Qanunvericilik › “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 20.12.2023) › Tam mətn

“Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 20.12.2023)

“Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 20.12.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq informasiya sisteminə valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar 2024-cü il 1 mart tarixindən, Azərbaycan Respublikasından kənara xarici valyutanın köçürülməsi əməliyyatları barədə məlumatlar isə 2024-cü il 1 iyul tarixindən təqdim edilsin.

3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

1.1. Bu Əsasnamə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 16-1-ci maddəsinə əsasən hazırlanmışdır və valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları barədə vahid informasiya sisteminin (bundan sonra – informasiya sistemi) formalaşdırılması, aparılması və ondan istifadənin hüquqi, təşkilati və texnoloji əsaslarını, habelə informasiya sisteminə təqdim edilən məlumatların növünü müəyyən edir.

1.2. İnformasiya sisteminə banklar, xarici bankların yerli filialları, poçt rabitəsinin milli operatoru və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər (bundan sonra – valyuta nəzarəti agenti) tərəfindən hazırki Əsasnamə ilə müəyyən edilmiş valyuta əməliyyatları barədə məlumatlar təqdim edilir.

1.3. İnformasiya sisteminin saxlanılması və fəaliyyəti üçün zəruri xərclər Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) vəsaiti hesabına maliyyələşdirilir. Mərkəzi Bank informasiya sistemini valyuta nəzarəti agentləri tərəfindən Qanunla, Mərkəzi Bankın “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” (bundan sonra – Qaydalar) və digər normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərin icrasının təmin edilməsi məqsədilə dəstəkləyir.

1.4. İnformasiya sistemindən istifadə ödənişsizdir.

1.5. Aşağıdakı məlumatlar digər valyuta nəzarəti agentlərinə açıqlanmır:

1.5.1. Bu Əsasnamənin 7.4.2-ci, 7.5.2-ci və 7.6.2-ci yarımbəndlərində qeyd olunan məlumatlar;

1.5.2. cari təqvim ilindən əvvəlki illərdə aparılmış mübadilə əməliyyatlarına dair məlumatlar;

1.5.3. Qaydaların 4.3.8.3-cü yarımbəndinə müvafiq olaraq cari təqvim ayından əvvəlki aylarda aparılmış Azərbaycan Respublikasından kənara xarici valyutanın köçürülməsi əməliyyatlarına dair məlumatlar.

1.6. İnformasiya sistemi qanunvericiliklə müəyyənləşdirilmiş qeyri-iş günləri də daxil olmaqla günün istənilən vaxtı real vaxt rejimində (24/7/365) fəaliyyət göstərir.

1.7. İnformasiya sisteminin texniki istismarına dair bu Əsasnamədə nəzərdə tutulmayan digər məsələlər istifadəçinin elektron kabinetində yerləşdirilmiş İstifadəçi təlimatına uyğun olaraq tənzimlənir.

2.1. Bu Əsasnamənin məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. sahib – informasiya sisteminin valyuta nəzarəti agentləri tərəfindən istifadəsini təmin edən, sistemin mülkiyyətçisi və operatoru olan Mərkəzi Bank;

2.1.2. istifadəçi – informasiya sisteminə müştərilərlə apardığı valyuta əməliyyatları barədə məlumatları daxil edən və informasiya sistemindən müştərilərin apardığı valyuta əməliyyatları barədə məlumatları əldə edən valyuta nəzarəti agentləri;

2.1.3. iştirakçı – istifadəçinin səlahiyyətli əməkdaşları;

2.1.4. müştəri – istifadəçi vasitəsilə valyuta əməliyyatları aparan rezident və ya qeyri-rezident fiziki və ya hüquqi şəxslər, habelə digər qurumlar və ya həmin şəxslərin səlahiyyətli nümayəndəsi;

2.1.5. elektron kabinet – iştirakçını və ya istifadəçini bu Əsasnamə ilə müəyyən edilmiş funksiyalar çərçivəsində gücləndirilmiş elektron imza ilə eyniləşdirməklə informasiya sisteminə daxil olmasına və istifadəsinə imkan verən fərdi elektron səhifə.

