-yə (insanın immunçatışmazlığı virusuna) yoluxması səbəbinə görə təcrid olunmamasının təmin edilməsi;

2.7.8. həbs edilmiş şəxsin azad edildikdən sonra cəmiyyətə reinteqrasiyası üçün maneə törədə bilən fiziki və psixi pozuntuların qeydə alınması;

2.7.9 həbs edilmiş şəxsin əməyə və fiziki məşqlərə yararlı olmasının müəyyən edilməsi;

2.7.10. tutulmuş və ya həbs edilmiş şəxsin razılığı ilə, onun azad edilməsindən sonra zəruri tibbi və ya psixiatriya müalicəsinin davam etdirilməsi ilə əlaqədar müvafiq dövlət tibb müəssisələrinə məlumat verilməsi.

2.8. Tibb işçisi tibbi müayinələri digər şəxslərin iştirakı olmadan (təhlükəsizlik tədbirləri istisna olmaqla) aparır.

2.9. Tutulmuş və ya həbs edilmiş şəxs azad edilməzdən və ya digər təcridxanaya, yaxud cəzaçəkmə müəssisəsinə keçirilməzdən əvvəl tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilir və bu barədə tibbi kitabçada qeydiyyat aparılır.

2.10. Müvəqqəti saxlama yerindən istintaq təcridxanasına köçürülən tutulmuş və ya həbs edilmiş şəxsin təcridxanada göstərilməsi mümkün olmayan təcili tibbi yardıma ehtiyacı olduğu halda onun təcridxanaya qəbul olunmasına imtina edilməsi və aidiyyəti yardım göstərilə bilən müvafiq tibb müəssisəsinə göndərilməsi barədə təcridxananın tibb işçisi öz rəyini həbs yerinin rəhbərliyinə bildirir.

2.11. Həbs edilmiş şəxslər istintaq təcridxanalarında tənbeh tədbiri qaydasında cərimə təcridxanasına yerləşdirildikdən dərhal sonra və cərimə təcridxanasında olduğu müddət ərzində hər gün ən azı bir dəfə tibb işçisi tərəfindən yoxlanılmalı və zəruri tibbi yardımla təmin olunmalıdır. Bu barədə şəxsin tibb kitabçasında müvafiq qeydlər aparılır.

2.12. Həbs olunmuş şəxsin səhhəti ilə əlaqədar cərimə təcridxanasında saxlanılması mümkün olmadığı halda, onun cərimə təcridxanasından azad olunması üçün tibb işçisi rəy verir.

2.13. Həbs edilmiş şəxs istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirildikdə və geri qaytarıldıqda tibbi müayinədən keçirilir.

3.1. Xroniki xəstəliyin kəskinləşdiyi hallarda və ya xəstələnmə zamanı tutulmuş və ya həbs edilmiş şəxsə tibb işçiləri tərəfindən ambulator və ya stasionar şəraitdə müvafiq müalicə-profilaktika tədbirləri aparılır.

3.2. Tutulmuş və ya həbs edilmiş şəxsə təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası çağırılır. Tutulmuş və ya həbs edilmiş şəxsə təcili tibbi yardım briqadası tərəfindən göstərilmiş tibbi yardım barədə verilmiş xəbərdarlıq vərəqi tibbi sənədlərə əlavə edilir.

3.3. Tutulmuş və ya həbs edilmiş şəxslərdə özünə və ya ətrafdakılara qarşı təhlükəli davranışla müşahidə olunan psixi pozuntu halları olduqda, onlar tibb işçisinin rəyinə əsasən ən geci 24 saata qədər müddətdə xüsusi saxlanma şəraiti olan palata-kameraya keçirilir. Bu müddətdə aparılan tibbi tədbirlər səmərəli olmadıqda, məhkəmənin qərarına əsasən həmin şəxs psixiatriya yardımı almaq üçün müvafiq ixtisaslaşdırılmış müəssisəyə köçürülür.

3.4. Xroniki xəstəliyin kəskinləşdiyi hallarda və ya xəstə olduğu zamanı tutulmuş və ya həbs edilmiş şəxsin stasionar müalicəsi müvafiq müalicə müəssisələrində həyata keçirilir. Tutulmuş və ya həbs edilmiş şəxsin stasionar müalicə üçün təcili və ya planlı qaydada müalicə müəssisələrinə köçürülməsi tibb işçisinin rəyinə əsasən həbs yerinin müdiriyyəti tərəfindən təmin edilir.

