Qanunvericilik › Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Qanunun tətbiq dairəsi

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.1. Bu qanun uyğunluğu qiymətləndirən aşağıdakı qurumlara şamil olunur:

2.1.1. sınaq laboratoriyaları;

2.1.2. malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar;

2.1.3. idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumlar;

2.1.4. fiziki şəxslərin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar;

2.1.5. inspeksiya orqanları;

2.1.6. standart nümunə istehsalçıları;

2.1.7. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumlar;

2.1.8. kalibrləmə laboratoriyaları;

2.1.9. səriştəlilik sınaqlarının təşkili üzrə təminatçılar;

2.1.10. validasiya orqanları;

2.1.11. verifikasiya orqanları.

2.2. Texniki reqlamentdə və digər normativ-hüquqi aktda uyğunluğunun məcburi qiymətləndirilməsi tələb olunan malın (xidmətin, işin), onunla əlaqəli prosesin və fiziki şəxslərin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumların akkreditasiyası məcburidir.

2.3. Bu Qanunun müddəaları dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulmuş informasiyanı mühafizə vasitələrinin uyğunluğunu qiymətləndirən qurumların akkreditasiyası ilə bağlı münasibətlərə şamil edilmir.

2.4. Ələt azad iqtisadi zonasında uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların akkreditasiyası sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver