Qanunvericilik › Ümumi rabitə şəbəkəsindən istifadə Qaydaları (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 31.08.1999) › Tam mətn

Ümumi rabitə şəbəkəsindən istifadə Qaydaları (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 31.08.1999)

Ümumi rabitə şəbəkəsindən istifadə Qaydaları (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 31.08.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hazırlanıb və ümumi rabitə şəbəkəsinə daxil olan operatorların mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, rabitə qurğularına qoşulma münasibətlərini tənzimləyir.

Hazırkı qaydalar ümumi rabitə şəbəkəsindən istifadə qaydalarını və ümumi rabitə şəbəkəsi operatoru ilə digər operatorlar arasında əsas qarşılıqlı fəaliyyət prinsiplərini müəyyən edir.

“Fərdi rabitə şəbəkələrini ümumi rabitə şəbəkəsinə qoşulması qaydaları” və “Telefon rabitəsindən istifadə qaydaları”, “Ümumi rabitə şəbəkəsindən istifadə qaydaları”nın tərkib hissəsini təşkil edir

1.1. Hazırkı qaydalarda aşağıdakı terminlər tətbiq edilir:

Bir rabitə şəbəkəsinin digərinə qoşulması - iki rabitə şəbəkəsinin operatorları (istifadəçiləri) arasında birləşmənin yaranmasına və informasiyanın ötürülməsinə imkan verən qarşılıqlı fəaliyyətin təşkilidir.

Rabitə şəbəkəsi operatoru - telekommunikasiya xidmətlərini göstərmək hüququna malik olan fiziki və ya hüquqi şəxsdir.

Ümumi rabitə şəbəkəsi - ümumiistifadəli elektrik rabitəsi (telefon, teleqraf, mobil və s.) şəbəkəsindən ibarət olub, bütün operatorların istifadəsi üçün açıq olan şəbəkədir.

Trafik - rabitə şəbəkələri ilə ötürülən məlumatların məcmusudur. Trafikin ötürülməsi - şəbəkələr arasında informasiya mübadiləsidir.

1.2. Hərbi və fövqəladə vəziyyət şəraitində bütün rabitə şəbəkələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada və Azərbaycan Respublikası Silahlı Qüvvələri, mülki müdafiə qərargahı, fövqəladə vəziyyətləri və təbii fəlakətlərin nəticələrini aradan qaldırmağa cavabdeh olan dövlət orqanları, habelə xüsusi rabitə şəbəkəsi olan digər subyektlər ilə əlaqəli şəkildə idarə olunur.

Təbii fəlakətlər və karantinlər zamanı, həmçinin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər fövqəladə vəziyyətlərdə səlahiyyətli dövlət hakimiyyəti orqanlarının qanunvericilikdə müəyyən olunmuş əsaslarla təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün rabitə şəbəkələrindən və vasitələrindən istifadə etmək, habelə həmin rabitə şəbəkələrinin fəaliyyətini müvəqqəti məhdudlaşdırmaq və ya dayandırmaq kimi müstəsna hüququ vardır.

1.3. Hazırkı qaydaların tətbiqi zamanı operatorlar arasında texniki qoşulma zamanı yaranan anlaşılmamazlıqların aradan qaldırılmasını ilk növbədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həll edir.

Ümumi rabitə şəbəkəsinə qoşulacaq operatorların fəaliyyətinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

2.1. Ümumi rabitə şəbəkəsinin imkanlarından istifadə etmək istəyən rabitə operatorları, mövcud qanunvericiliyə uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xüsusi razılıq (lisenziya) almalıdır. Belə lisenziyası olmayan operatorların ümumi rabitə şəbəkəsindən istifadəsi qadağandır.

2.2. Ümumi rabitə şəbəkəsinə qoşulan operatorların istifadə etdikləri avadanlıqların “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası qanununa əsasən sertifikatı olmalıdır.

2.3. Ümumi rabitə şəbəkəsinin inkişafı üçün “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ayrı-ayrı rabitə qurğularının tətbiqinə. ümumi rabitə şəbəkəsinin optimal qurulmasına, effektiv və təhlükəsiz fəaliyyətinə yönəlmiş xüsusi texniki tələblər qoya bilər.

Belə hallarda ümumi rabitə şəbəkəsindən istifadə edən operatorlara qoyulan tələbləri yerinə yetirməlidirlər.

2.4. Ümumi rabitə şəbəkəsinin idarəetmə mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzarətindən olmalı, rabitə operatorları tərəfindən şəbəkənin nəzarətində olmalı operatorları tərəfindən şəbəkənin fəaliyyətində və idarə edilməsində yol verilən qeyri-normal hallara qarşı tədbirlər görülməlidir.

2.5. Rabitə operatorlarının istifadəsində olan şəbəkələrin istismarı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin texniki istismar qaydalarının tələblərinə və Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun yerinə yetirilməlidir.

2.6. Rabitə operatorlarının şəbəkələri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun müəyyən edilmiş operativ-axtarış tədbirlərinin aparılması tələblərini təmin etməlidir.

3.1. Telekommunikasiya xidməti göstərməyə lisenziya almış operator Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu şəbəkədən istifadə (qoşulma) üçün rəsmi müraciət edir. Müraciətə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş lisenziyanın surəti əlavə olunur.

3.2. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi operatorun müraciətinə baxıb, 1 ay müddətində yazılı cavab verir. İlkin cavabda ümumi şəbəkəyə qoşulmaq üçün texniki şərtlər verilir.

Ümumi şəbəkəyə qoşulmaq üçün texniki şərtlərin verilməsinə imtina cavabı üzrə Məhkəməyə müraciət edilə bilər.

İmtina cavabı aşağıdakı hallarda verilir:

- ümumi rabitə şəbəkəsinə digər şəbəkələrin qoşulması üçün texniki imkan olmadıqda:

- ümumi rabitə şəbəkəsi ilə digər şəbəkə arasında qarşılıqlı əlaqənin təşkili, verilmiş lisenziyanın şərtlərinə və ya ümumi şəbəkənin qurulması üzrə normativ-texniki sənədlərə uyğun gəlmədikdə;

- ümumi rabitə şəbəkəsindən istifadə edəcək (qoşulacaq) şəbəkə operatorunun göstərdiyi xidmətlər dövlətin mənafeyinə, təhlükəsizliyinə və müdafiə qabiliyyətinə, əhalinin təhlükəsizliyinə, ekologiyaya təhlükə yaratdıqda;

- ümumi rabitə şəbəkəsinə qoşulacaq operator əsasız olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin verdiyi şərtlərlə razılaşmadıqda, müqavilə bağlanmasından imtina etdikdə və bağlanmış müqavilənin şərtlərini pozduqda;

- ümumi rabitə şəbəkəsinə qoşulacaq operator, ümumi şəbəkədən qeyri-qanuni məqsədlər üçün istifadə etdikdə, lisenziyasız fəaliyyət göstərdikdə və ]a lisenziya şərtlərini pozduqda;

İmtina cavabında göstərilən hər bir konkret hal əsaslandırılmalıdır.

3.3. Ümumi rabitə şəbəkəsinə qoşulma və bu şəbəkədən istifadə şərtləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən olunur. Rabitə operatorları öz şəbəkələri arasında trafik mübadiləsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən etdiyi texniki şərtlərə uyğun olaraq birbaşa qoşulmalıdırlar.

3.4. Ümumi rabitə şəbəkəsinə qoşulan operatorlar bütün sahələrdə ümumi rabitə şəbəkəsinin proporsional inkişafını təmin etməlidirlər.

3.5. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ümumi rabitə şəbəkəsinə qoşulma qaydalarında uyğunsuzluq müəyyən edilərsə, bu halda ümumi rabitə şəbəkəsindən istifadə edəcək operatorlara yeni texniki şərtlər verilir və bu zaman yarana biləcək xərclərin ödənişi operatorlar arasında bağlanan müqaviləyə uyğun müəyyən olunur.

3.6. Qoşulacaq operator ümumi rabitə şəbəkəsinə qoşulmaq üçün verilmiş texniki şərtlər üzrə lisenziyası olan təşkilata sifariş verməklə layihə sənədləri hazırlamalı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmalıdır.

3.7. Ümumi rabitə şəbəkəsinə qoşulma mərhələlər üzrə yerinə yetirilə bilər.