3.1. İnformasiya sistemi aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:

3.1.1. istifadə rahatlığı – informasiya sistemindən istifadənin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

3.1.2. operativlik – müvafiq əməliyyatlar haqqında məlumatların təqdim edilməsinin, qəbulunun, cavablandırılmasının, informasiyanın əldə olunmasının və mübadiləsinin avtomatlaşdırılmış qaydada, sürətli şəkildə həyata keçirilməsi;

3.1.3. fasiləsizlik – informasiya sistemində aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

3.1.4. hesabatlılıq – sistemin fəaliyyətində hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.

4.1. İnformasiya sistemi aşağıdakı elementlərdən ibarətdir:

4.1.1. informasiya sisteminin proqram kompleksi;

4.1.2. informasiya sisteminin mərkəzi və ehtiyat avadanlıq kompleksi;

4.1.3. informasiya sisteminin şəbəkə infrastrukturu;

4.1.4. informasiya sisteminin məlumat bazası.

4.2. İnformasiya sisteminin proqram kompleksinə əməliyyat sistemləri, tətbiqi proqram təminatı, informasiyanın mühafizəsi və digər proqram vasitələri aiddir. Tətbiqi proqram təminatı aşağıdakı istiqamətləri əhatə edir:

4.2.1. elektron kabinet;

4.2.2. valyuta əməliyyatlarının vahid elektron bazası;

4.2.3. valyuta əməliyyatları üzrə müştərilər üçün məlumat pəncərəsi;

4.2.4. digər informasiya sistemləri və ehtiyatları ilə məlumat mübadiləsini təmin edən inteqrasiya və elektron məlumat sorğulama modulu.

4.3. İnformasiya sisteminin avadanlıq kompleksinə serverlər, yaddaş qurğuları, soyutma sistemləri, fasiləsiz enerji mənbələri və digər texniki vasitələr aiddir.

4.4. İnformasiya sisteminin ehtiyat nüsxəsi ehtiyat mərkəzdə yaradılır və informasiya sisteminin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. İnformasiya sisteminin mərkəzi və ehtiyat avadanlıq kompleksi sahibin nəzarəti altında fəaliyyət göstərir.

4.5. İnformasiya sisteminin şəbəkə infrastrukturunu kommunikasiya avadanlığı və mühafizə olunan telekommunikasiya kanalları təşkil edir.

5.1. Məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin vaxtında müəyyən edilməsi və ehtimal olunan təhdidlərin qarşısının alınması məqsədilə informasiya sistemi xüsusi mühafizə sistemləri və proqram təminatları ilə təmin edilir və həmin mühafizə sistemləri və proqram təminatları mütəmadi olaraq təkmilləşdirilir.

5.2. İnformasiya sistemində məlumatların işlənilməsi zamanı proqram-texniki vasitələrin işinin pozulmasına gətirib çıxaran təsirlərə yol verilməməlidir.

5.3. Sahib informasiya sisteminə qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsini, informasiya sistemində mövcud olan məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin, qanunsuz yayılmasının qarşısının alınmasını təmin edir.

5.4. İnformasiya sistemi üzrə məlumatların təhlükəsiz şəkildə daxil edilməsi, sistemləşdirilməsi, saxlanılması, istifadəsi, dəyişdirilməsi, ləğv edilməsi və bərpası üçün mühafizə vasitələri texniki tələblərə uyğun olmalıdır.

5.5. İnformasiya sisteminə daxil edilən məlumatların etibarlılığının və təhlükəsizliyinin təmin olunması məqsədilə informasiya sisteminin istifadəçiləri və iştirakçıları gücləndirilmiş elektron imza vastəsilə eyniləşdirilir.

5.6. İnformasiya sisteminin istifadəsi prosesində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq informasiyanın mühafizəsinə dair tələblərə riayət edilməlidir.

