Qanunvericilik › “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.01.2010) › Tam mətn

“Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.01.2010)

“Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.01.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 14 yanvar 2010-cu il

1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.19-cu maddələrinə uyğun hazırlanmışdır.

2. Ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş nişanla təltif olunmaq üçün təqdim edilir. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır.

3. Təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir.

4. Aşağıdakı təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər:

4.1. ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər;

4.2. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar;

4.3. bütün fənlərdən illik qiymətləri “əla” olanlar;

4.4. bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar.

5. Təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsilalanların fərdi siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim edilir.

6. Qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl nişana, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş nişana layiq görülürlər.

7. Məzunların qızıl və ya gümüş nişanla təltifi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir.

8. Qızıl və ya gümüş nişana layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır.

9. Qızıl və ya gümüş nişan təntənəli şəraitdə təqdim edilir.

1. 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216)

2. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver