13.1. Yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizası müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış fiziki şəxslər (ekspertlər) tərəfindən bu Qanunun 14-cü maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (ekspert təşkilatı) bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
13.2. İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədə olma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
13.3. Həyat və sağlamlıq əleyhinə ağır və xüsusilə ağır cinayətlər, yaxud şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri və ya ictimai mənəviyyat əleyhinə cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər ekspert kimi fəaliyyət göstərə bilməz.
13.4. Müvafiq icra hakimiyyəti orqanı ekspertlərin və ekspert təşkilatlarının reyestrində olan aşağıdakı məlumatları rəsmi internet informasiya ehtiyatında yerləşdirir:
13.4.1. ekspert təşkilatının adı və təşkilati-hüquqi forması, ekspert fəaliyyətinin həyata keçirildiyi ünvanlar;
13.4.2. ekspertin adı, atasının adı və soyadı;
13.4.3. ixtisas attestatının nömrəsi və verilmə tarixi;
13.4.4. ekspertin ekspertizasını aparmaq hüququ olan informasiya məhsulunun növü;
13.4.5. verilmiş ixtisas attestatının qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi barədə məlumat.
13.5. Ekspertlərin xidmət haqqı ekspertizanı sifariş edən şəxs tərəfindən ödənilir.