1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. uşaqların dispanserizasiyası - uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemi;
1.1.2. müalicə-sağlamlaşdırıcı tədbirlər - uşaqların sağlamlığının möhkəmləndirilməsini təmin edən müalicə və reabilitasiya;
1.1.3. uşaqlara illik profilaktik baxış - uşaqların hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər tərəfindən aktiv tibbi müayinəsi;
1.1.4. müşahidə ili - təqvim ili ərzində dispanserizasiya üçün uçota alınmış uşaqlara münasibətdə dispanserizasiya tədbirlərinin həyata keçirildiyi zaman kəsiyi;
1.1.5. skrininq müayinəsi - uşaqlar arasında xəstələnmə riski və patologiyası olanların erkən aşkar edilməsi məqsədilə aparılan xüsusi diaqnostik tədqiqatlar.