Qanunvericilik › Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları

Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir.

II. Vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir.

III. Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış yazılı müqavilə əsasında həyata keçirilir.

IV. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir.

Müraciət etmiş şəxs müqavilə şərtləri əsasında vəkilə həvalə edilmiş tapşırığı qabaqcadan xəbərdarlıq etmədən məhdudlaşdıra və ya geri götürə bilər.

Bu Qanunun 20-ci maddəsində göstərilən qaydada müraciət etmiş şəxs təyin olunmuş vəkildən istənilən vaxt imtina edə və özünün seçdiyi digər vəkillə müqavilə bağlaya bilər.

V. Vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) müəyyən etdiyi qaydalara əsasən yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər. Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir.

Vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkillər tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətlərini əlaqələndirən qeyri-kommersiya hüquqi şəxsdir.

VI. Bu maddənin V hissəsinin birinci abzasında müəyyən edilmiş qaydalara uyğunluğu Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə təsdiqlənmiş vəkil qurumu seçilmiş təşkilati-hüquqi forma üzrə dövlət qeydiyyatından keçdikdən sonra fəaliyyətə başlayır. Bu qurumun təsisçiləri yalnız vəkillər olmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver