“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 5 avqust 2020-ci il
1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü maddəsinə əsasən hazırlanmışdır və vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin müvafiq ixtisas üzrə kvalifikasiya standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (bundan sonra – qiymətləndirilmə və tanınma) məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydasını müəyyən edir.
1.2. Qiymətləndirilmə və tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən bu Qaydaya əsasən həyata keçirilir.
1.3. Qiymətləndirilmə və tanınmanın həyata keçirilməsi ödənişlidir. Bu Qaydaya uyğun olaraq Apelyasiya Komissiyasının qərarı ilə keçirilən təkrar qiymətləndirilmədə iştirak ödənişsizdir.
1.4. Qiymətləndirilmə və tanınma həyata keçirilən bilik, bacarıq, səriştə və təcrübə üzrə ixtisaslar əmək bazarının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na uyğun müəyyən edilir və bu barədə məlumat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) rəsmi internet səhifəsində yerləşdirilir.
1.5. Bu Qaydada istifadə olunan anlayışlar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə nəzərdə tutulmuş mənaları ifadə edir.
2.1. Qiymətləndirilmə və tanınma aşağıdakı mərhələlərdən ibarətdir:
2.1.1. müraciət edən şəxslərin qeydiyyatı;
2.1.2. qiymətləndirilmə və tanınma ilə bağlı sənədlərin qəbulu və ilkin baxışın aparılması;
2.1.3. bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi;
2.1.4. peşə ixtisasını təsdiq edən sənədin verilməsi.
3.1. Ümumi orta təhsil səviyyəsini ən azı 4 (dörd) il əvvəl və ya tam orta təhsil səviyyəsini ən azı 2 (iki) il əvvəl bitirərək, müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 (iki) il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar (bundan sonra – ərizəçi) qiymətləndirilmə və tanınma üçün Agentliyə müraciət edə bilərlər.
3.2. Qiymətləndirilmə və tanınma üçün müraciət elektron qaydada həyata keçirilir. Bu məqsədlə ərizəçi Nazirliyin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Qiymətləndirilmə və Tanınma” altsistemində (bundan sonra – altsistem) elektron ödəmə sistemi vasitəsilə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə ödəniş edir və elektron ərizəni doldurur. Ərizəçi sənədlərin qəbulu, imtahanların təşkili qaydaları, imtahan proqramı haqqında məlumatları altsistem vasitəsilə əldə edə bilər.
3.3. Qeydiyyatdan keçmiş hər bir ərizəçi üçün “Şəxsi kabinet” yaradılır və ərizədə göstərilən əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qiymətləndirilmə və tanınma ilə bağlı məlumatları (ərizənin cari statusu, qiymətləndirilmə və tanınmanın keçirilmə vaxtı, yeri və nəticəsi) “Şəxsi kabinet” vasitəsilə əldə edir.
4.1. Sənəd qəbulunu həyata keçirmək üçün ərizəçinin “Şəxsi kabinet”inə, təqdim olunacaq sənədlərin siyahısı, sənədlərin qəbulu tarixi və vaxtı barədə məlumat göndərilir.
4.2. Sənədlərin qəbulu zamanı ərizəçiyə qiymətləndirilmə və tanınma barədə ətraflı məlumat verilir, bilik, bacarıq, səriştə və təcrübənin müəyyən olunmasında, bu Qaydanın 4.4-cü bəndində nəzərdə tutulan materialların toplanılmasında onlara kömək edilir.
4.3. Sənəd qəbulu yekunlaşdıqdan sonra 10 (on) gün müddətində ərizəçinin “Şəxsi kabinet”inə ilkin baxışın aparılmasının başlanıldığı tarix, vaxt və müddət barədə məlumat göndərilir.
4.4. İlkin baxışın aparılması üçün müvafiq ixtisas üzrə bilik, bacarıq, səriştə və təcrübəni özündə əks etdirən aşağıdakı sənədlərin və materialların təqdim olunması tələb edilir:
4.4.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;
4.4.2. təhsil haqqında dövlət sənədinin surəti;
4.4.3. bilik, bacarıq, səriştə və təcrübəni əks etdirən sənədlər (fotoşəkillər);
4.4.4. bilik, bacarıq, səriştə və təcrübənin ərizəçi tərəfindən yazılı təsviri;
4.4.5. nümunələr (olduğu halda);
4.4.6. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti;
4.4.7. iş təcrübəsi haqqında arayış və müvafiq sertifikatlar (olduğu halda).
