Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1161-VIQD nömrəli Qanununun tətbiqi və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 573 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 iyul tarixli 141 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. Reyestrin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görsün;
3.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Reyestrin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Reyestrin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Qərarın 1-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 14 iyul 2025-ci il
1.1. Bu Əsasnamə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 4-1.4-cü maddəsinə əsasən hazırlanmışdır və tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin (bundan sonra – Reyestr) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Reyestr rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə tütün məmulatının idxalının və istehsalının həyata keçirilməsi fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, həmin informasiya ehtiyatlarında və sistemlərində saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edən dövlət informasiya ehtiyatıdır. Reyestrdə tütün məmulatının idxalının və istehsalının həyata keçirilməsi məqsədilə qeydiyyata alınmış sahibkarlıq subyektləri, eləcə də qeydiyyatın dayandırılması, bərpa edilməsi, yenidən rəsmiləşdirilməsi və ləğvi barədə məlumatlar əks olunur.
1.3. Reyestrin aparılmasının məqsədi tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektləri ilə bağlı dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
1.4. Reyestrdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Fərdi məlumatların Reyestrdə toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların Reyestrdə toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.6. Reyestrdən istifadə ödənişsizdir və Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Reyestr Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
1.8. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, Qaydalarla, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.9. Reyestrin sahibi və operatoru tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyatını aparan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir.
1.10. Reyestrdəki məlumatlar lisenziyaların və icazələrin vahid reyestrinə inteqrasiya olunur.
2.1. Reyestrin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxələr;
2.1.5. istismaraqədərki formalaşma mühitləri.
2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznesyönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, Reyestrin funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə həmin informasiya ehtiyatlarından və sistemlərindən istifadəni və məlumat mübadiləsini təmin edir.
2.3. Reyestr fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
2.4. Qurulma topologiyasına uyğun olaraq Reyestrin telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
2.4.1. Reyestrin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları – operatorun struktur bölmələri tərəfindən;
2.4.2. Reyestrin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları – Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.
2.5. Reyestrdə formalaşdırılan, daxil edilən və ötürülən məlumatlar Reyestrin informasiya ehtiyatında saxlanılır.
2.6. İdarəetmə paneli Reyestrin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Reyestr və onda toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
2.8. Reyestrdə aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.
3.1. Reyestrin strukturu aşağıdakı altsistemlərdən ibarətdir:
3.1.1. “elektron kabinet” altsistemi;
3.1.2. “inteqrasiya” altsistemi;
3.1.3. “hesabatlar” altsistemi;
3.1.4. “inzibatçılıq” altsistemi.
3.2. Reyestrin strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:
3.2.1. “elektron kabinet” altsistemi vasitəsilə istifadəçilərin özü barədə məlumat və sənədlərlə tanış olması, məlumatlarında dəyişiklik edilməsi, sahib (operator) ilə yazışmaların həyata keçirilməsi;
3.2.2. “inteqrasiya” altsistemi vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) üzərindən digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiya proseslərinin həyata keçirilməsi;
3.2.3. “hesabatlar” altsistemi vasitəsilə müxtəlif parametrlərə görə hesabatların alınması;
3.2.4. “inzibatçılıq” altsistemi vasitəsilə sistem məlumatlarının daxil edilməsi, sahibin (operatorun) funksiyalarına uyğun olaraq əməkdaşlara səlahiyyətlərin verilməsi.
4.1. Reyestrə daxil edilən məlumatlar aşağıdakılardır:
4.1.1. qeydiyyat tarixi;
4.1.2. qeydiyyat nömrəsi;
4.1.3. qeydiyyata alınmış fəaliyyət (tütün məmulatının, o cümlədən siqaretin idxalı və (və ya) istehsalı);
4.1.4. qeydiyyatın dayandırılması, bərpa edilməsi, yenidən rəsmiləşdirilməsi və ya ləğvi barədə məlumatlar.
