13-1.1. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs (bundan sonra – ərizəçi) lisenziyanın alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Banka ərizə ilə müraciət edir. Ərizənin forması Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
13-1.2. Ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:
13-1.2.1. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
13-1.2.3. ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti;
13-1.2.4. ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
13-1.2.5. rezident hüquqi şəxsin nizamnaməsinin (qeyri-rezident hüquqi şəxsin filialının əsasnaməsinin) notariat qaydasında təsdiq olunmuş surəti;
13-1.2.5-1. qeyri-rezident hüquqi şəxsin nizamnaməsinin, filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının qərarının, qeyri-rezident hüquqi şəxsin ən azı son üç maliyyə ili (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatının və auditor rəyinin qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış surəti;
13-1.2.6. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi (Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi halları istisna olmaqla) olmaması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış;
13-1.2.7. təsisçinin (təsisçilərin) (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması haqqında məlumat.
Təsisçi (hüquqi şəxs olduqda icra orqanının rəhbəri) əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
13-1.2.7-1. təsisçi hüquqi şəxs olduqda – onun adını, ünvanını, kommersiya fəaliyyətinin növünü, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor rəyini göstərən məlumat və sənədlər, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti, təsisçi xarici hüquqi şəxs olduqda isə əlavə olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış, onların yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə (əsasnamə), ən azı son üç maliyyə ili (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
13-1.2.7-2. təsisçi fiziki şəxs olduqda – onun soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını, daimi yaşayış yerini, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, təsisçi əcnəbi olduqda (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilər istisna olmaqla) isə əlavə olaraq rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatlarının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar;
13-1.2.7-3. təsisçi xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda – bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslər olduqda bu barədə məlumat;
13-1.2.8. bu Qanunun 13-10.1-ci maddəsinə əsasən müəyyən olunmuş girov məbləğinin ödənilməsi barədə bank sənədi;
13-1.2.8-1. nizamnamə (şərikli) kapitalının miqdarı, nizamnamə (şərikli) kapitalında hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatlar və sənədlər;
13-1.2.8-2. bu Qanunun 13-10.10-cu maddəsinə əsasən müəyyən edilmiş minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi barədə bank sənədi;
13-1.2.8-3. Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi formada iştirakçılar arasında münasibətlər və benefisiar mülkiyyətçi (mülkiyyətçilər), o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
13-1.2.8-4. mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin) və idarəetmə funksiyalarını yerinə yetirən şəxslərin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, həmin şəxslər əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
13-1.2.9. bu Qanunun 3-cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulan tələblərə əməl edilməsi barədə təsdiqedici sənədlər.
13-1.3. Ərizə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilir və həmin gün qeydiyyata alınır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ən geci 3 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməli və ya bu barədə məlumatı sifarişli poçt göndərişi vasitəsilə ona göndərməlidir.
13-1.4. Bu Qanunun 13-1.2-ci maddəsində nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
13-1.5. Lisenziya alınması üçün müraciətə baxarkən Azərbaycan Respublikasının Mərkəzi Bankı ərizəçinin nizamnamə (şərikli) kapitalında pay sahiblərinin, benefisiar mülkiyyətçilərinin maliyyə vəziyyəti və nizamnamə (şərikli) kapitalının mənbəyi barədə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Azərbaycan Respublikası Mərkəzi Bankının sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.
13-1.6. Bu Qanunun 13-1.5-ci maddəsi valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsdə sonradan mühüm iştirak payını əldə etmək istəyən və benefisiar mülkiyyətçi olan şəxslərə də şamil edilir.
13-1.7. Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Azərbaycan Respublikası Mərkəzi Bankının sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir.