Qanunvericilik › Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 56

Maddə 56. Uşaqlar barəsində icraatın həyata keçirilməsi ilə bağlı prosessual təminatlar

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

56.1. Uşağın Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bilavasitə, qanuni nümayəndəsi (həmin şəxslərin uşağa qarşı hüquq pozuntusu törətməsinə şübhə olduğu hallar istisna olmaqla) və ya nümayəndəsi vasitəsilə öz hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi ilə bağlı inzibati orqana, polis, prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etmək, habelə onların hərəkətindən (hərəkətsizliyindən) və qərarlarından şikayət etmək hüququ vardır.

56.2. Polis və prokurorluq orqanları cinayət törətmiş, cinayətin qurbanı olmuş, valideynin və ya ailəni dolandıran şəxsin həbs olunması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri və hərəkətsizliyi nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olmuş uşaqların hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi üçün tədbirlər görür.

56.3. Uşaqlar barəsində icraatın bütün mərhələlərində prosedurların uşaq üçün aydın və əlçatan olması təmin edilir.

56.4. Uşaq özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz.

56.5. Cinayət törətməkdə təqsirləndirilən uşağın barəsində cinayət təqibi həyata keçirilərkən cinayət prosesini həyata keçirən orqanlar tərəfindən həbsə alternativ qətimkan tədbirlərinin tətbiq edilməsinə üstünlük verilməli və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində müəyyən edilmiş qaydada uşağın hüquq və azadlıqlarının təmin edilməsinin əsas prosessual təminatlarına riayət edilməlidir. Uşaqlar yaşına, cinsiyyətinə və şəxsiyyətinin xüsusiyyətlərinə görə tələb olunan qulluq, müdafiə və digər fərdi yardımla təmin edilirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver