1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. valideyn himayəsindən məhrum olmuş uşaqlar – bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan və ya hər iki valideyni aşağıda qeyd edilən kateqoriyaların hər hansı birinə aid olan 18 yaşınadək şəxslər:
1.1.1.1. vəfat etmiş;
1.1.1.2. məlum olmayan;
1.1.1.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
1.1.1.4. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edilən;
1.1.1.5. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən;
1.1.1.6. cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
1.1.1.7. uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
1.1.1.8. uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən;
1.1.2. valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslər – valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək şəxslər;
1.1.3. valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr – valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanıldığı və təhsil aldığı təhsil müəssisələri, sosial xidmət müəssisələri (uşaq evləri, ailə tipli kiçik qrup evləri, əlilliyi olan uşaqlar üçün internat evləri, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri), səhiyyə sistemi müəssisələri və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələri;
1.1.4. qəyyumluq və himayə – valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi forması;
1.1.5. övladlığa götürən şəxs – qanunla müəyyən edilmiş qaydada valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən ər-arvad və ya ayrı-ayrı şəxslər;
1.1.6. himayədar valideyn (himayədar ailə) – valideyn himayəsindən məhrum olmuş uşaqları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə olunması üçün himayəyə götürən yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, azı ümumi orta təhsilli, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və Azərbaycan Respublikasının vətəndaşı olan şəxs (ər-arvad);
1.1.7. valideyn himayəsindən məhrum olmuş uşaqların tam dövlət təminatı – valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, həmin uşaqların yaşayışının, təhsil almasının təmin edilməsi, onlara tibbi xidmət göstərilməsi və ya qeyd edilənlərin tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməsi.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.