Qanunvericilik › “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.05.2026) › Tam mətn

“Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.05.2026)

“Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.05.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 245-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 avqust tarixli 466 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 389 (Cild I) ləğv edilsin.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 21 may 2026-cı il

1.1. Bu Qaydalar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 245-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 avqust tarixli 466 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə büdcə ilinin istənilən təqvim gününə vahid xəzinə hesabının qalığının (bundan sonra – qalıq) idarəetməyə verilməsi mexanizmini müəyyənləşdirir.

1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

2.1. Qalıq vəsaitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına və Azərbaycan Respublikasının Dövlət Neft Fonduna idarəetməyə verilə bilər.

2.2. Qalıq vəsaitlərinin idarəetməyə verilməsi zamanı dövlət büdcəsinin gəlir və xərcləri, onların gözlənilən icrası, qalıq vəsaitlərinin həcmi, likvidlik və kredit riskləri, habelə qalıq vəsaitlərinin proqnozlaşdırılan gəlirlilik dərəcəsi nəzərə alınır.

2.3. Qalıq vəsaitlərinin idarəetməyə verilməsi Nazirliklə idarəetməyə götürən arasında bağlanılmış müqavilə, saziş və digər hüquqmüəyyənedici sənədlər və əqdlər əsasında həyata keçirilir.

2.4. Qalıq vəsaitlərinin idarəetməyə verilərək yerləşdirilməsi istiqamətlərinin seçilməsi bu Qaydaların 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla Nazirlik tərəfindən həyata keçirilir.

3.1. İdarəetməyə verilən qalıq vəsaitləri aşağıdakı maliyyə alətlərinə investisiya oluna bilər:

3.1.1. “A-” (Standart ənd Purz, Fiç) və ya “A3” (Mudiz) reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin mərkəzi banklarda, kommersiya banklarında və digər maliyyə təsisatlarındakı depozitlərə;

3.1.2. “A-” (Standart ənd Purz, Fiç) və ya “A3” (Mudiz) reytinqindən aşağı olmayan reytinqə malik pul (likvidlik) fondlarına;

3.1.3. “A-” (Standart ənd Purz, Fiç) və ya “A3” (Mudiz) reytinqindən aşağı olmayan reytinqə malik olan xarici ölkələrin hökumətləri, dövlət agentlikləri və ya maliyyə təsisatları tərəfindən buraxılmış dövlət təminatları olan qiymətli kağızlara, habelə “A-” (Standart ənd Purz, Fiç) və ya “A3” (Mudiz) reytinqindən aşağı olmayan reytinqə malik beynəlxalq maliyyə təşkilatları, kommersiya bankları və digər maliyyə təsisatları tərəfindən buraxılmış qiymətli kağızlara.

3.2. Qalıq vəsaitləri bu Qaydaların 3.1-ci bəndində qeyd olunan maliyyə alətlərindən fərqli maliyyə alətlərinə, habelə səhmlərə, törəmə maliyyə alətlərinə, qiymətli metallara və qiymətli daşlara investisiya oluna bilməz.

4.1. Qalıq vəsaitlərini idarəetməyə götürən qalıq vəsaitlərinin idarə edilməsi zamanı onların yerləşdirildiyi hesabın vəziyyəti, vəsaitlərin həcmi və eləcə də hesabat dövründə həyata keçirilən əməliyyatlar və əldə edilmiş gəlir barədə bu Qaydaların 2.3-cü bəndinə əsasən müəyyən edilən formada ayda bir dəfə Nazirliyə hesabat təqdim edir.

4.2. Nazirlik qalıq vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlərin uçotunu ayrıca göstərməklə ildə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.

4.3. Qalıq vəsaitlərinin idarəetməyə verilməsindən əldə edilən gəlir vahid xəzinə hesabına köçürülür və dövlət büdcəsinin daxilolmalarında “vəsaitlərin idarə olunmasından əldə olunan gəlir” kimi uçota alınır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver