Vətən uğrunda həlak olanların dəfn (yenidən dəfn) mərasimi əsgəri ehtiram göstərmək və dini ayinlər icra etməklə aparılır.
Həlak olanların tapılmış cənazələrinin dəfn olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən özünüidarə və hərbi idarə orqanları cəlb olunmaqla təşkil edilir.
Digər dövlətlərin hərbi qulluqçularının dəfn olunmamış cənazələri aşkar edildikdə həmin dövlətlərin müvafiq təşkilatlarına məlumat verməklə dəfn (yenidən dəfn) təşkil edilir.
Həlak olanların cənazələrinin yenidən dəfni onların qohumlarının xahişi ilə, yaxud xüsusi dövlət əhəmiyyətli işlər görülərkən və ya qəbrin yerləşdiyi ərazinin coğrafi şəraiti zəruri abadlaşdırma və qorunma tədbirlərinin görülməsinə imkan vermədiyi hallarda həyata keçirilir.
Həlak olanların cənazələrinin yenidən dəfni onların ailələrinə və ya qohumlarına məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yerinə yetirilir.
Hərbi əməliyyatların gedişində həlak olanların dəfn olunması hərbi nizamnamələrə, komandanlığın əmr və göstərişlərinə uyğun aparılır.