I. Bu qanunun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində əcnəbi vəkillər tərəfindən hüquqi yardım göstərilməsi yalnız əcnəbinin mənsub olduğu dövlətin qanunları və ya beynəlxalq hüquq normalarının tətbiqinə dair verilən məsləhət və rəylərlə məhdudlaşır.
II. Azərbaycan Respublikası ərazisində əcnəbi vəkillər mülki işlər, cinayət işləri, inzibati və kommersiya mübahisələrinə dair işlər, inzibati xətalar haqqında işlər üzrə məhkəmə icraatına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq qarşılıqlı münasibətlər əsasında buraxılır.
Keçİd müddəaları
I. Bu Qanunun Keçid müddəalarının qüvvəyə mindiyi günədək mövcud olan Vəkillər Kollegiyasının üzvü olan şəxslərin və pullu hüquqi xidmət göstərmək üçün xüsusi razılığı (lisenziyası) olan şəxslərin, vəkilliyə namizədlər üçün tələblərə cavab vermək şərti ilə, peşə yararlığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanını vermədən yeni Vəkillər Kollegiyasını təsis etmək hüququ tanınır.
II. Bu Qanunun Keçid müddəalarının qüvvəyə mindiyi gündən üç ay müddətində yeni Vəkillər Kollegiyasını təsis etmək hüququ tanınmış şəxslərin ən azı üçdə ikisinin iştirakı ilə yeni Vəkillər Kollegiyasının təsis yığıncağı keçirilir, həmin Kollegiya təsis olunur, onun Rəyasət Heyətinin sədri, sədr müavinləri və digər üzvləri seçilir və İntizam Komissiyası yaradılır.
III. Yeni Vəkillər Kollegiyasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, habelə təsis yığıncağının hazırlanması və keçirilməsi məqsədi ilə mövcud Vəkillər Kollegiyasının 3 üzvündən və pullu hüquqi xidmət göstərmək üçün xüsusi razılığı (lisenziyası) olan 3 şəxsdən ibarət təşkilat komitəsi yaradılır. Təşkilat komitəsinin üzvləri olacaq pullu hüquqi xidmət göstərmək üçün xüsusi razılığı (lisenziyası) olan 3 şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
IV. Yeni Vəkillər Kollegiyasının təsis yığıncağı keçirildikdən sonra:
Yeni Vəkillər Kollegiyası, onun Rəyasət Heyəti və İntizam Komissiyası fəaliyyətə başlamış hesab edilir, bu Qanunun Keçid müddəalarının qüvvəyə mindiyi günədək mövcud olan Vəkillər Kollegiyasının fəaliyyətinə isə xitam verilir;
20 gün müddətində bu Qanunda nəzərdə tutulmuş qaydada vəkillərin andiçmə mərasimi keçirilir. Bu Qanunun Keçid müddəalarının I hissəsində nəzərdə tutulmuş şəxslər Vəkillər Kollegiyasının üzvləri adlandırılır və bu Qanunla müəyyən olunmuş vəkil statusunu əldə edirlər.
V. Yeni Vəkillər Kollegiyasının təsis yığıncağının keçirilməsi tarixindən üç ay müddətində vəkil olmaq arzusunda olan şəxslər üçün peşə yararlığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanı keçirilir.
VI. Yeni Vəkillər Kollegiyasını təsis etmək hüququ tanınmamış pullu hüquqi xidmət göstərmək üçün xüsusi razılıq (lisenziya) almış bütün şəxslər, vəkilliyə namizədlər üçün tələblərə cavab vermək şərti ilə, ixtisas imtahanını vermədən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən yeni Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunurlar.
VII. Bu Qanunun Keçid müddəaları qüvvəyə mindiyi günədək mövcud olan Vəkillər Kollegiyasının bütün hüquq və vəzifələri, mülkiyyətində və istifadəsində olan əmlak yeni yaranmış Vəkillər Kollegiyasına keçir.
VIII. Bu Qanunun 11-ci maddəsinin II hissəsinin üçüncü cümləsi yeni Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinə şamil olunur.