4.4-1. İlkin baxışın aparılması üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
4.5. İlkin baxış sənəd qəbulu yekunlaşdıqdan sonra 30 (otuz) gündən gec olmayaraq başlayır.
4.6. İlkin baxış ərizəçilərlə müsahibə və təqdim edilmiş sənədlərin (materialların) qiymətləndirilməsi mərhələlərindən ibarətdir. Müsahibə mərhələsində aşağıdakı məlumatlar əldə edilir:
4.6.1. müvafiq səriştə üzrə nəzəri və praktiki biliklərə dair məlumat;
4.6.2. bilik, bacarıq, səriştə və təcrübənin əldə olunması formasına dair məlumat;
4.6.3. bilik, bacarıq, səriştə və təcrübənin tətbiqi imkanları və müddətləri haqqında məlumat.
4.7. Təqdim edilmiş sənədlərin (materialların) qiymətləndirilməsi zamanı ərizəçinin müvafiq peşə ixtisası üzrə təqdim etdiyi sənədlər (materiallar) nəzərdən keçirilir, onların düzgünlüyü və tamlığı (bu Qaydanın 4.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) müəyyən edilir.
4.8. İlkin baxış ən geci 30 (otuz) gün müddətində aparılır. İlkin baxış üçün daha artıq müddət tələb olunduğu hallarda, həmin müddət Agentlik tərəfindən hər dəfə 30 (otuz) gün olmaqla, iki dəfə uzadıla bilər.
4.9. İlkin baxışın yekununda aşağıdakı qərarlardan biri qəbul edilir:
4.9.1. ərizəçinin növbəti mərhələyə buraxılması;
4.9.2. ərizəçinin növbəti mərhələyə buraxılmasından imtina edilməsi.
4.10. Ərizəçi növbəti mərhələyə buraxıldığı halda bu barədə onun “Şəxsi kabinet”inə bildiriş göndərilir. Bildirişdə bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi qaydası, şərtləri, forması, keçirilmə yeri və vaxtı barədə məlumat qeyd olunur.
4.11. Ərizəçi tərəfindən təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə, ərizəçi növbəti mərhələyə buraxılmır və imtina barədə əsaslandırılmış qərar onun “Şəxsi kabinet”inə göndərilir.
4.12. Bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi mərhələsinə buraxılmayan ərizəçi bu Qaydaya uyğun olaraq ilkin baxış üçün Agentliyə 3 (üç) aydan sonra təkrar müraciət edə bilər.
5.1. Bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi Qiymətləndirmə Komissiyası (bundan sonra – Komissiya) tərəfindən təşkil edilir.
5.2. Komissiyanın tərkibi sədr də daxil olmaqla 3 (üç) üzvdən – Agentliyin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və işəgötürənlərin nümayəndələrindən ibarət olmaqla, Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir. Agentliyin nümayəndəsi Komissiyanın sədri təyin olunur.
5.3. Komissiyanın bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsinə sahə üzrə müvafiq təhsilə malik və ixtisas üzrə ən azı 5 (beş) il iş təcrübəsi olan mütəxəssislər sırasından müstəqil ekspertlər cəlb etmək hüququ vardır.
5.4. Qiymətləndirilmə eyni vaxtda bir neçə modul üzrə aparıla bilər. Bununla bağlı qərar bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan ilkin baxışın nəticələrindən asılı olaraq Komissiya tərəfindən qəbul edilir və bu barədə məlumat əvvəlcədən ərizəçiyə onun “Şəxsi kabinet”inə göndərilməklə bildirilir.
5.5. Komissiya onun bütün üzvləri iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
5.6. Qiymətləndirilmə 30 (otuz) gündən çox olmayan müddətdə keçirilir.
5.7. Biliklərin qiymətləndirilməsi üçün müvafiq ixtisas üzrə test imtahanı keçirilir.
5.8. Test imtahanı kompüter vasitəsilə keçirilir. Müvafiq inzibati ərazi vahidinin infrastruktur təminatı test imtahanının kompüter vasitəsilə keçirilməsini mümkünsüz etdikdə, imtahan kağız daşıyıcılar vasitəsilə keçirilə bilər.
5.9. Ərizəçiyə hər bir modul üzrə 10 sual verilir və hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir.
5.10. Ərizəçiyə sualların cavablandırılması üçün 60 dəqiqə vaxt verilir. Əlilliyi olan şəxslərin imtahan vaxtına 15 dəqiqə əlavə olunur və onların imtahanda iştirakı üçün əlverişli şərait yaradılır.
5.11. Sualların 50 faizindən çoxunu düzgün cavablandıran ərizəçi bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi mərhələsinə buraxılır və bu barədə onun “Şəxsi kabinet”inə müvafiq məlumat göndərilir.
5.12. Biliklərin qiymətləndirilməsinin nəticələri elan olunduğu tarixdən etibarən 3 (üç) il müddətində qüvvədədir.
5.13. Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi müvafiq ixtisaslar üzrə təhsil proqramları (kurikulumlar) ilə müəyyən edilmiş modullar üzrə təlim nəticələrinin qiymətləndirilməsi meyarlarına (fikrin düzgün ifadə olunması, mövzunun əhatə edilməsi, ardıcıllığın düzgün qurulması, fiziki (əl) qabiliyyət və müvafiq metod, material, alət, vasitə və avadanlıqlardan istifadə bacarığı) uyğun həyata keçirilir.
5.14. Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi Komissiya tərəfindən tapşırıqvermə üsulu ilə həyata keçirilir.
5.15. Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi Agentlik tərəfindən müəyyən edilən və zəruri avadanlıqla, əyani və metodik vasitələrlə təmin edilmiş peşə təhsili müəssisələrinin təlim-istehsalat və təsərrüfat sahələrində, eləcə də işəgötürənlərin istehsalat bazasında keçirilir. İşəgötürənlərdə praktiki bacarıqların nümayiş olunacağı emalatxana və ya istehsal sahələrinə qoyulan tələb və standartlar Agentlik tərəfindən müəyyənləşdirilir, uyğunluğu təmin olunan müəssisə və təşkilatların siyahısı tərtib edilir. Bu barədə məlumat əvvəlcədən ərizəçiyə onun “Şəxsi kabinet”inə göndərilməklə bildirilir.
5.16. Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində tapşırığın ən azı 50 faizini düzgün icra edən ərizəçi “məqbul”, 50 faizindən az hissəsini düzgün icra edən ərizəçi isə “qeyri-məqbul” alır.
5.17. Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi zamanı ərizəçinin razılığı ilə videoçəkilişdən istifadə oluna bilər. Agentlik ərizəçinin imtahan sənədlərinin (o cümlədən imtahan qeydlərinin və videoçəkilişlərin) 5 (beş) il müddətində mühafizəsini təmin edir.
5.18. Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsinin nəticələri haqqında məlumat 5 (beş) iş günü müddətində ərizəçinin “Şəxsi kabinet”inə göndərilir.
5.19. Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində “qeyri-məqbul” nəticə göstərən ərizəçi istəyindən asılı olaraq, müvafiq peşə təhsili müəssisələrində təlim prosesinə yönəldilir.
5.20. Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində qeyri-məqbul nəticə göstərən ərizəçi eyni modul üzrə qiymətləndirilmə üçün Agentliyə 6 (altı) aydan sonra təkrar müraciət edə bilər.
6.1. Qiymətləndirilmənin nəticəsi məqbul olan şəxsə 5 (beş) iş günü müddətində peşə təhsili üzrə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan aşağıdakı sənədlər (bundan sonra – sənəd) verilir:
6.1.1. müvafiq ixtisas üzrə biliyi və həmin ixtisas üzrə təhsil proqramının (kurikulumun) ayrıca hissəsi olan modul təlimi üzrə bacarıq, səriştə və təcrübəsi qiymətləndirilərək, müvəffəqiyyətlə imtahandan keçmiş ərizəçiyə – sertifikat;
6.1.2. müvafiq ixtisas üzrə biliyi və həmin ixtisas üzrə təhsil proqramının (kurikulumun) bütün modulları üzrə bacarıq, səriştə və təcrübəsi qiymətləndirilərək, müvəffəqiyyətlə imtahandan keçmiş və sertifikatlar almış ərizəçiyə – diplom.
6.1-1. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə əldə edilmiş sənədin kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
6.1-2. Sənədin həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.
6.1-3. Sənəd Agentliyin İdarə Heyəti sədrinin (və ya sədr müvəqqəti olmadıqda, onun səlahiyyətlərini icra edən şəxsin) elektron imzası ilə təsdiq edilir.
6.1-4. Sənəd ərizəçi üçün yaradılmış “Şəxsi kabinet”də yerləşdirilir.
6.1-5. Sənəddə aşağıdakı məlumatlar əks olunmalıdır:
6.1-5.1. sənədin nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);
6.1-5.2. ərizəçinin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;
6.1-5.3. ərizəçinin əldə etdiyi peşə ixtisası üzrə məlumatlar:
6.1-5.3.1. ixtisasın adı;
6.1-5.3.2. ixtisasın kodu;
6.1-5.3.3. modulun adı (sertifikat verildiyi halda);
6.1-5.4. sertifikatın müvafiq ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün əsas sayıldığına dair qeyd (sertifikat verildiyi halda);
6.1-5.5. diplomun ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulduğuna və peşə təhsili səviyyəsinin növbəti pilləsində təhsili davam etdirmək və müvafiq ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayıldığına dair qeyd (diplom verildiyi halda).
6.1-6. Sənəddə bütün məlumatlar Azərbaycan dilində yazılır.
6.2. Ərizəçiyə verilən sertifikat ona ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir. Ərizəçiyə verilən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”na uyğun olaraq peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və ya ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.
7.1. Qiymətləndirilmə və tanınmanın nəticələri ilə bağlı ərizəçinin şikayətinə baxılması üçün Agentlik tərəfindən 3 (üç) nəfərdən ibarət Apelyasiya Komissiyası yaradılır. Apelyasiya Komissiyasının tərkibini Agentliyin İdarə Heyətinin sədri müəyyən edir. Agentliyin İdarə Heyətinin sədrinin müavini Apelyasiya Komissiyasına sədr təyin olunur. Apelyasiya Komissiyasının üzvləri Qiymətləndirmə Komissiyasının üzvləri olmayan şəxslərdən formalaşdırılır.
7.2. Ərizəçi Apelyasiya Komissiyasına “Şəxsi kabinet”i vasitəsilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müraciət edə bilər. Müraciətə 10 (on) iş günü müddətində baxılır və Apelyasiya Komissiyası üzvlərinin sadə səs çoxluğu ilə aşağıdakı qərarlardan biri qəbul edilir:
7.2.1. müraciət edən ərizəçinin təkrar qiymətləndirilməyə buraxılması barədə;
7.2.2. müraciət edən ərizəçinin təkrar qiymətləndirilməyə buraxılmasından imtina barədə.
7.3. Müraciət edən ərizəçinin şikayəti əsassız olduqda, onun təkrar qiymətləndirilməyə buraxılmasından imtina edilir.
7.4. Apelyasiya Komissiyasının qəbul etdiyi qərara dair bildiriş elektron formada 5 (beş) iş günü müddətində müraciəti edən ərizəçinin “Şəxsi kabinet”inə göndərilir.
7.5. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
1. 29 noyabr 2021-ci il tarixli 374 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 dekabr 2021-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1296)
2. 17 mart 2023-cü il tarixli 85 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 mart 2023-cü il, “Xalq” qəzeti, 19 mart 2023-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 435)
3. 13 mart 2024-cü il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 330)
4. 27 mart 2024-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 mart 2024-cü il, “Xalq” qəzeti, 29 mart 2024-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 353)
5. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)
6. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)