6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər.
6.2. Yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir.
6.3. Yazılı müraciətdə aşağıdakılar göstərilir:
6.3.1. müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla);
6.3.2. müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı;
6.3.3. müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı;
6.3.4. müraciət edən şəxsin müraciətin cavablandırılması üsuluna dair seçimi (elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə);
6.3.5. müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılması istənildiyi halda müraciət edən fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
6.3.6. müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan.
6.4. Müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3.1–6.3.3-cü, 6.5-ci və 6.8-ci maddələrinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır.
6.5. Kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır.
6.6. Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır.
6.7. Elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir, yaxud EHİS üzərindən təqdim olunur.
6.8. Elektron sənəd formasında göndərilən müraciət təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq olunmalıdır.
6.9. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.