3.8. Ümumi rabitə şəbəkəsindən istifadə edən operatorlarla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında istifadəçilərin maraqlarına uyğun qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi üçün aşağıdakı şərtlər nəzərə alınmaqla müqavilə bağlanmalıdır:

- qoşulma üzrə işin həcmi və onun qarşılıqlı fəaliyyətdə olan operatorlar arasında bölünməsi;

- istifadəçilərə keyfiyyətli telekommunikasiya xidmətləri göstərilməsinin təmin edilməsi üçün tərəflərin qarşılıqlı öhdəliyi və məsuliyyəti;

4.1. Ümumi rabitə şəbəkəsindən istifadə edən operatorların qarşılıqlı münasibətləri aşağıdakı ümumi şərtlərə əsaslanır:

- xidmətlərin göstərilməsi üçün vahid texnoloji prosesin təmin edilməsi və ümumi rabitə şəbəkəsi daxilində informasiyanın ötürülməsi;

- şəbəkənin layihə ehtiyatlarından maksimum istifadə edilməsi və onun iqtisadi effektivliyinin təşkili;

- istifadəçilərə göstərilən xidmətlərin keyfiyyət göstəricilərinin artırılması;

- normativ aktlarala və tarif siyasətinin əsas prinsipləri ilə müəyyənləşdirilən vahid qiymətqoyma krieteriyalarına riayət edilməsi;

- rabitə qurğularının tikintisinə və istismarına hər bir tərəfin qoyduğu vəsaiti nəzərə almaqla bərabərhüquqlu əməkdaşlığın nəzərə alınması;

4.2. Ümumi rabitə şəbəkəsi operatoru ilə qarşılıqlı fəaliyyətdə olan digər operatorlar arasında trafikin buraxılması, qarşılıqlı hesablaşma, operatorların məsuliyyəti istifadəçilərə dəyən maddi və məsuliyyəti, istifadəçilərə dəyən maddi və mənəvi ziyanın ödənilməsi, şəbəkənin operativ texniki idarəetmə sisteminin istismarı üzrə tələbləri nəzərə almaqla müqavilə bağlanmalıdır:

4.3. Qarşılıqlı xidmətlərə və texniki qurğulardan istifadəyə görə konkret hesabat qiymətləri (taksa) və tariflər, respublika qanunvericiliyinə uyğun olaraq operatorlar arasında balğanan müqavilələr əsasında həyata keçirilir.

4.4. Şəbəkənin operativ texnoloji və inzibati idarə edilməsi üçün servis telekommunikasiya xidməti yaradıla bilər. Ümumi rabitə şəbəkəsində servis telekommunikasiya xidmətinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

4.5. Ümumi rabitə şəbəkəsində zədələnmə, normadan artıq yüklənmə və digər hallar yarandıqda, ümumi rabitə şəbəkəsi və digər operatorlar, yaranmış vəziyyəti aradan qaldırmaq üçün təxirəsalınmadan razılaşdırılmış tədbirlər görməlidirlər.

4.6. Ümumi rabitə şəbəkəsindən istifadə edən operatorlar öz şəbəkələrinin texniki qurğularını rekonstruksiya etdikdə, tutumunu artırdıqda, ümumi şəbəkə operatorunun müəyyən etdiyi texniki şərtlərə uyğun sertifikat və layihə təqdim etməlidirlər.

Yeni texniki şərtlərlə müəyyən edilən qoşulma işləri yerinə yetirildikdən sonra, ümumi rabitə şəbəkəsi operatoru ilə əvvəl bağlanmış müqaviləyə, lazım gələrsə, yenidən baxılır.

4.7. Yerli telefon rabitəsi və mobil rabitə operatorları, istifadəçilərə təcili operativ və qəza xidmətlərindən ödənişsiz istifadəyə şərait yaratmalıdırlar.

4.8. Hazırkı qaydaların tələblərinin pozulmasına görə qanunvericiliyə uyğun məsuliyyət müəyyən edilir.

1. 9 avqust 2007-ci il tarixli 135 nömrəli Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, № 7-8)

2. 14 fevral 2022-ci il tarixli KQ-3/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202202140322, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 fevral 2022-ci il)

3. 25 may 2023-cü il tarixli 3-27/3-7-2/2023 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305257372, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 iyun 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver