Qanunvericilik › Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi;

1.0.2. ümumi təhsil müəssisəsi – ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu təhsil müəssisəsi;

1.0.3. ümumi orta təhsil – ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi;

1.0.4. internat tipli ümumi təhsil müəssisələri – sutkalıq əsasda fəaliyyət göstərən və ayrı-ayrı kateqoriyadan olan təhsilalanlar üçün müvafiq təhsil proqramları əsasında təhsil prosesinin həyata keçirildiyi ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi;

1.0.5. ümumi təhsil pilləsinin səviyyələri – ümumi təhsil pilləsini təşkil edən və varislik əsasında hər biri üzrə müvafiq tədris proqramlarının həyata keçirildiyi ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri;

1.0.6. ümumi təhsil müəssisəsinin akkreditasiyası – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilməsi prosesi;

1.0.7. ümumi təhsil müəssisələrində psixoloji xidmət – valideynlərlə, rəhbər və pedaqoji işçilərlə əməkdaşlıq yolu ilə şagirdlərin meyil və maraqlarının, təhsil, sosial-mənəvi problemlərinin öyrənilməsini və onlara zəruri hallarda pedaqoji-psixoloji dəstək göstərilməsini təmin edən xidmət növü;

1.0.8. ümumi təhsilin dövlət standartı – ümumi təhsilin məzmununa, idarə olunmasına, infrastrukturuna, maddi-texniki və tədris bazasına, təhsilverənlərin keyfiyyət göstəricilərinə, təhsilalanların bilik, bacarıq və vərdişlərinə verilən minimum tələb və normaları əhatə edən ümumi normalar məcmusu;

1.0.9. ümumi təhsil proqramı (kurikulum) – fənlər üzrə kurikulumları, dərsdənkənar məşğələləri (fakültativ kursları), məktəbdənkənar təhsil proqramlarını, tədris planlarını özündə əks etdirən dövlət sənədi;

1.0.10. akkreditasiya şəhadətnaməsi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən və ümumi təhsil müəssisəsinin fəaliyyətinin davam etdirilməsinə hüquqi əsas yaradan sənəd;

1.0.11. azkomplektli məktəb – paralel siniflərsiz və şagirdlərinin ümumi sayı 100 nəfərdən az olan məktəb;

1.0.12. beynəlxalq akkreditasiya – ümumi təhsil müəssisənin fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun beynəlxalq təşkilatlar tərəfindən könüllü əsasda qiymətləndirilməsi;

1.0.13. beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramı;

1.0.14. defektoloq – əqli və ya fiziki məhdudiyyətləri olan uşaqların təhsili və korreksiyası ilə məşğul olan ali təhsilli mütəxəssis;

1.0.15. dərsdənkənar məşğələ (fakültativ kurs) – şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələ forması;

1.0.16. fənn kurikulumu – fənnin məqsəd və vəzifələrini, fənnin tədrisinə verilən tələbləri, ümumi təhsilin səviyyələri və hər bir sinif üzrə təlim nəticələrini, təlim strategiyalarını, fəndaxili və fənlərarası inteqrasiyanı, qiymətləndirmə vasitələri və meyarlarını, təlim materiallarının planlaşdırılması üzrə metodik tövsiyələri özündə ehtiva edən sənəd;

1.0.17. günüuzadılmış qrup – dərsdən sonrakı və ya dərsdən əvvəlki vaxtlarda fəaliyyət göstərən və ibtidai sinif şagirdlərinin inkişafına yönəlmiş təşkilati forma;

1.0.18. himayəçilər şurası – ümumi təhsil müəssisəsinin fəaliyyətində, mövcud problemlərinin həllində yaxından iştirak edən, təhsil müəssisəsinə ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən göstərilən yardımların toplanması, qeydiyyata alınması və istifadə olunmasına ictimai nəzarəti həyata keçirən, könüllülərdən ibarət özünüidarəetmə orqanı;

1.0.19. ibtidai təhsil – ümumi təhsilin birinci səviyyəsi;

1.0.20. icbari dispanserizasiya – uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemi;

1.0.21. inklüziv təhsil – sağlamlıq imkanları məhdud olan uşaqların ümumi təhsil müəssisəsində xüsusi şərait yaratmaqla xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi;

1.0.22. innovasiya (ümumi təhsildə) – təhsilin məzmunu, qiymətləndirilməsi və idarəolunması, təlim strategiyaları və metodikalarının keyfiyyətcə yaxşılaşdırılması sahəsində tətbiq edilən yeniliklər;

1.0.23. inteqrasiya (ümumi təhsildə) – təlim prosesini təşkil edən mərhələlər və müxtəlif fənlər üzrə məzmun standartları arasında üzvi əlaqələrin qurulmasını ehtiva edən didaktik prinsip;

1.0.25. qabaqcıl (yaradıcı) pedaqoji təcrübə – müəllim tərəfindən pedaqoji prosesdə orijinal metodlar, vasitələr, üsullar tətbiq edilməklə, pedaqoji ustalıq və novatorluq nümayiş etdirilməklə innovativ fəaliyyət nəticəsində səmərəli nəticələr əldə edilməsi;

1.0.26. loqoped – uşaqların nitq pozuntularının korreksiyasını həyata keçirən ali təhsilli mütəxəssis;

1.0.27. məktəbəhazırlıq təhsili – 5 yaşlı uşaqların məktəb təliminə psixoloji hazırlığının təmin edilməsi məqsədilə təşkil edilən ümumi təhsilin ilk mərhələsi;

1.0.28. metodik şura – ümumi təhsil müəssisəsində metodik xidmətin təşkili və həyata keçirilməsini təmin edən qurum;

1.0.29. metodist – ümumi təhsil müəssisələrində müvafiq fənnin tədrisinə metodik rəhbərliyi həyata keçirən, müasir təlim metodları və texnologiyalarının tətbiqi üzrə müəllimlərə bələdçilik xidməti göstərən ali pedaqoji təhsilli mütəxəssis;

1.0.30. müəllim köməkçisi – inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji prosesin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssis;

1.0.31. pedaqoji fəaliyyət – təhsilalanların bilik və bacarıqlara yiyələnməsinə, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər ruhunda tərbiyəsinə, şəxsiyyət kimi formalaşmasına yönəlmiş fəaliyyət;

1.0.32. pedaqoji şura – ümumi təhsil müəssisəsinin kollegial ali idarəetmə orqanı;

1.0.33. sağlamlıq imkanları məhdud olan şəxs – xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs;

1.0.34. sertifikatlaşdırılma – dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru;

1.0.35. sinifdənxaric və məktəbdənkənar tədbir – ümumi təhsil müəssisəsində və ya ümumi təhsil müəssisəsindən kənar yerlərdə şagirdlərin əlavə bilik və bacarıqlar əldə etməsinə, dünyagörüşünün və məlumatlılıq səviyyəsinin genişlənməsinə, habelə asudə vaxtının səmərəli təşkilinə yönəlmiş tədbirlər;

1.0.36. stasionar təhsil – uzunmüddətli müalicədə olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada ümumi təhsilin müalicə müəssisələrində müvafiq təhsil proqramlarına uyğun təşkili;

1.0.37. tam orta təhsil – ümumi təhsilin ayrı-ayrı təmayüllər üzrə və ya təmayüllər olmadan təşkil edilən və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan üçüncü səviyyəsi;

1.0.38. tədris proqramı – hər bir fənnin kurikulumunda təsbit olunmuş məzmun standartlarının reallaşdırılmasına xidmət edən tədris vahidlərinin ümumi məcmusu;

1.0.39. təhsil xidmətləri – “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xidmətlər, o cümlədən ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdiyi xidmətlər;

1.0.40. təlim metodu – müəllim və şagird arasında proqramda nəzərdə tutulmuş bilik, bacarıq və vərdişlərin ötürülməsi və mənimsənilməsinə, təlimin öyrədici, inkişafetdirici və tərbiyəedici məqsədlərinə nail olunmasına xidmət edən qarşılıqlı proses;

1.0.41. təlim strategiyası – psixoloji və didaktik prinsiplər əsasında müəyyən edilib təhsil prosesində tətbiq olunan forma, metod, üsul və vasitələrin məcmusu;

1.0.42. təmayülləşmə – tam orta təhsil səviyyəsində təlimin şagirdlərin meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə müvafiq fənlərə üstünlük verilməklə xüsusi tədris planı və proqramları əsasında təşkili;

1.0.43. xüsusi təhsil müəssisəsi – sağlamlıq imkanları məhdud olan şəxslərin təhsil alması üçün xüsusi dövlət təhsil standartları və proqramları əsasında təhsil prosesini həyata keçirən təhsil müəssisəsi;

1.0.44. inteqrasiya təlimli təhsil müəssisəsi – sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təhsil müəssisəsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver