“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 861 nömrəli Fərmanının 1.1.5-1.1.8-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (4 nömrəli əlavə).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 23 aprel 2014-cü il
1.1. Bu Qayda “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən hazırlanmışdır və uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qayda valideyn himayəsindən məhrum olmuş, sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyasını da əhatə edir.
1.3. Uşaqların icbari dispanserizasiyası onların yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq həyata keçirilir.
1.4. Uşaqların icbari dispanserizasiyası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan ambulator-poliklinika yardımı göstərən müalicə-profilaktika müəssisələri tərəfindən dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartlarına uyğun olaraq tərtib edilmiş müayinə cədvəlinə və sahə prinsipinə əsasən həyata keçirilir.
1.5. İcbari dispanserizasiyadan keçiriləcək uşaqların həkimin çağırışı ilə tibb müəssisəsinə gətirilməsinə və dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməsinə görə məsuliyyəti onların valideynləri və digər qanuni nümayəndələri daşıyırlar.
1.6. Tibbi-profilaktik müayinələrin nəticələri “Uşağın inkişaf tarixi”ndə (AZS 112/u) qeyd edilir və “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə (VESKS) daxil edilir.
1.7. Hər ilin sonunda tibb müəssisəsi tərəfindən uşaqların icbari dispanserizasiyası işi təhlil olunaraq rəsmi statistik hesabat hazırlanır və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edilir.
2.1. Tibbi-profilaktik müayinələrin nəticələrinə əsasən uşaqlar sağlamlıq qruplarına bölünürlər.
2.2. Xəstə və xəstələnmə riski olan uşaqlar dispanser müşahidəsinə götürülür və onlara “Uşağın Dispanser Müşahidə Kartı” (AZS 030/u) açılır.
2.3. Hər bir xəstə və xəstələnmə riski olan uşağa dispanserizasiya planı tərtib edilir. Dispanserizasiya planında mütəxəssislərin baxışlarının və müayinələrin dövriliyi, həmçinin aparılacaq müalicə-sağlamlaşdırıcı tədbirlər əks olunur.
2.4. Dispanserizasiya planına uyğun olaraq uşağa aparılan müayinə və müalicə tədbirləri barədə məlumatlar “Uşağın Dispanser Müşahidə Kartı”nda (AZS 030/u) qeyd edilir və VESKS-yə daxil edilir.
2.5. Dispanser qeydiyyatında olan uşaq müalicədən və uzunmüddətli remissiyadan sonra sahə həkiminin və mütəxəssislərin ümumi rəyi əsasında qeydiyyatdan çıxarılır.
2.6. Xəstə uşaq dispanser qeydiyyatından çıxarılmırsa, yeni təqvim ili üçün sağlamlaşdırıcı tədbirlər planı tərtib edilir və “Uşağın Dispanser Müşahidə Kartı”nda (AZS 030/u) və VESKS-də qeydiyyat davam etdirilir.
3.1. Təhsil alan uşaqların dispanserizasiyası məqsədi ilə ambulator-poliklinika yardımı göstərən müalicə-profilaktika müəssisəsi tərəfindən onların tibbi-profilaktik müayinə cədvəli tərtib olunur və müayinələrin keçiriləcəyi təhsil müəssisəsinin rəhbərliyi ilə razılaşdırılır.
3.2. Təhsil alan uşaqların tibbi-profilaktik müayinələri təhsil aldıqları yerlərdə həyata keçirilir. Bu məqsədlə təhsil müəssisələri tərəfindən müayinələrin həyata keçirilməsi üçün şərait yaradılır. Təhsil müəssisəsində həyata keçirilməsi mümkün olmayan tibbi-profilaktik müayinələr ərazi üzrə tibb müəssisələrində aparılır.
3.3. Cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tibb xidməti tərəfindən həyata keçirilir.
3.4. Valideyn himayəsindən məhrum olmuş uşaqlar onlar üçün müəssisələrdə, yəni onların saxlanıldığı və təhsil aldığı təhsil müəssisələrində, sosial xidmət müəssisələrində (uşaq evləri, ailə tipli kiçik qrup evləri, əlilliyi olan uşaqlar üçün internat evləri, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri), səhiyyə sistemi müəssisələrində və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələrində yerləşdirildiyi halda onların icbari dispanserizasiyası məqsədi ilə aparılan tibbi müayinələr bu müəssisələrdə həyata keçirilir. Tibbi-profilaktik müayinələrin valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə aparılması mümkün olmadıqda, həmin müayinələr ərazi üzrə tibb müəssisələrində, yaxud tibb müəssisələri tərəfindən yaradılmış və müvafiq mütəxəssislərdən ibarət səyyar briqadalar tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə həyata keçirilir.