4.2. Reyestrə ötürülən məlumatlar aşağıdakılardır:
4.2.1. tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektləri haqqında məlumatlar:
4.2.1.1. hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və ünvanı;
4.2.1.2. dövlət qeydiyyatına (vergi uçotuna) alındığı tarix;
4.2.1.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
4.2.1.4. vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata keçirildiyi obyektlərin yerləşdiyi ünvanlar;
4.2.1.5. Azərbaycan Respublikasının ərazisində tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi müddəti;
4.2.2. Qanunun 10.2.1-ci maddəsində qeyd olunan şərti təsdiq edən elektron qaimə-faktura və gömrük bəyannamələri barədə məlumatlar;
4.2.3. “Elektron kənd təsərrüfatı” informasiya sistemindən tütün istehsalçıları və tütün tədarükçüləri ilə bağlı əldə edilən aşağıdakı məlumatlar:
4.2.3.1. tütünün əkildiyi torpaq sahəsinə dair məlumat;
4.2.3.2. tədarükçülərə təhvil verilən tütünün növü və miqdarı barədə məlumatlar;
4.2.3.3. fermerin tədarükçülərə tütünü təhvil verməsinə dair sənədi;
4.2.3.4. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə məlumatlar;
4.2.3.5. tədarükçülərlə məhsul alışına dair bağlanılan müqavilə;
4.2.3.6. aqrokimyəvi analizlərin nəticələrinə dair sənədlər;
4.2.4. dövlət rüsumunun ödənilməsi barədə məlumatlar.
4.3. Bu Əsasnamənin 4.2-ci bəndində nəzərdə tutulan kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatların Reyestrə ötürülməsi tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektinin razılığı ilə həyata keçirilir.
4.4. Reyestrin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
4.5. Reyestrlə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) həmin informasiya ehtiyatlarına və sistemlərinə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.
4.6. Reyestrdə formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.
5.1. Reyestr vasitəsilə aşağıdakılar təmin edilir:
5.1.1. məlumatların daxil edilməsi, emalı, axtarışı, təhlili, ötürülməsi və məlumatlarda dəyişikliklər edilməsi;
5.1.2. qeydiyyata alınma, qeydiyyatın yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi;
5.1.3. Reyestrdən çıxarışın verilməsi;
5.1.4. Reyestrə daxil edilən məlumatların dəqiqliyi, tamlığı, aktuallığı və etibarlılığı;
5.1.5. Reyestrin fasiləsiz fəaliyyəti;
5.1.6. eyni zamanda, çoxsaylı istifadəçilərin Reyestrdən istifadə etməsinin mümkünlüyü;
5.1.7. təhlükəsizlik və məlumatların mühafizəsi;
5.1.8. informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların və proqram-texniki vasitələrin tətbiqi;
5.1.9. analitik təhlil və statistikanın elektron qaydada aparılması;
5.1.10. məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması.
5.2. Digər dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadə həmin informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
5.3. Dövlət informasiya ehtiyatlarından və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən dövlət informasiya ehtiyatlarında və sistemlərində qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq həmin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edirlər.
5.4. Fiziki şəxslər Vahid Giriş Sistemi vasitəsilə dövlət informasiya ehtiyatlarında və sistemlərində identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq həmin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edirlər.
5.5. Reyestr vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə həmin informasiya sistemlərinin rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və XRİTDX vasitəsilə həyata keçirilir.
5.6. Reyestr vasitəsilə təqdim edilən xidmət kanalları (portal, mobil tətbiq, virtual köməkçi və digər) istifadəçilərin reyestrin fəaliyyətində iştirakını və onlardan istifadəsini, habelə elektron xidmətlərdən yararlanmasını təmin edir. Elektron xidmətlər istifadəçi təcrübəsi və istifadəçiyönümlülüyü nəzərə alınmaqla, xidmət kanalları vasitəsilə təqdim edilir.