6.1. İnformasiya sistemi vasitəsilə aşağıdakılar təmin edilir:

6.1.1. informasiyanın toplanılması, emalı, dəyişdirilməsi, ləğv edilməsi, bərpası, axtarışı və təhlili;

6.1.2. informasiya sistemindən eyni zamanda çoxsaylı istifadəçilərin istifadə etməsinin mümkünlüyü;

6.1.3. fasiləsiz fəaliyyətinin təmin edilməsi;

6.1.4. məlumatların və məlumat kanallarının mühafizəsi;

6.1.5. informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların və proqram-texniki vasitələrin tətbiqi;

6.1.6. informasiya sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən məlumatların toplu və ayrı-ayrılıqda göndərilməsi, geri qaytarılmış məlumatların qəbulu, ləğv edilməsi və bərpa edilməsi;

6.1.7. mübadilə əməliyyatlarının axtarışının fiziki şəxslərin fərdi identifikasiya nömrəsi (FİN) və doğum tarixi, yaxud həmin şəxslərin doğum tarixi və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi əsasında aparılması;

6.1.8. Azərbaycan Respublikasından kənara xarici valyutanın köçürülməsi əməliyyatlarının axtarışının aşağıdakı məlumatlar əsasında aparılması:

6.1.8.1. fiziki şəxslərin fərdi identifikasiya nömrəsi (FİN) və doğum tarixi, yaxud həmin şəxslərin doğum tarixi və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;

6.1.8.2. hüquqi şəxs, onun filialı, nümayəndəliyi və hüquqi şəxs olmayan digər qurumların VÖEN-i, VÖEN-i olmadıqda adı və qeydiyyata alındığı ölkə;

6.1.8.3. müvafiq əməliyyatların aparılmasına əsas verən təsdiqedici sənədlərin tarixi və nömrəsi (Qaydalara əsasən belə sənədlərin əldə edilməsi tələb olunduqda);

6.1.9. informasiya sisteminin istifadəçiləri və iştirakçıları üçün elektron kabinetin və elektron məlumat sorğulama modulunun, müştərilər üçün məlumat pəncərəsinin yaradılması;

6.1.10. məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması.

7.1. İstifadəçilər tərəfindən informasiya sisteminə müştərilərin valyuta mübadiləsi əməliyyatları, eləcə də Azərbaycan Respublikasından kənara xarici valyutanın köçürülməsi əməliyyatları barədə bu Əsasnamənin 7.2-7.8-ci bəndlərində qeyd edilən məlumatlar təqdim edilir.

7.2. Qanunvericiliyə uyğun olaraq şəxsiyyəti təsdiq edən sənədin əldə edildiyi halda informasiya sisteminə fiziki şəxs olan müştərilərin (onların səlahiyyətli nümayəndələrinin) və hüquqi şəxs olan müştərilərin səlahiyyətli nümayəndələrinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və valyuta əməliyyatı fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar aparıldıqda VÖEN-i, FİN olmadıqda isə əlavə olaraq aşağıdakı məlumatlar daxil edilir:

7.2.1. soyadı, adı, atasının adı;

7.2.2. vətəndaşı olduğu ölkə(lər);

7.2.3. şəxsiyyətini təsdiq edən sənədin növü və nömrəsi;

7.2.4. qeydiyyatda olduğu ünvan.

7.3. İnformasiya sisteminə hüquqi şəxs, onun filialı, nümayəndəliyi və hüquqi şəxs olmayan digər qurum olan müştərilərin VÖEN-i, VÖEN-i olmadıqda aşağıdakı məlumatlar daxil edilir:

7.3.1. Adı, təşkilati-hüquqi forması;

7.3.2. qeydiyyata alındığı ölkə.

7.4. İnformasiya sisteminə valyuta mübadiləsi əməliyyatlarına dair aşağıdakı məlumatlar daxil edilir:

7.4.1. əməliyyatın icra saatı və tarixi;

7.4.2. valyutanı satan/alan valyuta nəzarəti agentinin və onun struktur bölməsinin adı və ünvanı;

7.4.3. valyutanın satış/alış forması (nağd/nağdsız);

7.4.4. valyutanın satış/alış üsulu (kassa/ödəniş terminalı/mobil tətbiq/internet saytı/digər);

7.4.5. satılan/alınan məbləğ və valyutası;

7.4.6. müştəri tərəfindən mübadilə edilən vəsaitin mənbəyini təsdiq edən sənədin adı, olduğu təqdirdə həmin sənədin tarixi və nömrəsi (qanunvericiliyə uyğun olaraq belə sənədin əldə edildiyi halda).

7.5. Bu Əsasnamənin 7.6-cı bəndində nəzərdə tutulan əməliyyatlar istisna olmaqla, informasiya sisteminə Azərbaycan Respublikasından kənara xarici valyutanın köçürülməsi əməliyyatlarına dair aşağıdakı məlumatlar daxil edilir:

7.5.1. əməliyyatın icra saatı və tarixi;

7.5.2. valyutanı köçürən valyuta nəzarəti agentinin və onun struktur bölməsinin adı və ünvanı;

7.5.3. əməliyyatın təyinat ölkəsi;

7.5.4. vəsait alanın adı;

7.5.5. vəsaiti köçürən şəxsin hesab nömrəsi (köçürmə hesab vasitəsilə həyata keçirildikdə);

7.5.6. əməliyyatın məbləği və valyutası;

7.5.7. əməliyyatın kanalı (SWIFT/sürətli pul köçürmə sistemi (adı göstərilməklə)/ digər (əlavə məlumat verilməklə);

7.5.8. Qaydaların əməliyyatın aparılması əsasını müəyyən edən müvafiq struktur elementi;

7.5.9. əməliyyatın aparılmasına əsas verən təsdiqedici sənədlərin adı, tarixi, nömrəsi;

7.5.10. əməliyyatın təyinatı;

7.5.11. əməliyyatın unikal istinad nömrəsi.

7.6. Qaydaların 4.3.8.3-cü yarımbəndinə müvafiq olaraq Azərbaycan Respublikasından kənara xarici valyutanın köçürülməsi əməliyyatlarına dair aşağıdakı məlumatlar informasiya sisteminə daxil edilir:

7.6.1. əməliyyatın icra saatı və tarixi;

7.6.2. valyutanı köçürən valyuta nəzarəti agentinin və onun struktur bölməsinin adı və ünvanı;

7.6.3. əməliyyatın məbləği və valyutası;

7.6.4. Qaydaların əməliyyatın aparılması əsasını müəyyən edən müvafiq struktur elementi;

7.6.5. əməliyyatın unikal istinad nömrəsi.

7.7. Xarici valyutanın Azərbaycan Respublikasından kənara köçürülməsi mal və (və ya) xidmətlərin idxalı ilə əlaqədar olduqda (bu Əsasnamənin 7.8-ci bəndində qeyd olunan hal istisna olmaqla), informasiya sisteminə bu əməliyyat üzrə təsdiqedici sənədlərə dair aşağıdakı məlumatlar daxil edilir:

7.7.1. bəyannamənin tipi (mal idxal olunduğu halda), nömrəsi və tarixi;

7.7.2. malı (xidməti) göndərənin (təqdim edənin)/ixracatçının adı;

7.7.3. malı (xidməti) qəbul edənin/idxalatçının adı;

7.7.4. malı (xidməti) təqdim edən ölkə;

7.7.5. idxal olunmuş malın (xidmətin) adı və malın kodu;

7.7.6. idxal əməliyyatına əsas verən sənəddə nəzərdə tutulan malın (xidmətin) ümumi dəyəri;

7.7.7. qabaqcadan ödənilən vəsaitlər (avans) müqabilində idxal olunmuş malın (xidmətin) dəyəri, onun valyutası və ABŞ dolları ekvivalentindəki dəyəri.

7.8. Azərbaycan Respublikasından kənara köçürülən qabaqcadan ödənilən vəsaitlər (avans) geri qaytarıldıqda informasiya sisteminə aşağıdakı məlumatlar daxil edilir:

7.8.1. geri qaytarılmanın tarixi;

7.8.2. geri qaytarılmış vəsaitin valyutası və onun ABŞ dolları ekvivalentindəki dəyəri;

7.8.3. geri qaytarılma əməliyyatının unikal istinad nömrəsi.

8.1. İnformasiya sistemi sahibinin istifadəçinin (iştirakçının) informasiya sistemindəki məlumatlara (elektron kabinetə) giriş hüququnu aşağıdakı hallarda dayandırmaq hüququ vardır:

8.1.1. informasiya sisteminə qeyri-qanuni daxilolma və ya müdaxilə cəhdləri baş verdikdə;

8.1.2. valyuta əməliyyatlarının həyata keçirilməsi fəaliyyəti Mərkəzi Bank tərəfindən dayandırıldıqda.

8.2. İnformasiya sistemi sahibinin aşağıdakı vəzifələri vardır:

8.2.1. informasiya sistemində istifadəçilərin, iştirakçıların və müştərilərin qeydiyyatını aparmaq və onlara bu Əsasnamədə nəzərdə tutulmuş qaydada informasiya sisteminə çıxış imkanlarını təmin etmək;

8.2.2. informasiya sistemindəki məlumatların aktuallığını, etibarlılığını, mühafizə edilməsini, habelə onların ehtiyat surətlərinin, həmçinin qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq məqsədilə sahibinin, istifadəçinin, iştirakçının və müştərinin sistemə girişi, eləcə də məlumatların daxil edilməsi, dəyişdirilməsi və ləğv edilməsi barədə məlumat tarixçələrinin (loqların) saxlanılmasını və qorunmasını təşkil etmək;

8.2.3. müştərinin sorğusu əsasında informasiya sistemində onun barəsində olan məlumatlara çıxış imkanını təmin etmək;

8.2.4. bu Əsasnaməyə uyğun olaraq informasiya sisteminin fasiləsiz fəaliyyətini təmin etmək, o cümlədən sistem vasitəsilə dayanıqlı məlumat mübadiləsini təşkil etmək, məlumatların informasiya sisteminə tam və vaxtında ötürülməsinə və həmin məlumatların əldə edilməsinə qanunla müəyyən edilmiş hədlərdə nəzarət etmək;

8.2.5. informasiya sisteminin funksiyaları və onlardan istifadə qaydaları barədə iştirakçıları və istifadəçiləri məlumatlandırmaq, zəruri təlimatlandırma işləri aparmaq, onlara metodiki kömək göstərmək, iştirakçılarda və istifadəçilərdə yaranmış çətinlikləri təxirəsalınmadan araşdırmaq və həll etmək, iştirakçıların bu sahədə mütəmadi bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər təşkil etmək;

8.2.6. informasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, saxlanılmasını, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlərin aparılmasını təşkil etmək və onlara nəzarəti həyata keçirmək;

8.2.7. informasiya sistemində mövcud olan məlumatların təhlükəsizliyi ilə bağlı təşkilati və texniki tədbirlər görmək;

8.2.8. informasiya sisteminin fəaliyyəti üzrə hər hansı bir qəza (xəta) baş verdiyi və ya informasiya sisteminin fəaliyyətində fasilə yarandığı halda informasiya sisteminin iştirakçılarını bu barədə məlumatlandırmaq;

8.2.9. informasiya sistemində mövcud olan məlumatların tamlığını, təhrifolunmazlığını, əlçatanlığını və konfidensiallığını (məxfiliyini) təmin etmək;

8.2.10. bu Əsasnamənin 11.1.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda müştəridən məlumat daxil olduqda növbəti iş günündən gec olmayaraq istifadəçiyə həmin məlumatların yoxlanılması və nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi üçün müraciət etmək;

8.2.11. informasiya sisteminin fəaliyyətini bu Əsasnamənin tələblərinə uyğun təşkil etmək, onun formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına, arxivləşdirilməsinə, dayanıqlı və etibarlı fəaliyyətinin təmin edilməsinə nəzarət etmək;