3.5. Sağlamlıq imkanları məhdud uşaqların icbari dispanserizasiyası məqsədi ilə aparılan tibbi-profilaktik müayinələr onların yerləşdikləri təhsil, tibb və sosial xidmət müəssisələrində bu Qaydanın 3.4-cü bəndi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
3.6. Sosial təhlükəli vəziyyətdə olan uşaqların icbari dispanserizasiyası məqsədi ilə aparılan tibbi-profilaktik müayinələr “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sisteminə daxil olan orqan və müəssisələrdə bu Qaydanın 3.4-cü bəndi ilə müəyyən edilmiş qaydada təşkil olunur.
həkim-pediatrın müayinəsi - doğum evindən çıxdıqdan 3 gün ərzində və sonrakı müayinələr doğuşun gedişindən asılı olaraq 7-10 gündən bir - evdə, 1 aylığında poliklinikada
müxtəlif orqan və sistemlərin, xüsusilə sinir sisteminin, göbək həlqəsinin vəziyyəti, çəkinin dinamikası və anadangəlmə inkişaf qüsurlarının aşkarlanması
qidalanmanın və gündəlik rejimin düzgün təşkili
həkim-pediatr - ayda 1 dəfə, həkim-cərrah, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq və həkim-nevropatoloq 3 ayınadək - 1 dəfə, digər mütəxəssislər-ehtiyac olduqda
boyun, çəkinin, başın və döş qəfəsinin ölçülərinin dinamikası, uşağın sinir və psixi inkişafının vəziyyəti, sümük-əzələ sisteminin, daxili orqanların vəziyyəti, anadangəlmə qüsurların olması
qanın ümumi analizi, göstəriş olarsa 6 aylığınadək yoxlanılmalı, 2-ci yarım-illikdə qanın ümumi analizi
uşağın təmiz havada olması, qidalanmanın xüsusiyyəti və gündəlik rejimin təşkili, 3 həftəliyindən raxitin profilaktikası, masaj, gimnastika, ümumi sağlamlaşdırıcı prosedurların aparılması
həkim-pediatr - rübdə 1 dəfə, həkim-otorinolarinqoloq, həkim-stomatoloq il ərzində 1 dəfə, digər mütəxəssislər-ehtiyac olduqda
eynilə, süd dişlərinin çıxmasında defektlərin vaxtında aşkar edilməsi
sidiyin, qanın ümumi analizi və nəcisin qurd yumurtalarına yoxlanılması
eynilə, payız və qış mövsümündə raxitin profilaktikası (göstərişə uyğun)
həkim-pediatr 6 aydan bir, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-stomatoloq, loqoped ildə 1 dəfə, digər mütəxəssislər-ehtiyac olduqda
uşağın psixo-nevroloji və fiziki inkişafı, sümük-əzələ sistemi, diş-çənə, daxili orqanların ümumi vəziyyəti
möhkəmləndirici tədbirlər, gimnastika, yaşa uyğun rejimin qurulması, xroniki infeksiya ocaqlarının sanasiyası
həkim-pediatr, həkim-otorinolarinqoloq, həkim-oftalmoloq, nevropatoloq, həkim-stomatoloq, həkim-cərrah, loqopedin ildə 1 dəfə baxışı, digər mütəxəssislər-ehtiyac olduqda
psixonevroloji və fiziki inkişafın xüsusiyyətləri: danışıq, qamət, eşitmə, görmə, dişlərin çıxmasın da defektlərin vaxtında
antropometriya-ildə 1 dəfə, nəcisin, qanın ümumi analizləri - ildə 1 dəfə, digər müayinələr (göstərişə əsasən)
möhkəmləndirici və bərpaedici tədbirlər, aşkar edilmiş patologiyaların müalicəsi
həkim-pediatr, həkim-stomatoloq ildə 1 dəfə, digər mütəxəssislər-ehtiyac olduqda
kariyesin əmələ gəlməsi, danışıqda defektin aşkarlanması
antropometriyanın aparılması, nəcisin qurd yumurtasına yoxlanılması, digər müayinələr, o cümlədən Mantu sınağı (göstərişə əsasən)
ev və məktəb rejiminin təşkili, fiziki tərbiyə, möhkəmləndirici tədbirlər, hərəkətli
oyunlar, aşkar edilmiş patologiyaların müalicəsi
həkim-pediatr, həkim-oftalmoloq, həkim-nevropatoloq, həkim-stomatoloq, həkim-otorinolarinqoloq, həkim-cərrahın müayinəsi, digər mütəxəssislər-ehtiyac olduqda
fiziki və psixi inkişafın, görmə qabiliyyətinin və lor orqanlarının yoxlanılması, arterial təzyiqə nəzarət, qamətin əyilməsi, zərərli adətlərin olub-olmaması
antropometriyanın aparılması, nəcisin qurd yumurtasına yoxlanılması, arterial təzyiqin ölçülməsi
həkim-pediatr, həkim-stomatoloqun müayinəsi, digər mütəxəssislər-ehtiyac olduqda
daxili orqanların vəziyyəti, fiziki inkişafı, dişlərdə kariyesin əmələ gəlməsi
qanın ümumi analizi, nəcisin qurd yumurtasına yoxlanılması
həkim-pediatr, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-cərrah, həkim-stomatoloq, həkim-nevropatoloqun müayinəsi, digər mütəxəssislərin (həkim-mama-ginekoloq, həkim-endokrinoloq və həkim-dermatoveneroloq) müayinəsi (göstərişə əsasən), yeniyetmə kabinetinə keçirilməsinə hazırlıq
fiziki və psixi inkişafın, görmə qabiliyyətinin və lor orqanlarının yoxlanılması, arterial təzyiqə nəzarət, qamətin əyilməsi, zərərli adətlərin olub-olmaması, cinsi inkişafa nəzarət
qanın ümumi analizi, arterial təzyiqin ölçülməsi, flüoroqrafik müayinə və Mantu sınağı (göstərişə əsasən)
sanitariya-gigiyena, əmək və dərs rejiminə, fiziki tərbiyəyə nəzarət, ağız boşluğunun sanasiyası
yeniyetmə həkimi, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-cərrah və həkim-nevropatoloqun baxışı ildə 1 dəfə, 15-18 yaşlı qızlara ginekoloji müayinə (göstərişə əsasən), digər mütəxəssislər-ehtiyac olduqda
antropometriyanın aparılması, arterial təzyiqin ölçülməsi, fiziki inkişafa nəzarət, görmə qabiliyyətinin yoxlanması, cinsi inkişafa nəzarət
qanın ümumi analizi, arterial təzyiqin ölçülməsi, flüoroqrafiya müayinəsi və Mantu sınağı (göstərişə əsasən)
2.1. Dispanserizasiyanın keyfiyyət standartları aşağıdakı göstəricilərlə müəyyənləşdirilir:
2.1.1. icbari dispanserizasiyadan keçiriləcək uşaqların sayına nisbətdə dispanserizasiyadan keçmiş uşaqların sayı;
2.1.2. icbari dispanserizasiyadan keçmiş uşaqların sayına nisbətdə xəstəlik aşkar olunan uşaqların sayı;
2.1.3. dispanser nəzarətində olan xəstələrin tibb müəssisəsinə ortaillik müraciətlərinin sayı;
2.1.4. sağalma ilə dispanser qeydiyyatından çıxan uşaqların sayının dispanser qeydiyyatında olan uşaqların ümumi sayına olan nisbəti;
2.1.5. xəstə və xəstələnmə riski olan uşaqların müalicə-sağlamlaşdırıcı tədbirlərlə əhatə olunması;
2.1.6. il ərzində sağlamlıq vəziyyətinin yaxşılaşmasına görə dispanser müşahidəsindən çıxarılan uşaqların sayı;
2.1.7. il ərzində sağlamlıq vəziyyətinin yaxşılaşmasına görə daha yüngül sağlamlıq qrupuna keçirilən uşaqların sayı;
2.1.8. il ərzində həkim nəzarətindən kənarda qalan dispanser qeydiyyatında olan uşaqların sayı.
1. Bu Qayda “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7.6-cı maddəsinə əsasən hazırlanmışdır və xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi qaydasını müəyyən edir.
2. Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlər icbari dispanserizasiyanı həyata keçirən dövlət tibb müəssisəsi tərəfindən təşkil olunur.
3. Profilaktik müayinələrin nəticələrinə əsasən uşaqlar aşağıdakı sağlamlıq qruplarına bölünürlər:
3.1. I qrup - sağlamlığın bütün əlamətlərinə görə qüsursuz, sağlam uşaqlar: müayinə dövründə xəstələnməyənlər, həmçinin sağlamlığa təsir etməyən və korreksiyası tələb olunmayan kiçik qüsurlara malik olanlar;
3.2. II qrup - xəstələnmə riski olan, xəstəliyə meyilli uşaqlar: orqan və sistemlərin morfoloji yetkinliyinin dərəcəsi ilə bağlı funksional qüsurları, ağırlaşmış mamalıq və ginekoloji anamnezi olan, tez-tez xəstələnən və ya reabilitasiya dövrü qeyri-qənaətbəxş keçmiş, bir ağır xəstəlik keçirmiş biryaşlı uşaqlar;
3.3. III qrup - xroniki patologiyası kompensasiya (nəzərəçarpan kliniki əlamətlərlə müşayiət olunmayan xəstəliyin gedişatı) vəziyyətində olan xəstə uşaqlar;
3.4. IV qrup - xroniki patologiyası subkompensasiya (hissəvi kompensasiya) vəziyyətində olan xəstə uşaqlar;
3.5. V qrup - xroniki patologiyası dekompensasiya (orqanlar sistemi və ya orqanizmin müvazinətinin pozulması) vəziyyətində olan xəstə uşaqlar.
4. Sağlamlıq qrupuna uyğun olaraq hər bir xəstə və xəstələnmə riski olan uşaq üçün dispanserizasiya planı tərtib edilir.
5. Dispanserizasiya planında mütəxəssislərin baxışlarının və müayinələrin dövriliyi, həmçinin xəstəliklərin etiologiyası, patogenezi, kliniki əlamətləri və təsnifatından asılı olaraq, hər bir uşaq üçün fərdi qaydada aparılacaq müalicə-sağlamlaşdırıcı tədbirlər müəyyən edilir.
6. Dispanserizasiya planına uyğun olaraq xəstə və xəstələnmə riski olan uşaqların tibbi göstərişə əsasən ambulator və ya stasionar müalicəsi təşkil olunur.
7. Dispanser qeydiyyatında olan uşaqlar tibbi göstərişə əsasən dispanserizasiyanı keçirən dövlət tibb müəssisəsinin göndərişi əsasında sanator-kurort müalicəsi ilə təmin edilirlər.
8. Xəstə və xəstələnmə riski olan uşaqlarla bağlı aparılan müalicə-sağlamlaşdırıcı tədbirlər barədə məlumatlar “Uşağın Dispanser Müşahidə Kartı”nda (AZS 030/u) qeyd olunur və “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə (VESKS-yə) daxil edilir.
9. Aparılan müalicə-sağlamlaşdırıcı tədbirlərin nəticələri uşağın müalicə həkimi tərəfindən qiymətləndirilir və sağlamlıq vəziyyətindən asılı olaraq, uşaq bu Qaydanın 3-cü hissəsində göstərilən müvafiq sağlamlıq qrupuna daxil edilir.
10. Uşağın sağlamlıq vəziyyətindən asılı olaraq, dispanserizasiya planında dəyişikliklər edilərək, müalicə-sağlamlaşdırıcı tədbirlər davam etdirilir.
1. Bu Qayda “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində dövlət tibb müəssisələrində dispanserizasiya çərçivəsində uşaqlarla bağlı aparılan tədbirlərin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsini müəyyən edir.
2. Dövlət tibb müəssisələrində uşaqların icbari dispanserizasiyası tədbirlərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli xərclərinin “Səhiyyə” bölməsində nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi ilə əlaqədar növbəti illər üçün tələb olunan xərclər barədə dəqiq hesablamaları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq cari ilin iyul ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
4. Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi ilə əlaqədar ayrılan vəsaitin icrasının monitorinqi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən aparılır.
1. 2 noyabr 2021-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1259)
2. 25 iyun 2026-cı il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)