6.1. Reyestrin fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
6.1.1. Reyestrin idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.1.2. Reyestrin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların toplanıldığı, işlənildiyi və mühafizə edildiyi (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) hallarda isə fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;
6.1.3. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin, həmçinin fərdi məlumatların Reyestrdə toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
6.1.4. Reyestrin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə Reyestrə çıxış, habelə onun texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;
6.1.5. Reyestrin informasiya təhlükəsizliyini XRİTDX və operator ilə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;
6.1.6. Reyestrin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
6.1.7. Reyestrə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
6.1.8. Reyestrə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
6.1.9. Reyestrin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operatorla birlikdə tədbirlər görmək;
6.1.10. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;
6.1.11. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barəsində məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
6.1.12. Reyestrə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.1.13. aidiyyəti qurumların Reyestrin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
6.1.14. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və Nazirliklə birlikdə tədbirlər görmək;
6.1.15. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Reyestrə daxil etmək;
6.1.16. Reyestrdən sərbəst və maneəsiz istifadənin, habelə onların dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
6.1.17. Reyestrdə dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
6.1.18. Reyestrin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
6.1.19. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. Reyestrin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:
6.2.1. Reyestrin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
6.2.2. Reyestrdən istifadə və onların funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
6.2.3. Reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
7.1. Operatorun vəzifələri aşağıdakılardır:
7.1.1. Reyestrin informasiya təhlükəsizliyini XRİTDX və sahiblə EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;
7.1.2. Reyestrin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
7.1.3. Reyestrə qarşı müdaxilə cəhdləri aşkar etdikdə bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
7.1.4. Reyestrin, o cümlədən onların ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər görmək;
7.1.5. Reyestrin təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə həmin informasiya ehtiyatlarının və sistemlərinin “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;
7.1.6. Reyestrin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla, texniki tədbirlər görmək və bu barədə Reyestrin fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;
7.1.7. Reyestrdən sərbəst və maneəsiz istifadəni, onların dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Reyestrin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;
7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Reyestrə daxil etmək;
7.1.9. Reyestri EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
7.1.10. Reyestrə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.1.11. Reyestrin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik iş aparmaq;
7.1.12. Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında Reyestrdə dəyişikliklər edilməsi üçün tədbirlər görmək;
7.1.13. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
7.1.14. Reyestrin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;
7.1.15. Reyestrin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;
7.1.16. Reyestrdən istifadəni, habelə onlar üzərindən göstərilən elektron xidmətlərin əlçatanlığını təmin etmək üçün formalaşdırılan mobil tətbiqi elektron marketlərdə yerləşdirmək (mobil tətbiq yaradıldıqdan sonra);
7.1.17. aidiyyəti qurumların Reyestrin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
7.1.18. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
7.2. Operatorun aşağıdakı hüquqları vardır:
7.2.1. Reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
7.2.2. Reyestrin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
7.2.3. Reyestrlə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;
7.2.4. Reyestrin parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
7.2.5. iştirakçılar və istifadəçilər Reyestrin təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, Reyestrə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;
7.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:
8.1.1. Reyestrə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
8.1.2. Reyestrə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə Reyestrə daxil etmək (ötürmək);
8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
8.1.5. Reyestrdən və onda olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
8.1.6. Reyestrdə saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;
8.1.7. sahibin və operatorun Reyestrə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;
8.1.8. Reyestrin fəaliyyətinə zərər gətirəcək, habelə onların fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;
8.1.10. öz təşəbbüsləri, habelə Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək.
8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:
8.2.1. Reyestrin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
8.2.2. Reyestrin təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.
9.1. İstifadəçilərin Reyestrdən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:
9.1.1. Reyestrdəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;
9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahib və ya operatora müraciət etmək;
9.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək;
9.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
9.1.5. Reyestrin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
9.1.6. Reyestrdən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
9.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
1.1. Bu Qayda “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 4-1.4-cü maddəsinə əsasən hazırlanmışdır və tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin (bundan sonra – Reyestr) aparılması ilə bağlı məsələləri tənzimləyir.
1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.
1.3. Qeydiyyata alınma və Reyestrin aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.
2.1. Qeydiyyat üçün müraciət edən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyekti (hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və nümayəndəliyi, fərdi sahibkar) (bundan sonra – ərizəçi) yazılı (elektron) formada ərizə təqdim edir. Ərizədə aşağıdakılar göstərilir:
2.1.1. ərizəçi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialı və nümayəndəliyinin adı, fərdi sahibkar olduqda – soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar, əlaqə nömrəsi, elektron poçt ünvanı);
2.1.2. ünvanı (fərdi sahibkarın ünvanı, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və nümayəndəliyi olduqda hüquqi ünvanı);
2.1.4. vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata keçirildiyi obyektlərin yerləşdiyi ünvanlar;
2.1.5. fəaliyyəti (tütün məmulatının (növü göstərilməklə) idxalı və (və ya) istehsalı);
2.1.6. avadanlıqların alınmasına dair elektron qaimə-fakturanın seriyası və nömrəsi;
2.1.7. avadanlıq bilavasitə ərizəçi tərəfindən idxal edildikdə gömrük bəyannaməsinin sorğu nömrəsi (bəyannamənin sayı çox olduqda ərizəyə əlavə şəklində verilə bilər);
2.1.8. Azərbaycan Respublikasının ərazisində tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi müddəti;
2.1.9. ərizəçinin nümayəndəsi barədə məlumat (şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar, əlaqə nömrəsi, elektron poçt ünvanı, etibarnamənin tarixi və müddəti).
2.2. Ərizənin elektron qaydada təqdim olunması üçün ərizəçilər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkmil sertifikatlı gücləndirilmiş elektron imzaya malik olmalıdırlar.
2.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ərizəyə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər əlavə edilir.
2.4. Qanunun 10.2.1-ci maddəsində qeyd olunan şərti təsdiq edən sənədlər qismində malların alqı-satqısına dair müqavilə və elektron qaimə-faktura, avadanlıqlar bilavasitə ərizəçinin özü tərəfindən idxal edildikdə isə idxal olunan malların alqı-satqısına dair müqavilə, invoys və gömrük bəyannaməsi təqdim edilir (elektron qaimə-fakturaların və ya gömrük bəyannamələrinin siyahısı və digər sənədlərin surəti ərizəyə əlavə olunur). Avadanlıqların bir hissəsi ölkə daxilində əldə edildikdə, digər hissəsi isə idxal edildiyi halda, müvafiq sənədlərdəki məlumatlar nəzərə alınır.
2.5. Qanunun 14.2-1.1-ci maddəsində qeyd olunan şərti vergi orqanının arayışı əsasında təsdiq edilir. Arayışın Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə Dövlət Vergi Xidmətindən əldə edilməsi mümkün olduqda, həmin sənəd ərizəçidən tələb edilmir. Arayışın EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı halda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında Dövlət Vergi Xidmətindən tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2.6. Nazirlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq ərizəçinin Qanunun 10.4-cü, 10.5-ci və 14.2-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, 10.2-ci və 14.2-1-ci maddələrində qeyd olunan şərtlərə uyğunluğunu yoxlayır və subyektin qeydiyyata alınması və ya qeydiyyata alınmasından imtina barədə qərar qəbul edir. Aidiyyəti dövlət orqan və müəssisələrin rəyinin (razılığının) alınması zərurəti yarandıqda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.7-ci maddəsinin müddəaları tətbiq olunur.
2.7. Ərizədə və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə ərizəçiyə məlumat təqdim edilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri izah olunur. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir.
2.8. Ərizəçi çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır və çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra bərpa olunur.
2.9. Ərizəçi ərizədə və ona əlavə edilən sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.8-ci bəndində qeyd edilən müddətdə aradan qaldırmadıqda müraciətin baxılmamış saxlanılması barədə qərar qəbul olunur. Müvafiq qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə elektron qaydada şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra qeydiyyata alınması üçün təkrar ərizə ilə müraciət edə bilər.
2.10. Nazirlik bu Qaydanın 2.6-cı bəndi ilə müəyyən edilmiş müddətdən gec olmayaraq sahibkarlıq subyektini qeydiyyata alır və ona dövlət rüsumunu (ödənişi) ödəməsi vəzifəsi barədə şifahi qaydada, məktub və ya Reyestrdəki elektron kabinet vasitəsilə məlumat verir.
2.11. Ərizəçi dövlət rüsumunun ödənilməsi ilə bağlı məlumatı aldığı tarixdən 5 (beş) iş günü müddətində dövlət rüsumunu ödəyir və ödənişi təsdiq edən sənədi Nazirliyə təqdim edir.
2.12. Ərizəçi dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim etdikdən sonra 2 (iki) iş günündən gec olmayaraq ona bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada Reyestrdən elektron və ya kağız formada çıxarış şəxsən, sifarişli poçt göndərişi və ya Reyestrdəki elektron kabinet vasitəsilə elektron qaydada təqdim edilir.
2.13. Ərizəçinin qeydiyyata alınmasından “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsində nəzərdə tutulmuş hallarda imtina edilir. Qeydiyyatdan imtina haqqında qərar imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır.
2.14. Qeydiyyatdan imtina olunması ilə bağlı Nazirliyin müvafiq qərarı qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində ərizəçiyə şəxsən, elektron qaydada və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir. Ərizəçi imtina haqqında qərardan, habelə inzibati orqanın hərəkətindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
3.1. Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektləri barədə məlumatların daxil edildiyi Reyestr Nazirlik tərəfindən elektron qaydada aparılır.
3.2. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır. Reyestrə daxil edilən dövlət sirri, kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır.
3.3. Qeydiyyat üçün təqdim edilmiş sənədlər və məlumatlar Nazirliyin reyestrində saxlanılır. Reyestrə daxil edilmiş subyektlər barədə müraciət zamanı kağız daşıyıcıda təqdim olunmuş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə saxlanıldıqdan sonra arxivə təhvil verilir.
3.4. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq Reyestrdən elektron formada çıxarışlar kağız daşıyıcıda olan çıxarışa bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.
4.1. Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyatı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yenidən rəsmiləşdirilir və Reyestr məlumatlarında müvafiq dəyişikliklər edilir.
4.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-23.1.3-cü maddələrində göstərilən halda tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyekti və ya onun hüquqi varisi qeydiyyatın yenidən rəsmiləşdirilməsi üçün əsaslar yarandığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq Nazirliyə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət etməlidir. Həmin ərizəyə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsində nəzərdə tutulan sənədlər əlavə olunur.
4.3. Reyestr məlumatlarında dəyişikliklər ərizənin qeydə alındığı tarixdən 3 (üç) iş günü müddətində rəsmiləşdirilir və Reyestrdən elektron və ya kağız formada çıxarış sahibinə və ya onun hüquqi varisinə təqdim edilir, sifarişli poçt göndərişi və ya Reyestrdəki elektron kabinet vasitəsilə elektron qaydada göndərilir.
5.1. Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyatı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Nazirliyin qərarı ilə dayandırılır. Həmin qərarda dayandırılmaya əsas verən hallar və qeydiyyatın dayandırıldığı müddət göstərilməlidir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən əsaslar üzrə qərarda həmçinin qeydiyyatın dayandırılmasına əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və qeydiyyatın dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir.
5.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsində göstərilən əsas üzrə dayandırılmış qeydiyyat sahibkarlıq subyektinin ərizəsinə əsasən, həmin Qanunun 25.1.2-ci maddəsində göstərilən hallar üzrə dayandırılmış qeydiyyat isə həmin halların aradan qaldırılması barədə sahibkarlıq subyektinin təqdim etdiyi yazılı məlumata əsasən Nazirliyin qərarı ilə bərpa edilir.
5.3. Qeydiyyatın dayandırılması və bərpa olunması haqqında qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində sahibkarlıq subyektinə təqdim edilir, sifarişli poçt göndərişi və ya Reyestrdəki elektron kabinet vasitəsilə elektron qaydada göndərilir. Subyekt qeydiyyatın dayandırılması ilə bağlı qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
5.4. Qeydiyyatın dayandırılması və bərpa olunması barədə məlumatlar Reyestrə daxil edilir.
6.1. Qanunun 10.7-ci və 14.3-1-ci maddələrində nəzərdə tutulan hallarda Nazirliyin qərarı ilə tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyatı ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində sahibkarlıq subyektinə sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir və ya Reyestrdəki elektron kabinet vasitəsilə elektron qaydada göndərilir.
6.2. Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyatı ləğv edildikdə Reyestrə bu barədə məlumatlar daxil edilir.
6.3. Subyekt qeydiyyatın ləğvi haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
7.1. Kağız formada çıxarış itirildikdə və ya zədələndikdə çıxarışın sahibi çıxarışın dublikatının verilməsi üçün Nazirliyə ərizə ilə müraciət edir.
7.2. Nazirlik ərizənin daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində çıxarışın dublikatını hazırlayaraq sifarişli elektron poçt göndərişi və ya Reyestrdəki elektron kabinet vasitəsilə ərizəçiyə təqdim edir.
7.3. Çıxarışın dublikatı itirilmiş və ya zədələnmiş çıxarışla eyni hüquqi qüvvəyə malikdir.
“Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin
aparılması Qaydası”na 1 nömrəli əlavə
Qeydiyyata alan orqan: ___________________________________________________
Ünvanı: _________________________________________________________________
İstehsalçı/idxalatçı: _______________________________________________________
________________________________________________________________________
Qeydiyyat tarixi: _________________________________________________________
Qeydiyyat nömrəsi: _______________________________________________________
Qeydiyyata alınmış fəaliyyəti: ______________________________________________
Çıxarışla təsdiq edilir ki, ___________________________________________________
_________________________________________________________________________
Vəzifəli şəxs: ____________________________________________________________
Vəzifəsi: ________________________________________________________________