17.1. Hər bir uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.
17.2. Uşağın şəxsi və ailə həyatının sirri qanunla qorunur və hər bir uşağın şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, uşağın şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər bir uşağın şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
17.3. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaq izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
17.4. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət uşaqların yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrini saxlamaq hüququna təminat verir.
17.5. Uşaqlara aid fərdi məlumatların dairəsi, habelə onların toplanması, emalı, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.
17.6. Uşağın tutulmasına, həbs edilməsinə və ya azadlıqdan məhrum edilməsinə yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət və Cinayət-Prosessual məcəllələrində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilir. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə, habelə ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya dərhal məlumat verilməlidir.