3.5. Tutulmuş və ya həbs edilmiş şəxslərin müalicə müəssisələrində müalicəsi mövcud klinik protokollara uyğun olaraq təşkil edilir. Diaqnozun dəqiqləşdirilməsi üçün zərurət yarandıqda müayinə və müalicə proseslərinə dövlət tibb müəssisələri və onların mütəxəssisləri cəlb olunurlar.

3.6. Tutulmuş və ya həbs edilmiş şəxs ağır xəstəliyə tutulduqda və ya öldükdə bu barədə aidiyyəti tibb idarəsinə, saxlanılan yerin rəhbərliyinə və cinayət prosesini həyata keçirən orqana tibb işçisi tərəfindən yazılı məlumat verilir.

3.7. Tutulmuş və ya həbs edilmiş şəxs ona təklif edilmiş müayinə, müalicə və hər hansı tibbi müdaxilədən imtina etdikdə, tibbi sənədlərdə bu barədə müvafiq qeydlər aparılır. Bununla bağlı səhhətində gözlənilən fəsadlar və ya ağırlaşmalar həmin şəxsə izah edilir və o, bunları anlayaraq imtinasında israrlı olduqda, imtina imzası ilə təsdiq edir. Tutulmuş və ya həbs edilmiş şəxs imtinasını imzası ilə təsdiq etməkdən boyun qaçırdıqda, həbs yerinin əməkdaşlarının iştirakı ilə akt tərtib edilir və onun şəxsi işinə əlavə olunur.

3.8. Tutulmuş və ya həbs edilmiş şəxs müalicəsi üçün ona təyin edilmiş, tibb müəssisəsinin dərman anbarında olan preparatlardan imtina etdikdə, müalicəsi üçün tələb olunan dərman preparatlarını öz vəsaiti hesabına əldə edir və tibb işçisinin icazəsi ilə həmin preparatları qəbul edir.

3.9. Tutulmuş və ya həbs edilmiş şəxs yeməkdən imtina etdikdə, həkim həbs yerinin müdiriyyəti ilə birlikdə onu qəbul edir, imtinanın səbəblərini aydınlaşdırır, konkret şəraitdən asılı olaraq, həbs yerinin müdiriyyəti tərəfindən müəyyən edilmiş vaxtda (tutulmuş və ya həbs edilmiş şəxsin yeməkdən imtina etməsi anından 1 sutkadan çox keçməmək şərtilə) yemək qəbulundan imtina edən şəxsin tibbi müayinəsini keçirir.

3.10. Yemək qəbulundan imtina edən tutulmuş və ya həbs edilmiş şəxs hər gün həkim tərəfindən müayinə edilir, onun psixi və somatik vəziyyəti, o cümlədən fizioloji göstəriciləri qeydə alınır, bu barədə şəxsin tibb kitabçasında və xəstəlik tarixlərində qeydlər aparılır.

3.11. Yemək qəbulundan imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin həyatı üçün təhlükə yarandıqda və o özü haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə, həkimin yazılı rəyinə əsasən və onun iştirakı ilə tutulmuş və ya həbs edilmiş şəxsin səhhətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər, o cümlədən həmin şəxsin ləyaqətini alçaltmamaq şərtilə məcburi qidalandırılması həyata keçirilir.

4.1. Həbs yerlərində aşağıdakı sanitariya-gigiyena qaydalarına riayət edilməlidir:

4.1.1. mövcud normalara cavab verən, mövsümə uyğun miqdarda içməli su təchizatı (hər adama mülayim hava şəraitində - 2,5 litr, isti hava şəraitində - 4,0 litr);

4.1.2. rasionda müxtəlifliyə və pəhrizə riayət edilməklə, gündə üç dəfə qidalanma;

4.1.3. adambaşına dörd kvadratmetrdən (hamilə qadınlar və stasionar xəstələr üçün beş kvadratmetrdən) az olmayan, kifayət qədər təbii və süni işıqlanması olan və havası dəyişdirilən, soyuq fəsillərdə adekvat isidilən yaşayış sahəsi (payız-qış aylarında havanın temperaturu 18°C-dən aşağı olmamalıdır);