8.2.12. informasiya sisteminin fəaliyyətinin dayanma hallarının qeydiyyatını və baş verən xətaların təhlillərini aparmaq;

8.2.13. informasiya sisteminin məlumat bazasının mütəmadi optimallaşdırılmasını təşkil etmək;

8.2.14. informasiya sistemindəki dəyişdirilmiş və ya ləğv olunmuş məlumatların dərhal bərpa edilə bilməsi imkanını təmin etmək;

8.2.15. informasiya sisteminin məlumat bazasının ehtiyat nüsxəsinin müəyyənləşdirilmiş qaydada saxlanılmasını təmin etmək;

8.2.16. müəyyən edilmiş qrafik üzrə, eləcə də zərurət əsasında informasiya sisteminin yerləşdiyi server və şəbəkə avadanlığına profilaktik baxış keçirilməsini təmin etmək, aşkar olunmuş nasazlıqların aradan qaldırılmasını təmin etmək;

8.2.17. sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini və yenilənməsini, habelə təkmilləşdirilməsi üzrə profilaktik işlərin görülməsini təmin etmək.

9.1. İnformasiya sistemi istifadəçilərinin aşağıdakı hüquqları vardır:

9.1.1. informasiya sistemindən elektron qaydada istifadə etmək;

9.1.2. informasiya sisteminin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

9.1.3. informasiya sistemindəki məlumatlardan özünün istifadə halları barədə məlumatı əldə etmək.

9.2. İnformasiya sistemi istifadəçilərinin aşağıdakı vəzifələri vardır:

9.2.1. bu Əsasnamənin 7.2-7.6-cı bəndlərində qeyd olunan məlumatların banklara, xarici bankların yerli filiallarına və poçt rabitəsinin milli operatoruna münasibətdə real vaxt rejimində (valyuta əməliyyatının aparılmasına dair məlumatın onların əməliyyat sisteminə daxil edilməsi anında), valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərə münasibətdə valyuta mübadiləsi əməliyyatı aparıldığı vaxtdan 15 (on beş) dəqiqə ərzində, bu Əsasnamənin 7.7-ci və 7.8-ci bəndlərində qeyd olunan məlumatların isə xarici valyutanın köçürülməsi əməliyyatlarına dair təsdiqedici sənədlər valyuta nəzarəti agentinə təqdim olunduğu gün ərzində informasiya sisteminə təqdim olunmasını təmin etmək;

9.2.2. informasiya sisteminə məlumatları daxil etməyə səlahiyyəti olan iştirakçıları təyin etmək və buna dair məlumatı sahibə təqdim etmək, habelə bu Əsasnamənin 10.2-ci bəndi ilə müəyyən edilmiş vəzifələrin iştirakçılar tərəfindən icrasına nəzarət etmək;

9.2.3. müştərinin və (və ya) sahibin sorğusu əsasında ən geci 7 (yeddi) iş günü (üçüncü şəxsə müraciət etmək zərurəti yarandıqda isə əlavə 7 (yeddi) iş günü) ərzində informasiya sistemində müştəri barədə məlumatların yoxlanmasını, həmin məlumatlarda uyğunsuzluq aşkar edildikdə, bu Əsasnamənin 10.2.2-ci yarımbəndində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini və yoxlamanın nəticələri barədə müştəriyə məlumat verilməsini təmin etmək.

10.1. İnformasiya sistemi iştirakçılarının aşağıdakı hüquqları vardır:

10.1.1. istifadəçinin hüquqları çərçivəsində bu Əsasnamə ilə müəyyən edilmiş qaydada informasiya sistemindən istifadə etmək;

10.1.2. informasiya sisteminə daxil etdikləri məlumatları yoxlamaq və həmin məlumatları əldə etmək.

10.2. İnformasiya sistemi iştirakçılarının aşağıdakı vəzifələri vardır:

10.2.1. informasiya sisteminə məlumatları bu Əsasnamənin 9.2.1-ci yarımbəndində nəzərdə tutulmuş qaydada daxil etmək, bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;

10.2.2. informasiya sisteminə daxil etdikləri məlumatlarda uyğunsuzluqlar aşkar olunduqda dərhal dəyişikliklər aparmaq və ya onları ləğv etmək, səbəbləri göstərilməklə bu barədə istifadəçinin rəhbərliyinə yazılı məlumat vermək;

10.2.3. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;

10.2.4. informasiya sisteminin fəaliyyətini ləngidən, ona zərər vuran və ya onun fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək;

10.2.5. informasiya sistemindən məlumatları əldə etmək və əldə edilən məlumatlardan yalnız valyuta nəzarəti məqsədi üçün istifadə etmək;

10.2.6. informasiya sistemindən istifadə zamanı məlumatların kənar şəxslər tərəfindən oxunmasına imkan verməmək və həmin məlumatların qanunla müəyyən edilmiş qaydada konfidensiallığını qorumaq;

10.2.7. informasiya sisteminə daxil olmağa imkan verən gücləndirilmiş elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) pozmamaq;

10.2.8. məlumatların mühafizəsi ilə bağlı tədbirlərin yoxlanılmasını həyata keçirən səlahiyyətli şəxslərə maneələr yaratmamaq.

11.1. Müştərilərin aşağıdakı hüquqları vardır:

11.1.1. özləri barəsində informasiya sistemində olan məlumatı əldə etmək;

11.1.2. informasiya sistemində özləri barədə məlumatlardan istifadə halları barədə məlumatı əldə etmək;

11.1.3. informasiya sistemində özləri barədə məlumatlarda uyğunsuzluq aşkar etdikdə bu barədə sahibə məlumat vermək və/və ya informasiya sisteminin istifadəçisindən müvafiq məlumatlarda dəyişiklik aparılmasını və ya ləğv edilməsini tələb etmək.

11.2. Qanunun 16-1.3-cü maddəsinə uyğun olaraq informasiya sistemində məlumatların toplanılması və işlənilməsi üçün müştərinin razılığı tələb olunmur, onlar məlumatların bu sistemdə toplanılması və işlənilməsinə etiraz edə və oradakı məlumatların məhv edilməsini tələb edə bilməzlər.

Bu Əsasnamənin 7-ci hissəsinə uyğun olaraq informasiya sisteminə təqdim edilən məlumatların doğruluğu sorğu əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət informasiya sistemləri və ehtiyatlarından (inteqrasiya təmin olunduğu halda) əldə edilərək yoxlanılır.

13.1. İnformasiya sisteminin məlumat bazasından iştirakçı üçün istifadəyə buraxılış həddi istifadəçilərin müraciəti əsasında müəyyən edilir.

13.2. İnformasiya sisteminə daxil edilən məlumatlar dolğun olmalı, zəruri xanalar tam doldurulmalıdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq məlumatların əldə edilməsi tələb edilmədikdə həmin xanaların doldurulması məcburi deyildir.

13.3. Məlumatlar informasiya sisteminə Azərbaycan Respublikasının dövlət dilində daxil edilir.

14.1. İnformasiya sistemindən istifadə elektron kabinet və/və ya elektron məlumat sorğulama modulu vasitəsilə həyata keçirilir.

14.2. İştirakçılar informasiya sistemindən gücləndirilmiş elektron imza ilə eyniləşdirildikdən sonra elektron kabinet və/və ya elektron məlumat sorğulama modulu vasitəsilə istifadə edə və bu Əsasnamə ilə müəyyən edilmiş digər əməliyyatları həyata keçirə bilərlər.

14.3. Müştərilər Mərkəzi Bankın Elektron xidmətlər portalında Vahid Giriş Sistemi (“ASAN login”) ilə eyniləşdirildikdən sonra informasiya sistemindən müştərilər üçün məlumat pəncərəsi vasitəsilə özlərinə dair valyuta əməliyyatları barədə məlumatları əldə edə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver