30.1. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olaraq, ümumi təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
30.1.1. dövlət büdcəsinin vəsaiti;
30.1.2. təsisçinin (təsisçilərin) vəsaiti;
30.1.3. dövlət fondlarının vəsaiti;
30.1.4. ödənişli təhsil xidmətlərindən daxil olan vəsait;
30.1.5. kreditlər, qrantlar, ianələr;
30.1.6. innovasiya və bu Qanuna uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
30.1.7. qanuna və nizamnaməsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə olunan vəsait.
30.2. Dövlət ümumi təhsil müəssisəsinin maliyyələşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi maliyyə normativlərinə əsasən həyata keçirilir.
30.3. Dövlət ümumi təhsil müəssisəsinin əldə etdiyi büdcədənkənar vəsait ona dövlət büdcəsindən ayrılan vəsaitin miqdarına təsir göstərmir və nizamnaməsinə uyğun sərbəst istifadə edilir.
30.4. Zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə azkomplektli dövlət ümumi təhsil müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.
30.5. Dövlət, ümumi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaq məqsədilə təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsi üçün qrantlar ayrılmasını təmin edir.
30.6. Özəl ümumi təhsil müəssisəsi öz maliyyə vəsaitini sərbəst idarə edir.
30.7. Bələdiyyə və özəl ümumi təhsil müəssisəsində təhsil haqqının məbləği təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edilir.
30.8. Bələdiyyə və özəl ümumi təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
30.9. Ümumi təhsil müəssisəsinin əldə etdiyi vəsait bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən təhsilalanların stimullaşdırılmasına, rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.