4.1.4. fərdi çarpayı və yataq ləvazimatı, gigiyenik qaydalara uyğun yuyulması şərtilə, həftədə bir dəfədən az olmayaraq dəyişdirilən yataq əşyaları, fəslə uyğun üst geyimləri;

4.1.5. gigiyenik təmiz şəxsi ləvazimatlarla təmin edilməsi;

4.1.6. dövri (bir aydan gec olmayaraq) olaraq kameraların sanitar təmizlənməsi (dezinfeksiya, dezinseksiya, deratizasiya);

4.1.7. sanitar-gigiyena normalarına uyğun sanitar qovşaq, isti-soyuq su, hamam (duş), camaşırxana.

5.1. Yoluxucu xəstəliyə tutulması ehtimal olunan tutulmuş və ya həbs edilmiş şəxs tibbi rəy əsasında xəstəlik müddətində digər şəxslərdən təcrid edilir və müvafiq müalicəyə cəlb olunur.

5.2. Yoluxucu xəstəliyə tutulmuş şəxslə epidemioloji təmasda olmuş digər tutulmuş və ya həbs edilmiş şəxslər üzərində tibbi nəzarət həyata keçirilir. Tutulmuş və ya həbs edilmiş şəxs başqa yerə köçürüldükdən dərhal sonra onun saxlandığı kamerada müvafiq dezinfeksiya tədbirləri aparılır.

5.3. Yoluxma mənbəyi ola bilən məişət və digər tullantıların zərərsizləşdirilməsi və ya ərazidən uzaqlaşdırılması təmin edilir, mövcud təlimatlara uyğun kimyəvi və ya digər üsullarla sanitar təmizlənmə (dezinfeksiya, dezinseksiya və deratizasiya) tədbirləri aparılır.

5.4. Epidemiya təhlükəsi yarandıqda, bu barədə müvafiq dövlət qurumları məlumatlandırılır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq qurumları cəlb edilməklə, əks-epidemik tədbirlər həyata keçirilir.

7.1. Tutulmuş və ya həbs edilmiş şəxslərə stasionar tibbi yardım göstərmək üçün müvafiq müalicə müəssisələrində təhlükəsizlik tədbirlərinə riayət edilməklə, stasionar çarpayıları olan kamera-palatalar ayrılır.

7.2. Uzunmüddətli və ya ixtisaslı müalicə tələb olunduğu hallarda tutulmuş və ya həbs olunmuş şəxslər həbs yerinin tibb işçisinin rəyinə əsasən stasionar müalicə üçün təcili və ya planlı qaydada müvafiq müalicə müəssisələrinə köçürülürlər.

7.3. Tibb işçisinin rəyi əsasında həbs yerinin rəhbərliyi stasionar müalicəyə ehtiyacı olan və ya yoluxucu xəstəliyə tutulması ehtimal olunan tutulmuş və ya həbs edilmiş şəxslərin stasionara keçirilməsini və orada rejim qaydalarına uyğun olaraq saxlanılmasını təmin edir.

7.4. Müalicəsi mümkün olmadıqda, tutulmuş və ya həbs edilmiş şəxsin, yaxud onun müdafiəçisinin vəsatəti ilə və cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müalicə-profilaktika tədbirləri həmin şəxsin özünün seçdiyi digər tibb müəssisəsində həyata keçirilir. Bu halda tibbi müayinənin xərcləri tutulmuş və ya həbs edilmiş şəxsin öz vəsaiti hesabına ödənilir. Həmin tibb müəssisələrində müayinə və müalicə zamanı tutulmuş və ya həbs edilmiş şəxslə bağlı təhlükəsizlik tədbirləri qanunvericiliklə müəyyən olunmuş qaydada təmin edilir. Xəstənin (tutulmuş və ya həbs edilmiş şəxsin) vəziyyəti yaxşılaşdıqda, aidiyyəti tibb müəssisəsinə və ya həbs yerinə geri köçürülür.

1. 22 fevral 2020-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 211)

2. 30 noyabr 2020-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1410)

3. 28 sentyabr 2021-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2021-ci il, № 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1086)

4. 25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr 2024-cü il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1106)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver