13.1. Ümumi təhsil müəssisəsində təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır.
13.2. Ümumi təhsil fərdin, cəmiyyətin, dövlətin maraqlarına uyğun olaraq, təhsilalanların fənlər vasitəsilə müvafiq elm sahələri üzrə zəruri bilik və bacarıqlara yiyələnməsini, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasını, sağlam həyat tərzini, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrini dərk etməsini, müstəqil surətdə əlavə biliklər və şəxsiyyəti formalaşdıran həyati bacarıqlar əldə etməsini, intellektual və fiziki inkişafını, cəmiyyətə inteqrasiyasını və sosiallaşmasını, rəqabətqabiliyyətli olmasını, peşə seçimini, əmək fəaliyyətinə hazırlığını və növbəti pillədə təhsil almaq imkanını təmin edir.
13.3. Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir.
13.4. Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da ümumi təhsil müəssisəsinə qəbul edilirlər.
13.5. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
13.6. Ümumtəhsil məktəbi ibtidai, ümumi orta, tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.
13.7. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol verilir. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunur.
13.8. Ümumi təhsil müəssisəsində ibtidai sinif şagirdlərinin proqram materiallarını səmərəli mənimsəmələrinə, təlim nailiyyətlərinin yaxşılaşdırılmasına, dünyagörüşünün formalaşdırılmasına, idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə günüuzadılmış qruplar yaradılır. Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydasını müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
13.9. Ümumi təhsilin səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydası müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
13.10. Tədris ilinin müddətini müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
13.11. Ümumi təhsil ümumi təhsil müəssisələrində, peşə və orta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilir.
13.12. Ümumi təhsil sistemində təhsilalanların idman və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq olunur. Məktəbdənkənar təhsil məktəbdənkənar (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.) və ümumi təhsil müəssisələrində həyata keçirilir.
13.12-1. Ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünümüdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman uşaqlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə bilərlər.
13.13. Ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil proqramları (kurikulumlar) əsasında həyata keçirilir.
13.14. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.
13.15. Ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.
13.16. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata hazırlanması, onlarda fəal vətəndaş mövqeyinin və rəqabətqabiliyyətliliyin, ümumbəşəri dəyərlərə tolerant münasibətin formalaşdırılması, müasir informasiya mənbələrindən sərbəst və səmərəli istifadə etməsi, iqtisadi dünyagörüşə yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur.
13.17. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesi dövlət təhsil standartlarına uyğun hazırlanmış və ya beynəlxalq səviyyədə akkreditasiya olunan müvafiq təhsil proqramları (kurikulumlar) əsasında həyata keçirilir.
13.18. Ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və s.) təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.
13.19. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada qızıl və ya gümüş nişanla təltif olunurlar.
13.20. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir.
13.21. Xüsusi proqram əsasında təhsil verən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar.
13.22. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
13.23. Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.
13.24. Ümumi təhsil müəssisəsində formal təhsil həyata keçirilir.
13.25. Ümumi təhsilin səviyyələri üzrə təhsilalma formaları aşağıdakı kimi müəyyən edilir:
13.25.1. ibtidai təhsil - əyani, sərbəst (eksternat);
13.25.2. ümumi orta - əyani, sərbəst (eksternat);
13.25.3. tam orta - əyani, sərbəst (eksternat).
13.26. Bu Qanunda müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər.
13.27. Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Həmin olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
13.28. Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə ümumi təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
13.29. Təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə ümumi təhsil müəssisələrində peşəyönümü xidməti təşkil edilir. Peşəyönümü xidməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.